Sumqayıtda bu əraziyə avtobuslar ya gəlmir, ya da sərnişinləri saatlarla gözlədir
Sumqayıt şəhəri ölkənin böyük şəhərlərindən olsa da, şəhərin daxili ictimai nəqliyyatla bağlı problemləri hələ də tam həllini tapmır. Şəhərdaxili problemlər bir qırağa, hər gün paytaxta təhsil almaq və işləmək üçün gedən sakinlər nə dəmiryol vağzalına vaxtında çata bilir, nə də evlərinə. Sakinlər günün ən pik saatlarında dəmiryol vağzalında yaşanan sıxlıq və avtobusların intervalından şikayətçidir. Vətəndaşlar bildirir ki, dəmiryol vağzalından evə getməyə Bakıdan Sumqayıta gəlmək üçün xərclədiklərindən daha çox vaxtları gedir. Çünki avtobuslar ya vaxtında gəlmir, ya da vağzalın önündə taksi və fərdi avtomobillərdən yaranan sıxlığa görə dayanacağa çatmamış dönüb qayıdır. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucov bildirdi ki, şəhərin mobillik planına əsasən marşrut sistemləri şəbəkəsinin optimallaşdırılması nəzərdə tutulub. Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirir ki, məsələnin həlli yolu dəmiryol vağzalının modul tipli nəqliyyat mübadilə mərkəzinə çevirlməsi ilə həll edilə bilər. Ekspert bildirib ki, əgər ardıcıl və məqsədyönlü iş görülərsə arzulanan effektin əldə edilməsi mümkündür.
Xədicə Səxavət, Əli Əliyev, APA TV