Tərtərdə iki məktəbin şagirdləri dalaşdı, biri öldü
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib. Hadisə Tərtər şəhər 2 saylı məktəb-liseyinin qarşısında qeydə alınıb. Mübahisədən qısa müddət sonra məktəblilərdən biri huşunu itirib. Huşunu itirən məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova baş verən dava haqqında məlumatlarının olmadığını deyib. Onun sözlərinə görə, məktəbin 10-cu sinif şagirdi tənəffüsə çıxıb və geri qayıtmayıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin Tərtər şəhər 5 saylı məktəbin şagirdi olduğu bildirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır. Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır.
Emin Babayev, Fəzail Səfərov, APA TV