Sumqayıtda qayınanasının evinə gedən gənc niyə öldürüldü?
Yanvarın 10-u gecə saat 02 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, 1983-cü il təvəllüdlü Quliyev Seymur Şahmar oğlu saxlanılıb. Ölən şəxsin qaynanası ilə danışmağa cəhd etsək də qapını açan olmadı. Qonşular isə Həsənalı Piriyevin sakit təbiətli insan olduğunu bildirirlər. İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, aparılan araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Araşdırmalar davam etdirilir.
Xədicə Səxavət, Əli Əliyev, APA TV