Ucarda örüşdən qayıdan mal-qara niyə qırıldı? - “5-6 gün qabaq da belə oldu”

Ucarda mal-qaranın kütləvi tələfatının səbəbi araşdırılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzi Ucarda çoxlu sayda mal-qaranın tələf olması barədə məlumat yayıb. Qurumdan verilən məlumatda bildirilib ki, noyabrın 1-də rayonun Yuxarı Şilyan kəndindən iribuynuzlu heyvanların kütləvi şəkildə tələf olması ilə bağlı məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Baxış zamanı 15 mülkiyyətçiyə məxsus 26 baş iribuynuzlu heyvanın tələf olması məlum olub. Tələf olmuş iribuynuzlu heyvanlardan 23 başının gecə saatlarında, 3 başının isə səhər saatlarında zərərsizləşdirilməsi təmin olunub. Eyni amanda 8 baş iribuynuzlu mal-qaranın gecə saatlarında müalicə olunması təmin olunub. Həmin gün tələf olan heyvanları otaran kənd sakini deyir ki, bir neçə gün əvvəl də kənddə belə hadisə baş verib və bir iribuynuzlu heyvan tələf olub. Qeyd edək ki, hazırda əraziyə bitkilərdən və ərazidəki su mənbələrindən analizlərin götürülməsi məqsədilə mütəxəssislər cəlb olunub.

Zahid Abışov,

Devran Əgərov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv