Şərqə açılan yeni qapı - ZƏNGİLAN BEYNƏLXALQ HAVA LİMANINDAN XÜSUSİ REPORTAJ

Bu il aprel ayında təməli qoyulan Zəngilan Beynəlxalq Hava Limanı azad edilmiş torpaqlarımızda ikinci hava limanı kimi tikilib istifadəyə veriləcək.

 

Prezident İlham Əliyevin sözlərinə görə, Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır: “Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”.

 

Zəngilan hava Limanının qarşısındayıq. Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Artıq Zəngilanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayhan Satıcı ilə ikinci görüşümüzdür. Hava limanının əhəmiyyəti ilə bağlı ekspertin fikirlərini sizlərə təqdim edirik.

 

İİTKM-nin eksperti Ayhan Satıcı deyir ki, hava limanlarının Azərbaycan iqtisadiyyatında xüsusi bir yeri var: “Qarabağın işğaldan azad edilməsindən sonra sürətlə aparılan bu infrastruktur layihələrinin nəinki iqtisadi baxımdan, həmçinin geosiyasi və geoiqtisadi baxımdan, region ölkələri baxımdan da Azərbaycanın nüfuzunu artırmaqdadır. Postkonfilikt dövründə bu limanlarının rolu çox böyükdür”.

 

Limanın tikintisi üçün artıq əhəmiyyətli tədbirlər həyata keçirilir. Gördüyünüz kimi ərazi təmizlənir, eniş-uçuş zolağının açılması üçün tədbirlər görülür. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi uğurla gedir. Bu il Füzuli hava limanının uçuş-enmə zolağı istismara veriləcəkdir. Beləliklə, biz bu il ilk təyyarələri Füzulidə qəbul edə biləcəyik. Ardınca Zəngilan, strateji əhəmiyyətə malik Laçın Hava Limanının da tikintisinə başlanılacaq .

 

Ayhan Satıcının sözlərinə görə, ən başlıcası nəqliyyat logistika baxımından bu limanların bərpa olunması xüsusi yer tutur: “Aparılan quruculuq layihələrinin bərpa prosesinin sürətlənməsinə gətirib çıxarır. Qarabağın inkişaf strategiyasına görə burda olacaq turizm, aqroparklar, aqrobiznes, kənd təsərrüfatı layihələrə də öz müsbət təsirini göstərəcək. Bu ağırlıq mərkəzlərinin birləşdirilməsində Füzuli və Zəngilanda inşa edilən hava limanlarının özünəməxsus rolu olacaq”.

 

Uçuş-enmə zolağı üç kilometr olacaq hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etməyə qadir olacaq.

 

Ayhan Satıcının sözlərinə görə, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var.

 

Mütəxəssis deyir ki, Zəngilanda Hava Limanın tikilib istifadəyə verilməsi eyni zamanda Azərbaycan üçün şərqə yeni qapı açacaq. Belə ki, Zəngəzur dəhlizinin açılması növbəti tarixi nailiyyət olacaq və Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan bu nəqliyyat arteriyası nəinki region ölkələri, eyni zamanda geniş anlamda iqtisadi fəallığı təmin edəcək.

 

Bundan başqa, Azərbaycanın qədim tarixi torpaqları olan Zəngəzur, həm Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək, həmçinin regionda da böyük, möhtəşəm bir logistik habın yaradılmasına imkan verəcək.

 

Zəngilanın bütövlükdə təbiəti və təbii sərvətləri bu rayonu Azərbaycanın ən qabaqcıl rayonlarının birinə çevirmək üçün imkanlar verəcək.

 

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv