Üç bacının bir qardaşı Suqovuşanda şəhid oldu - REPORTAJ

Vətənin bütövlüyü uğrunda mübarizə aparan, fəxr etdiyimiz oğulların sayı minlərlədir. Hər birinin döyüş yolu bir dastan, bir tarixdir.

 

APA TV xəbər verir ki, Səbuhi Əsədov da şanlı tariximizə imza atanlardandır. Əslən Cəbrayıl rayonundan olan igidimiz elə ata yurdunun müdafiəsi uğrunda ən uca zirvəyə-şəhidlik məqamına yüksəlib.

 

Anası Cahan Əsədovanın sözlərinə görə, 22 il Cəbrayılın gözəlliklərini dinləyib valideynlərindən. Bir vaxtlar ailəsinin məcburi çıxarıldığı torpaqlara əlində silahla qayıdıb: “Bu otaq onun otağı idi. Kompüterdə döyüş verilişlərinə baxırdı, deyirdim bala getdin Qarabağı aldın, deyirdi ana gün gələcək onu da edəcəyik. Bizim balalarımız dediyini elədilər. Qarabağı aldılar. Balalarımız bizim köçkünlük statusumuzu üstümüzdən götürdülər. Düzdü mən Cəbrayıldan bura gələndə Səbuhisiz gəlmişdim, çünki o hələ doğulmamışdı. İndi Cəbrayıla gedəndə də Səbuhisiz gedəcəm”.

 

Səbuhi Əsədov 19 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. 3 bacının yeganə qardaşı olan Səbuhi əslən Cəbrayıl rayonunun Hasanlı kəndindəndir. Suraxanı rayonundakı 85 saylı orta məktəbdə təhsil alan Səbuhi 2019-cu ilin iyulun 5-də vətənə borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Əvvəlcə Ballıqayada, daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissədə xidmətini keçdiyi zaman Vətən Müharibəsi başlayır. O zaman kəşfiyyat bölüyündə xidmət aparan əsgər Əsədovda döyüş yoldaşları ilə birgə cəbhənin Tərtər istiqamətində Talış və Suqovuşan uğrunda gedən döyüşlərə qatılır: “Mənə deməmişdi ki, döyüş bölgəsindədir. Məndən kim soruşurdu Səbuhi haradadır, deyirdim, narahat olmayın, Mingəçevirdədir. Elə gizlədib saxlayıb ki, biz bilməyək. Oktyabrın 3-4-də zəng vurdu gülə-gülə danışırdı mən yaxşıyam yerimdəyəm. Amma sonra bildik ki, ayın 3-də onlar ağır döyüşdən çıxıblar”.

 

Atası Azər Əsədovun sözlərinə görə, oğlu harada olduğunu ona da deməyib: “Mənlə danışanda dedim, bala, düzünü de, M - yəni Mingəçevirdəsən, ya T - Tərtərdə? Dedi, ata, narahat olma, M-dəyəm. Heç demə, həmin vaxt Madagizdə döyüşürmüş, mənə deməyib”.

 

Şəhid Səbuhi Əsədov ölümü ilə elə bir tarix yazdı ki, o tarixin hər səhifəsinə igidliyi, vətənpərvərliyi həkk olundu. Oktyabr ayının 8-nə kimi odun, alovun içindən alın açıqlığı ilə çıxan əsgər Əsədov Suqovuşan istiqamətində ağır döyüşlər zamanı düşmənin snayperinə tuş gəlir. Və canından çox sevdiyi vətəninin əbədi qəhrəmanına çevrilir: “Əsgər yoldaşları danışır ki, Səbuhi ermənilərdən bir dənə qranatomyot götürübmüş qənimət kimi. Bunlar döyüşən zaman erməni snayperi əsgərlərimizi izləyirmiş, qarşıya keçməyə imkan vermirmiş. Səbuhi deyib, mən qranatomyot atacam toz-duman olsun, keçək irəli. Birincini qalxıb atıb. Döyüş yoldaşları bundan istifadə edib mövqelərini dəyişiblər. İkincini qalxıb atanda snayper düz gözündən vurub. Güllə çölə çıxmamışdı. Elə bədənində qalmışdı”.

 

O gecə Səbuhnin şəhadəti anasına yuxuda əyan olub: “Həmin gecə mən yuxuda gördüm ki, məni dəmir darvazanın arasına qoyub sıxırlar. Bəlkə də elə həmin vaxt Səbuhim şəhid olubmuş, bizim burada xəbərimiz olmadı. Mən heç inanmazdım Səbuhi şəhid olar. Torpağı bizim balalarımız almalı idi. Cəbrayıl alınan gün dostlarına deyir sizi Cəbrayıla dəvət edirəm. Cəbrayılın oktyabrın 4-də alındığını bilib. Heyif ki, dörd gün sonra özü şəhid oldu. Görə bilmədi Cəbrayılı. İstədiyi qız var idi. Ona demişdi yanvarın 19-da ad günümdə gələcəm. Elçilik edib nişan taxarıq. Bir dostu vardı, o da yayda bitirirdi əsgərliyi, deyirdi o da bitirsin gəlsin, ondan sonra toy da edərik. Arzuları yarımçıq qaldı. Amma o təskinliyimdir ki, torpaqlarımız alındı. Bu əşyalar onun üstündən çıxmışdı şəhid olandan sonra. Dərman, yara bantı, qolbaq hörmüşdü. Birini özünə, birini də istədiyi qıza. Şəkilləri vardı, qeyd dəftərçəsi vardı üstündə”.

 

Övladının şəhid olma xəbərini 2 gün sonra alan ata deyir ki, elə həmin gün Səbuhinin cənazəsini qarşılamaq üçün Bərdəyə yollanıb: “Oktyabrın 11-də mən ora çatanda artıq tabuta qoyub bizi gözləyirdilər. Sonuncu dəfə baxdım övladımın üzünə. Elə bil yatmışdı. Deyirlər, şəhidlər ölmür. Bəli, Səbuhi baxmayaraq ki, iki gün, bəlkə də üç gün idi artıq şəhid olmuşdu, amma onun dodağının rəngi belə qaçmamışdı. Sadəcə sol gözünə güllə dəymişdi. Elə bil yatmışdı. Yollar açılanda, o torpaqlara getməyə icazə veriləndə ilk növbədə hara gedərsiniz? Böyüdüyünüz Cəbrayıla, yoxsa övladınızın qanı tökülən Suqovuşana? Suqovuşana! Mənə onun dostu Orxan dedi ki, Səbuhi şəhid olduğu yerin yuxarısında “vışka” var. Onun təsvir etdiyi yer artıq gözümdə canlanıb. Mən ora gedəndə gözüyumulu o yeri mütləq tapacam”.

 

Bacısı Sona Əsədova deyir ki, qardaşının toy xonçası üçün hər şeyi alıbmış: “Ona o qədər şeylər alıb yığmışdım. Bütün toy xonçası hazır idi. İndi deyirəm mən onları neynəyəcəm. Arzularımız çox idi. Bir bacı üçün çox çətindir. Özü də o 3 bacının tək qardaşı idi. Hamımızın arxası dayağı idi. Deyirlər, baladan şirin heç nə yoxdur, amma deyim ki, mənim üçün var - qardaş”.

 

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Səbuhi Əsədov da Vətəni yolunda gözünü qırpmadan canını verən şəhidlərimizdən oldu. Ölümündən sonra “Vətən uğrunda" və  “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif olunan qəhrəman Suraxanı rayon Şəhidlər Xiyabanında dəfn edilib. Ailəsi tərəfindən adının əbədiləşdirilməsi məqsədi ilə adına “Şəhid Səbuhi Əsədov” bulağı inşa edilib.

 

İlahə Vəliyeva,

Üzeyir Ağayev,

APA TV  

Müəllif | Apa.Tv
Apa.tv