Sumqayıtda bu insanlar niyə maşın yolunun ortasına axışır?
Maşın yolunun düz ortası ilə hərəkət edən bu insanlar Sumqayıt sakinlərdir. Onların həyatlarını belə təhlükəyə atmasına səbəb isə bu şəhərin bir çox küçələrində səkilərin olmamasıdır. Nəinki şəhərin kənar küçələrində hətta mərkəzdə də eyni problem mövcuddur: Səkisiz küçələr... Yollar çəkilib, hər cür ticarət obyektləri tikilib, amma piyadaların hərəkəti üçün səkilər salınmayıb. Sumqayıt şəhər icra hakimiyyətinin sözçüsü Eyvaz Qocayev şəhərdə piyada səkilərinin yenidən qurulduğunu, piyada səkiləri olmayan küçələrdə isə, mərhələli şəkildə yenidənqurma işləri aparıldığını bildirir. Memar, şəhərsalma üzrə ekspert Aysel Hüseynova bildirir ki, şəhərsalmanın əsas prinsiplərindən biri insanyönümlü şəhərin qurulmasıdır. Sumqayıtda isə tək problem bəzi küçələrdə səkilərin olmaması deyil, var olan səkilər də ya standart ölçülərdən kiçikdir, ya da hansısa obyekt səkini bağlayıb. Ekspertlər həmçinin bildirirlər ki, dünya təcrübəsində səki ilə maşın yolu zolaqlarla ayrılır. Bu yalnız sağlam insanların deyil, həm də əlilliyi olan şəxslərin rahat hərəkətinin nəzərə alınması məqsədi daşıyır.
Xədicə Səxavət,
Əli Əliyev,
APA TV