Sumqayıtda ata və anasını öldürən şəxs taksi sürücüsü işləyirmiş

Sumqayıtda ər ilə arvadın qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Ailənin qonşusu bildirib ki, qonşuları çox sakit adamlar olub. Oğul 44 günlük vətən müharibəsində iştirak edib. Taksi işləyirmiş. Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Xədicə Səxavət, Vüsal Qəmbərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv