Videoları “Facebook”da rekord qıran balaca müğənnilər - AĞDAM MUSİQİ MƏKTƏBİNDƏN REPORTAJ

Yaşları kiçik olsa da, istedadları böyükdür bu balacaların. Yəqin ki, sosial şəbəkə üzərindən çoxumuz onları tanıyırıq. İfa etdikləri mahnılara ruhlarını qataraq tamaşaçıların sevgisini elə kiçik yaşlarından qazana biliblər. Gəlin onları yaxından tanıyaq.

 

Səsləri ilə ruhumuzu ovsunlayan bu fidanlar Ağdam rayonunun Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləridir. Qrupun ən böyüyü 14 yaşlı Ayxan Hüseynzadədir. Müəllimi Habil Məmmədov yetkinlik dövründən keçdiyinə görə onun çox oxumasına icazə verməsə də, bizim üçün bir az zümzümə etdi: “Sosial şəbəkə üzərindən yayılan videoların əksəriyyətində Ayxan Hüseynzadə “Bulaq başı toz olar”, “Samovarın xəkəsi” mahnılarını ifa edib. Amma hazırda yeniyetmə olduğu üçün səs keçidi keçirir”.

 

Qısa zamanda sosial şəbəkələrdə yetəri qədər dinləyici qazanan bu uşaqların sevilməsində, istedadlarının işıq üzü görməsində müəllimlərinin də əvəzsiz zəhməti var: “Uşaqlara sinifdə dərs keçirəm, oxuyurlar, amma bunu hamı eşitmir. Məcbur oldum ki, bunu çəkim öz “Facebook” hesabımda paylaşım. İlk dəfə bunu paylaşandan sonra maraq çoxaldı, uşaqların ifası hamının xoşuna gəldi. Mən çalışdım ki, yaxşı səsi olan şagirdləri bir mən yox, Azərbaycan xalqı eşitsin”.

 

Habil müəllim deyir ki, şagirdlərinin hər birinin səs rəngi fərqlidir.

 

Valideynləri də övladlarının uğuru ilə qürur duyur, onlara dəstək olurlar. İlkinin nənəsi Qızqayıt Bağırov deyir ki, nəvəsinin uşaqlıqdan musiqiyə həvəsi olub: “Dedi ki, nənə məni apar musiqi məktəbinə, həvəsim var, oxumaq istəyirəm. Biz də gətirdik Habil müəllimin yanına. Habil müəllim də uşaqların üstündə əziyyət çəkir, yaxşı oxuyurlar, biz də fəxr edirik”.

 

Fatimənin atasının isə qız atalarına sözü var: “Evdə öz-özünə oxuyurdu. Bizim nəsildə də səs var. Biz Laçındanıq. Sonra gətirdik Habil müəllimin yanına, o da sağ olsun, qəbul etdi. Bəzi qız ataları var ki, uşaqda istedad olsa belə dəstək olmur, oxumağa qoymur. Mən buna qarşıyam. Məsələn, mən görürəm ki, qızımın səsi var. Mən ona niyə maneə olum ki? Bu səs Allah vergisidir”.

 

Balaca musiqiçilərin şöhrəti Türkiyəyə qədər gedib çıxıb. Bir çox müğənnilərin ifalarını analiz edən türkiyəli musiqiçi, vokal müəllimi Emre Yücelen bu istedadlı balacaların səsinə heyran qalıb:

 

Bu istedadlı balaların ən böyük arzusu isə “Qarabağ şikəstəsi”ni aid olduqları yerdə, Qarabağda səsləndirməkdir.

 

Fatma Zahidqızı,

Samir Qaragözov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv