Şəmkirdə kütləvi zəhərlənmə, uşaqlar dönərdən zəhərləndi
Hadisə Şəmkir şəhərin 20 Yanvar küçəsində yerləşən dönərxanaların birində qeydə alınıb. 2015-ci il təvəllüdlü Renat Quluyev, 2015-ci il təvəllüdlü Cihat Cəlilov, 2015-ci il təvəllüdlü Zəhra Nadirova, 2015-ci il təvəllüdlü İpək Məmmədova, 2020-ci il təvəllüdlü Ruzi Məmmədov, 2014-cü il təvəllüdlü Asəf Məmmədli, 2017-ci il təvəllüdlü Banu Məmmədli, 2018-ci il təvəllüdlü Ömər Məmmədov, 2013-cü il təvəllüdlü Sunal İsgəndərov və 2008-ci il təvəllüdlü Aysu Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, uşaqlar dönər yedikdən sonra zəhərləniblər. TƏBİB-dən bildirilib ki, 12.02.2024-cü il tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, 13.02.2024-cü il tarixində isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib. Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Fuad Nazimoğlu, APA TV