Sumqayıt sakini çubuğa bənzəyən alətlərlə su tapır – Su tapan adam
İndiyə kimi çubuqla, çomaqla, v şəkilli tut ağacı budaqları ilə su, qızıl axtaran insanlar haqqında ya görmüsünüz, ya eşitmisiniz. Sumqayıtlı Münasib Cəfərov susuz kəndlərin və tarla sahiblərinin axtardığı ada çevrilib. Münasib Cəfərov qəribə “biolakator” adlandırdığı bu alətlərlə bir çox rayonda sakinlərə su tapmaqda kömək edib. Müsahibimiz deyir ki, çubuqları əlinə alıb yerdə gəzir. Çubuq su olan yeri sahibinə göstərdikdən sonra onun hansı dərinlikdə olduğunu müəyyənləşdirmək üçün o başqa üsullardan istifadə edir. Münasib kişinin işi bununla da bitməyib. O deyir ki, düzəltdiyi qurğuların içində insan axtarışında istifadə edilməsi mümkün olan qurğular da var. Bu çubuqlar vasitəsi ilə axtarışda olan birinin ölü, yoxsa diri olduğunu da bilmək olur. Müsahibimiz deyir ki, belə bir alət düzəltmək həvəsinə xaricdə olarkən düşüb. Ağacla qızıl axtaran adamları müşahidə etdiyi zaman həmin axtarışlarda suyun da tapıldığını görən müsahimib bu yolla insanlara kömək etmək qərarına gəlib. Dörd ildir bu işlə məşqul olan Münasib kişi bu alətləri necə hazırladığını sirr olaraq gizləyir. Münasib Cəfərovun geologiya üzrə əvvəlcədən hər hansı bir məlumatı olmasa da, şəxsi marağı onu bu sahəni öyrənmə sövq edib. Müsahibimiz işini inkişaf etdirib hazırladığı alətlərin patentini almaq niyyətindədir. Xədicə Səxavət, Əli Əliyev, APA TV