Ucar sakinləri işsizlikdən şikayətçidirlər – “Bu yaşamaq deyil”

Ucarda işsizliklə bağlı ciddi problem yaşanır. Rayon sakinlərinin əksəriyyəti işsizlikdən şikayət edirlər. Onlar deyir ki, kənddə yaşayan insanlar heç olmasa mal-qara saxlayır, əkin-biçinlə məşğul olurlar. Rayon mərkəzində olanlar isə nə əkib-becərməyə bir sahə, nə də iş tapa biləcəyi bir idarə tapa bilir. Sakinlər bildirir ki, rayon məşğulluq mərkəzinə müraciət etsələr də illərdir bir nəticə əldə edə bilməyiblər. Son çarəni bizə müraciət edərək məsələni ictimailəşdirməkdə görən camaat deyir ki, “gedin, iş olanda çağıracağıq” ncümləsini eşitməkdən qulağımız qubar bağlayıb. Ucar Rayon könüllü ictimai nəzarət təşkilatının sədri Zakir Ələkbərov da gənclərin işlə təmin olunmaması səbəbindən yaşlarının ötməyinə baxmayaraq ailə həyatı qura bilməmələri faktını təsdiqlədi. Məsələyə şifahi olaraq münasibət bildirən Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının Ucar rayon xidmət şöbəsinin müdiri Raul Qurbanov bildirdi ki, vakant yerlər olduqda xidmət şöbəsinə müraciət edənlərə iş təklifləri edilir. Digər suallarımızı cavabsız qoyan şöbə müdiri Agentliyin mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördü. Odur ki, biz də Dövlət Məşğulluq Agentliyinin Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, bizə müraciət edən vətəndaşlar Ucar rayon sakini Musayev Rafiq Vaqif oğlu, Həsənov Azad Tərlan oğlu və Ədilov Anar Abdulla oğlunun müraciəti araşdırılıb: “Rafiq Musayev dönərxana zərfi üzrə özünüməşğulluq proqramıma müraciət edib və hazırda növbədədir. Prosedura uyğun olaraq növbəti mərhələlərə cəlb olunacaq. Azad Həsənovun məşğulluq sistemində qeydiyyatı tamamlanmayıb. Çünki vətəndaş məşğulluq imkanlarının qiymətləndirilməsi və fərdi məşğulluq proqramının tərtib edilməsi üçün məşğulluq filialına dəvət olunsa da yaxınlaşmayıb. Anar Ədilov 16.08. 2023-cü il tarixdə məşğulluq imkanları qiymətləndirilərək ictimai işlər üzrə növbəyə alınıb Vakansiyalarla bağlı sualınıza gəldikdə işəgötürənlər tərəfindən təqdim edilən vakansiyalar müxtəlif sahələri əhatə edir və bu məlumatlar ictimai olaraq açıqdır. Müraciət edən şəxslərin ilk olaraq məşğulluq imkanları qiymətləndirilir və buna uyğun olaraq münasib işlər üzrə göndərişlər formalaşdırılır. ”- deyə, məlumatda qeyd edilir. Zahid Abışov, Devran Əsgərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv