“Vətən mədəsi pozulmuş xəstələrə bənzəyir” - Naxçıvandan REPORTAJ
Burada uyuyanların hamısının ünvanı eynidir, bu ünvanın yaşı isə yüz illərə dayanır. Sükutu pozmayan sakinlərin baş daşları üzərinə qeyd edilən adlar insanda müəyyən fikir formalaşdırır. Lakin formalaşan fikrin fonunda bu məkanda danışmağa adam tapmaq çətindir. Ömürlərini elmsiz, cahil insanların üzünə maarif işığı çiləməyə sərf edən, o dövrdəki cəhalət və geriliyə dözməyən Qurbanəli Şərifzadə və oğlu Əziz Şərif qabaqcıl ziyalılar ilə bir sırada elmin, təhsilin rolunu əsas tutaraq, xalqı bu işə cəlb etməyə çalışırdı. Bu yolda hər cür çətinliklərə, maneələrə baxmayaraq, elm və təhsilin faydasını xalqa başa salır, savadsızlığı ləğv etmək uğrunda mübarizə aparırdılar. XX əsrin əvvəllərində milli mətbuatımızda “leylək” imzası ilə çıxış edib. Həmçinin “Mozalan bəyin səyahətnaməsi”nin İrəvan və Naxçıvana aid hissələrinin müəllifidir. Hər zaman rəy və fikirlərini açıq, aydın söyləməkdən çəkinməyən Şərifzadənin ölüm xəbərindən sonra Firidun bəy Köçərli "İzhari-təəssüf" başlıqlı nekroloqunda yazırdı: “Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı Şərifzadənin şərif vücudunda müşahidə olunmaqdaydı...” “Vətən mədəsi pozulmuş, əlacı çətin olan xəstələrə bənzəyir. Bu xəstənin yaxası cahil və nadan təbiblər əlindədir. Nə qədər onun səhhəti haqqında düşünürüksə, məlal və hüznümüz o qədər artır...” - deyən Qurbanəli Şərifzadə bugünkü milli mətbuatımızın formalaşmasında müstəsna rol oynayıb. Ceyhun Məmmədov Əli Xudiyev, APA TV- Naxçıvan