Sumqayıtın başlanğıcında – Taxta baraklarda həyat belədir

İkimərtəbəli baraklar. Taxtadan inşa olunan “fin evləri”. Əlvan rənglərlə boyanmış divarlar. Bura Sumqayıtın «İnşaatçılar» massividir. Bu evlər Sumqayıtın tikintisində iştirak edənlər üçün, İkinci Dünya müharibəsindən sonra tikilib. Çöldən baxanda xudmaniliyi, göz oxşayan rəngləri ilə diqqət çəkən bu evlərdə hələ də insanlar yaşayır. Qorxa-qorxa, evlərinin hər an başlarına uçacağını gözləyə-gözləyə. Hər evdə 4 ailə alt, 4 ailə üst mərtəbədə məskunlaşıb. Üstdəki qonşu evində gəzəndə aşağıda yaşayan ailə tavanın çökəcəyindən qorxur. Bu acınacaqlı vəziyyətdən bezib, evini tərk edib Sumqayıtda kirayə yaşamağa gedənlər də var. Əməkdar jurnalist Eyruz Məmmədov taxta evlərin bir vaxtlar Sumqayıtın başladığı yer olduğunu, şəhər inkişaf etdikcə bu ərazinin mərkəzdən uzaq qaldığını deyir. Sumqayıt şəhər icra hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, istismar müddətini başa vurmuş yaşayış evlərinin mərhələli şəkildə sökülərək yerində müasir yaşayış binalarının tikilməsi nəzərdə tutulub. Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində ümumilikdə 123 taxta ev var. Onlardan 23-ü barak tipli, 100-ü isə, taxta konstruksiyadan tikilmiş evlərdir. Bu evlərin hamısı artıq istismar müddətini başa vurub. Xədicə Səxavət, Əli Əliyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv