Üç il öncə Qarayusiflidə insanların üzərinə kasetli bombalar yağırdı

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib. Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alib. Üç il öncə, yəni 2020-ci il oktyabr ayının 27-də Qarayusifli kəndində qəfil güclü partlayış səsi eşidilir. Və kasetli bombalar, mülkü insanların üzərinə yağmağa başlayır. Evlərinin həyətində oynayan iki azyaşlı Aysu və Tahirə bacıları da ermənilərin atdığı smerc raketinin kasetli bombalarının hədəfinə tuş gəlir. Qanlar içərisində yerdə yatan Aysu və Tahirə bacılarının birinin, yəni ailənin kiçik övladı olan Tahirənin həyatını xilas etmək mümkün olsa da, Aysu aldığı qəlpə yarasından elə yerindəcə həlak olur. Hadisə baş verən gün Aysunun atası da kənddə olub. O deyir ki, partlayışı görüb, evə qayıdıb. Aysu ailənin ilk övladı idi. İkinci sinifdə təhsil alırdı. Aysu yelləncəkdə yelləndiyi zaman aldığı qəlpə yarasından həyatını itirib. Bu isə bir daha ermənilərin terrorçu olduğunu sübuta yetirir. Qarayusifli kəndinə yağan kasetli bombalar İsa Cəfərovun da anasını onların əlindən alıb. O, deyir ki, hadisə günü anası Ofeliya Cəfərova evdə tək olub. Baş verənlərdən xəbər tutan oğul evlərinə tərəf qaçır. Evə çatanda gördüyü mənzərədən şoka düşür, günlərlə anlaqsız vəziyyətdə qalır. İsa Cəfərov deyir ki, düşmənin dinc əhalini atəşə tutmasında əsas məqsəd əhalinin təşvişə salmaq idi. İndi bütün doğmalarını itirən şəxslərin tək təsəllisi torpaqlarımızın işğaldan azad edilməsidir. Qeyd edək ki, 2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd smerc, 2 ədəd ballistik raket atılıb. Nəticədə biri azyaşlı olmaqla 5 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Emin Babyev Fəzail Səfərov Bərdə

Müəllif | Apa.Tv
Apa.tv