Üç dəfə yaralansa da, yenidən döyüşlərə qatıldı və Şuşada şəhid oldu - REPORTAJ
Salyan rayonunun Cəngan kəndində Vətən Müharibəsinin şəhidi, Daxili Qoşunların baş çavuşu Anar Vəlizadənin onsuz keçən ilk doğum günü qeyd edilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Anar Afət oğlu Şəhid Vəlizadə 3 iyul 1994-cü ildə dünyaya gəlib.
Həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. Atası Afət Vəliyevin sözlərinə görə, Anar Vətən Müharibəsinin ilk günlərindən xüsusi təyinatlıların qrupunda Qarabağa yollanıb. Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Bir neçə dəfə yaralanmasına baxmayaraq, vətən eşqi onu yenidən döyüşlərə qaytarıb:
Şəhidin atası Afət Vəliyev deyir ki, sentyabrın 27-də müharibə başlayan kimi Anar da savaşa qatılıb: “Oktyabrın 7-də yaralandı. Kürək nahiyəsinə 3 dənə qəlpə girmişdi. İkisini çıxarmışdılar, biri qalmışdı. Özü deməmişdi, 16 oktyabrda xəbər tutdum getdim hospitala, söhbət elədim. Elə axırıncı dəfə onda, oktyabrın 16-da gördüm. Sol qolu tərpənmirdi. Dedim, nəyə ehtiyacın var? Dedi, ata, heç nəyə ehtiyacım yoxdur, ancaq torpaq və döyüş yoldaşlarımdan ötrü darıxıram. Dedim, sağal, sonra gedərsən. Geri döndüm, eşitdim ki, 3 gün sonra yaralı halda gedib cəbhənin Füzuli istiqamətinə. Müharibə şəraiti olduğuna görə çox əlaqə də saxlamaq olmurdu. İkinci dəfə Qubadlı istiqamətində ayağından güllə yarası alaraq yaralanmışdı. Hadrutda ona yardım göstərilmişdi. Sonra Şuşa uğrunda döyüşlərə qatıldı. Şuşada şəhid oldu ayın 9-u günü. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan əmisinə həmişə deyirdi ki, torpağı mən alacam, sübut edəcəm ki, torpaq bizimdir”.
İndi bu evdə şəhidimizin iki övladı - Fariz adlı oğlu, Fatimə adlı qızı böyüyür. Anası Zemfira xanımın dediyinə görə, Anar düşmənlə döyüşlərdə qəhrəmanlıq göstərdiyi vaxt onun həyatda heç vaxt üzünü görmədiyi, yalnız şəkilini görə bildiyi Fatimə adlı gözəl qızı dünyaya gəlir: “Mənə zəng elədi, hardasa sentyabrın 26-sı olardı. Dedi, ana, müharibə başladı, biz gedirik, övladlarımı sənə əmanət edib gedirəm. Balalarımdan, ailəmdən muğayat ol. Deyirdim, yaralısan, olmaz ki, qayıdasan? Dedi, nə danışırsan, orda elə qardaşlar şəhid olub ki, mən onları qoyub geri qayıda bilmərəm. İkinci dəfə yaralananda dostu mənə zəng etdi, dedi, ana, narahat olma, Anar yaralanıb. 29 oktyabrda zəng elədi, dedi, ana yaxşıyam. Dedim, axı səni həkim xəstəxanaya yazıb, dedi, yox yaxşıyam. İnternetdə gördüm ki, onun haqqında bir həkim danışır və deyir belə igid oğul görməmişəm. O, döyüş bölgəsindən neçə yaralı çıxarıb. Axırda da Şuşadakı şücaətlərindən danışaraq deyirdilər ki, siz onun Şuşada necə döyüşdüyünü görsəydiniz. Şuşada sol qolundan yaralanmışdı, tək qolu ilə döyüşə girmişdi. Elə də dəfn etdik - sol qolu yanmış halda. Allah bütün şəhid balalara rəhmət eləsin!”
Anar Şuşa döyüşlərinə ağır yaralarla qatılıbmış. Hətta qardaşı Səbuhinin təkidlərinə baxmayaraq, fikrindən daşınmayıb: “Biz üç qardaşıq. İçimizdə fərqli, şıltaq bir qardaş olub - Anar. Döyüşlərdə dəfələrlə yaralanmasına baxmayaraq, Anar hər dəfə istədi ki, qabaqda olsun. Hətta biz oktyabrın 20-də Beyləqanda hospitalda onunla görüşəndə dedim ki, çiynində 3 qəlpə var, niyə müalicə almadan döyüşə gedirsən? “Öldü var, döndü yoxdur” - Anarın son sözü bu oldu. Orda da bizimlə halallaşdı, bizimlə görüşdü. Mən də fəxr edirəm ki, Anarın qardaşıyam”.
Baş çavuş Anar Vəlizadə 2020-ci il 7 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və noyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əlibəy Zeynallı,
Elçin Həsənov,
APA TV