Xaçmazda ağacda bitən şokoladla çay süfrəsi – Bu meyvə yetişəndə belə görünür

Xaçmaz rayonunun Armudpadar kənd sakini Qurban Qəribov bağında armuddan tutmuş İtalyan fındığına qədər hər sort meyvə yetişdirir. Ömrünün 20 ildən çoxunu bağçılığa həsr edən aqronom konfet, şokolad ağacı kimi tanınan “Şirin hoveniya” da becərir. Bu dəfə Qurban kişinin bağında bütün ağaclar qış fəslinə uyğun olaraq, yarpaqlarını və meyvələrini töksələr də, konfet ağacının meyvələri yetişməkdədir. “Şirin hoveniya” maraqlı görünüşü və dadı ilə diqqət çəkir. Qar, şaxta dəydikcə, bu meyvə daha da şirin, dadlı olur. Şokolad ağacının meyvələrindən əsasən, təbabətdə geniş istifadə olunur. Astma və mədə-bağırsaq xəstəliklərinə qarşı bu meyvələrdən hazırlanan pereparatlardan istifadə edilir ki, bu da çox faydalı olur. Qurban Qəribov deyir ki, bu ağacın meyvələri ilə çay içməyin bir ayrı ləzzəti var. Biz də bu fürsəti qaçırtmaq istəmədik. Bağbanın becərdiyi meyvələrin dadına pürrəngi çayla baxdıq. Qeyd edək ki, Azərbaycanda konfet ağacına Göyçayda, Şəmkirdə və Xaçmazda rast gəlinir.

Cəfər Talıb, APA TV, Xaçmaz.

Müəllif | Apa.Tv
Apa.tv