Turistlər Qarabağa nə vaxt gedə biləcək? - REPORTAJ
Pandemiya səbəbilə az qalsın, bütün dünyada çöküş mərhələsinə qədəm qoymuş turizm sektoru Azərbaycanda da durğunluq dövrünü yaşayır. Ancaq 44 günlük İkinci Qarabağ Müharibəsi bir sıra sahələrin, o cümlədən, turizmin də gələcək inkişafına zəmin yaratdı.
APA TV xəbər verir ki, zəngin təbii sərvətlərə, ideal istirahət məkanları və müalicəvi bulaqlara sahib Qarabağ istər relyefi, hava kirliliyinin minimumda olması, istərsə də mədəni abidələri ilə dünyanın gəzib-görməli regionlarından biridir.
İqtisadi cəhətdən Ermənistanı dəfələrlə üstələyən Azərbaycanın bu regionla bağlı bir sıra planlarının olduğunu da nəzərə alsaq, deməli, turizm sektoru yaxın bir neçə ildə ölkə iqtisadiyyatının intibah dövrünü stimullaşdıra bilər. Bəs bu prosesin baş verməsi üçün hansı mərhələlərdən keçmək lazımdır?
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin sözlərinə görə, bir neçə şərtə əməl olunmalıdır ki, turizm həmin regionda inkişaf etsin: “Bu, təhlükəsizliyin təmin edilməsidir, yaşayışın təmin edilməsidir, yəni əhalinin ora qayıtmasıdır və əlbəttə ki, infrastrukturun yaradılmasıdır”.
Dövlət Turizm Agentliyi olaraq artıq bir neçə layihəyə start verdiklərini deyən Kənan Quluzadə qeyd edib ki, bu layihələrə müxtəlif səpkili maarifləndirici videoçarxlar hazırlamaq da daxildir. Lakin əsas hədəf bölgə üzrə bilgili və gənc bələdçilərin təşkilidir: “Xüsusi vebinar kurslara başlamışıq. Bilirsiniz ki, Azərbaycanda fəaliyyət göstərən bələdçilərin bir çoxu 20-40 yaş arasında olan insanlardır ki, onların əksəri Qarabağla tanış deyillər, o yerlərdə olmayıblar və s. Yəni ki, Qarabağı tanıyan adamlarla gələcəkdə Qarabağı turistlərə tanıdan adamlar arasında körpü yaradırıq və həmin hekayələri biz bərpa edirik ki, Qarabağa qonaqlar gələndə artıq onları xüsusi marşrutlarla bələdçilər gəzdirsinlər, onlara məlumat versinlər və s”.
Yalnız regionda təhlükəsizliyin təmin edilməsindən sonra tur paketlərindən danışmağın mümkünlüyünə diqqət çəkən Kənan Quluzadə deyir ki, potensial marşrut planlarına baş vermiş döyüşlərlə bağlı səhnəciklər və zəfər turları da daxildir.
Regionun detallı araşdırılmasına gəlincə, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyevin sözlərinə görə, proses artıq başlayıb, ancaq nəticələrin nə zaman hazır olacağı məlum deyil: “Qarabağ bölgəsində tarixi abidələrimizin sayına baxsanız, hazırkı məlumatlara görə müxtəlif alban kilsələri də daxil olmaqla doqquz yüzdən çox mədəni abidələrimiz var. Hansılar ki, mən bu barədə məlumat verə bilmirəm. O yerlərə gedilməli, baxılmalı, bərpa olunmalıdır. Çox ümidvaram ki, biz ora həmin turları 2020-2021-ci illərdə başlaya bilərik. Ancaq yenə də bir turizmçi kimi o yerləri görmək istədiyimiz səviyyəyə gətirmək üçün müəyyən qədər vaxt lazımdır”.
Sədrin sözlərinə görə, mövzu Qarabağdırsa, burada istənilən turistik mərkəzin qurulması mümkündür: “Orada hər bir turizm sahəsi barəsində danışmaq olar. İstər müalicəvi turizmdən, orada ondan çox mineral su yerləri var. Bilirsiniz ki, Sovetin vaxtında orada sanatoriyalar vardı, səhv etmirəmsə, birincisi 1928-ci ildə açılmışdı: “İstisu” sanatoriyası. Oranın təbiəti ilə bağlı deyəsi olsam, orada haykinq turları, Cip Safariləri təşkil etmək olar. İnfrastruktur yarandıqdan sonra otel bazaları da yaradıla bilər. İndiki gündə məlumdur ki, bu barədə danışmaq hələ tezdir”.
Belə görünür, zəfərlə yekunlaşan Qarabağ müharibəsi Azərbaycan iqtisadiyyatında yeni bir turizm cığırı açmağa doğru gedir.