Şəkidə şagirdlər arasında kütləvi xəstəlik yayıldı

 

Şəkidə İnteqrasiya təlimli internat tipli gimnaziya 21 günlük karantin tətbiq edilib. Buna səbəb şagirdlər arasında yayılan qızılca xəstəliyidir. 2023-cü il 24 sentyabr tarixində gimnaziyada şagirdlərdən birində qızılca virusuna yoluxma halı qeydə alınıb və həmin şagird xəstəxanaya yerləşdirilib. Növbəti günlərdə eyni hal digər şagirdlərdə də müşahidə olunub və şagirdlər həkim müayinəsindən sonra xəstəxanaya yerləşdirilib. Gimnaziyada son yoluxma halı oktyabrın 11-də qeydə alınıb. Əldə olunan məlumata görə, qızılca xəstəliyi yayılmağa başlayan tarixdən son yoluxma gününə kimi 20-dən yuxarı şagirddə, bir tərbiyəçidə və bir texniki işçidə qızılcaya yoluxma qeydə alınıb. Gimnaziyada yoluxma qeydə alınan gündən Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfindən təhsil müəssisəsində lazımi dezinfeksiya işləri aparılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, gimnaziyada yoluxmaya səbəb qonşu rayondan gələn uşaqlar olub. Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən tərtib edilən akta əsasən gimnaziyada son yoluxma tarixindən 21 gün müddətinə karantin tətbiq olunub. Gimnaziya yeni şagird qəbulu və digər sakinlərin giriş-çıxışı üçün 21 gün müddətinə bağlanılıb. Yeni yoluxma halı qeydə alınmasa noyabrın 2-si karantin müddəti başa çatacaq, gimnaziyaya giriş-çıxış əvvəlki qaydalara uyğun bərpa ediləcək. Qeyd edək ki, Şəki İnteqrasiya təlimli internat tipli gimnaziyası şəhərin Yuxarı Baş adlanan tarixi mərkəzində yerləşir. Gimnaziya 150 şagird yerlikdir. Gimnaziyada Şəki ilə yanaşı qonşu Yevlax, Mingəçevir, Bərdə və digər rayonlardan olan imkansız ailələrin uşaqları təhsil alır.

Vüqar Heydərov,

Əhməd Fərruxoğlu,

APA TV, Şəki

Müəllif | Apa.Tv
Apa.tv