Sosial şəbəkələrdə miras dələduzluğu – Bu adamlar haradan idarə olunur?
Son günlər saxta hesablardan və ya nömrələrdən əksəriyyətimizə çoxsaylı mesajlar gəlir. Həmin şəxslər Azərbaycan dilində normal yaza bilməsələr də bəzilərimizi asanlıqla aldada bilirlər. Bu mesajlarda bir çox tanınmış şirkətlərin adından saxta yazılar, hətta insanlara miras təklifləri də yer alır. Mütəmadi olaraq, DİN vətəndaşları diqqətli olmağa çağırsa da, nə aldadanlar azalır, nə də aldananlar. Maraqlıdır, bu yazılar və kiber-hücumlar xarici ölkələrdən edilir, yoxsa VPN proqramlarının da bu addımlarda müəyyən payı var? Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz İT mütəxəssisi Fərhad Mirəliyev deyir ki, bu əməlləri həyata keçirənlər əksər hallarda xaricdə oturub mütəşəkkil cinayətkarlıqla məşğul olanlardır. Hətta Azərbaycan daxilində də əlbir olduqları şəxslər də var. Elektron Təhlükəsizlik Xidmətindən isə sorğumuza cavab olaraq bildirilib ki, vətəndaşlara son zamanlar ani mesajlaşma tətbiqləri üzərindən xarici nömrələrdən gələn dırnaqarası təkliflərin sayında artım qeydə alınıb. Göründüyü kimi, ən doğrusu rəsmi qurumların, xüsusilə də Daxili İşlər Nazirliyinin çağırışlarına əməl etmək, tövsiyələrini dinləməkdir. FİZZƏ İSMAYILOVA APA TV