Ucarda sakinlər yay gələn kimi evlərini niyə tərk edir?
Ucar sakinləri kanalizasiya ilə bağlı problem yaşayır. Rayonun Xətai, Koroğlu, Səttərxan və bir neçə mərkəzi küçələrinin sakinləri uzun müddətdir ki, antisanitar vəziyyətdən, su heyvanlarının səsindən, evlərə dolan üfunətli kanalizasiya qoxusundan can qurtara bilmirlər. Sakinlər bildirir ki, rayon mərkəzinə kanalizasiya sistemi qurulsa da küçələrin kanalizasiyası ana xəttə qoşulmayıb. Qoşulan xətlərdə də borulardan istifadə edilməyib. Çirkab suları yerüstü ərazidən aparıldığından çox acınacaqlı vəziyyət yaranıb. Şikayətçilər deyir ki, hələ havalar bir o qədər qızmayıb. Yay aylarında burda nəfəs almaq belə mümkün olmur. Bu səbəbdən də imkanı olan şəxslər yay aylarında evlərini tərk edirlər. Yaxın qohumlarının evlərinə köçürlər. Problemlə bağlı “Azərsu” ASC-i ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, layihə təsdiqləndikdən sonra Ucarda mövcud olan açıq arx və kanallar hamısı ləğv olunacaq. Şəhər inzibatı ərazi dairəsi üzrə icra nümayəndəsi Abdulla İbrahimov şifahi olaraq bildirdi ki, adı çəkilən küçədəki vəziyyətdən xəbərdardırlar. Sakinlər də haqlı olaraq narazılıq edirlər: “İcra hakimiyyəti olaraq kanalizasiya çəkmək bizim səlahiyyətimizə aid deyil. Sakinlərin haqlı narazılığını nəzərə alaraq bu ayın sonlarından etibarən adı çəkilən küçədə yerüstü kanalizasiyalar borularla əvəzlənəcək və sakinlərin kanalizasiya problemi həll olunacaq”-deyə, icra nümayəndəsi qeyd edib.
Zahid Abışov Devran Əsgərov, APA TV