Xaçmazın ən varlı kəndində - Buranın adını kim necə istəyir, elə də yazır
Qoçaqlı, Qoçaqqazma, Qozaqlı, Qozaqqazma..Bunlar Xaçmazın bir kəndinin adlarıdır. Bu kəndin adını kimin ürəyi necə istəyir, elə də yazır. Hətta bəzi sənədlərdə Qoçaqqazmalar adını bitişik yazanlar da var. Yarandığı dövrdən adı Qoçaqlı olan kənd son dövrlərdə sənədlərdə, lövhələrdə müxtəlif formalarda adlandırılır. Yaranmış vəziyyət 1115 nəfər kənd sakinini narahat edir. Onlar əvvəlki dövrlərdə olduğu kimi kəndin Qoçaqlı adlandırılmasını istəyirlər. Qeyd edilən yaşayış məntəqəsi Xaçmaz rayonunun Pirquluoba İnzibati Ərazi Dairəsinə daxildir. Məsələ ilə bağlı icra nümayəndəliyindən bildirildi ki, 1998-1999-cu illərdə torpaq islahatları dövründə kəndin adı Qoçaqqazma kimi qeydiyyata alınıb. Mərhələli şəkildə bütün sənədlərdə və lövhələrdə də yaşayış məntəqəsinin adı Qoçaqqazma olaraq dəyişdiriləcək. Xaçmaz rayon icra hakimiyyətindən o da bildirildi ki, sənədlərlə bağlı vətəndaşların hər hansı çətinliyi yaranarsa, onlara müvafiq yardım göstəriləcək. O ki, qaldı kəndin adının hansı zərurətdən dəyişdirilməsinə, bu sualın cavabını kimsə bilmir. Hansı formada yazılmasından asılı olmayaraq, kəndin adının mənası dəyişmir. Qoçaqların, igidlərin kəndi elə hər formada öz tarixi mənasını qoruyub saxlayır. Qeyd edək ki, gilas ixracında bölgədə nömrə 1 olan bu kənd Xaçmazın ən varlı kəndlərindən bir sayılır.
Cəfər Talıb, APA TV, Xaçmaz