Xameneiyə qarşı İranda təzyiqlər artıb, İsrail isə hücuma hazırlaşır

Yaxın Şərqdə İran-İsrail gərginliyi davam etməkdədir. Bir çox analitiklər İsrailin aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hava hücumuna cavab olaraq aprelin 13-də gecə saatlarında İran dəstəkli güclərin İsrailə 300-dən çox pilotsuz uçuş aparatı və raket atmasını “İranın xeyrinə heç-heçə” kimi qiymətləndirirlər. Ərəb-İran Araşdırmaları Mərkəzinin vəziyyətlə bağlı açıqlamasında isə bildirilir ki, İsrailə hücum Tehranın zəifliyini ortaya qoydu. Mərkəz bunu atılan silahlardan heç birinin hədəfə dəymədiyini, əksinə bəzilərinin İraq, Suriya, bəzilərinin isə elə İrandakı yaşayış məntəqələrinə düşməsi ilə əlaqələndirir. Müstəqil iranlı tədqiqatçıların fikrincə, baş verən proseslərdə Tehrana heç bir qonşu ölkə dəstək vermədiyinə görə, islam respublikası həm də siyasi baxımından məğlub duruma düşdü. Qeyd olunub ki, İran əslində, “psixoloji müharibə” aparır. Təl-Əviv Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzi isə açıqlamasında İsrailin məğlub durumda olduğunu bildirib. Qeyd olunub ki, buna səbəb hökumətin növbəti hücumlardan qorxmasıdır. Hətta o da qeyd olunub ki, İranın hücumu İsrailə sərf edib, belə ki, Tel-Əviv Fələstin məsələsində ala bilmədiyi dəstəyi əldə edə bildi. Yəni ki, ABŞ və Qərb ölkələri açıq şəkildə İrandan İsrailə atılan raketlərin qarşısını aldılar. İddialara görə, aprelin birində öldürülən generalların qisaslarının alınmaması İranın dini lideri Əli Xameneiyə qarşı təzyiqlərin artmasına səbəb olub. Buradan haşiyə çıxaq ki, məsələdə dini liderin adının hallanması da əbəs deyil. Çünki, SEPAH İran dəstəkli qüvvələrin HHM vəzifəsini yerinə yetirir. Orduya isə dini lider rəhbərlik edir. Digər iddialara görə isə, hücuma Tehran hökumətinin rəsmilərinin mövqe bildirməməsi və ya bu istiqamətdə geniş açıqlamalar verməməsi Tehran hökuməti ilə dini sistem arasında artan uçurumla bağlıdır. Livanın Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin direktoru, general Hişam Cabir BBC-yə açıqlamasında bildirib ki, Yaxın Şərqdəki bazalarda yerləşdirilmiş ABŞ və Britaniya qüvvələrindən İsrailə yardımın səbəbi Dəmir Qübbənin tək başına bütün raketlərin qarşısını ala bilməməsi ilə bağlıdır. O, bildirib ki, açılan atəşlərən sonra, İsraildəki bir çox obyekt sıradan çıxıb və çoxlu sayda vətəndaş evlərini tərk edib. General əlavə edib ki, İran bu addımı ilə həm də İsrailin HHM sistemlərinin fəallığını da yoxlamaqda maraqlı olub. İsrailin növbəti hücumuna gəlincə isə o əlavə edib ki, İsrail təyyarələri İranı dəqiq bombalaya bilər, lakin bunun üçün ərəb ölkələrinin üzərindən uçmalıdırlar. Maraqlıdır, tarixində heç vaxt qeyri müəsəlman ölkə ilə müharibə etməyən İranın İsrailə hücumunun arxasında hansı niyyət durur? İran Araşdırmaları Mərkəzinin (İRAM) araşdırmaçısı Xurşit Dingilin açıqlamasına görə, İsrailə hücum İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən aparılıb və məqsəd öz təsir dairtələrinə xəbərdarlıq etməkdir. Bəs İsrailin bu əməliyyatda hansı məqsədləri ola bilər? Qərb analitiklərinin mövqeyinə görə, İsrail hökuməti bu hücumdan qazanclı çıxdı. Hücumlardan bir neçə gün öncə ABŞ lideri Bayden Qəzzada 33 mindən çox fələstinlinin öldürülməsi ilə bağlı İsraili hədəfə alan G7 toplantısını çağırmışdı. Amma İranın hücumu ABŞ və Britaniya qüvvələrinin Netanyahunu dəstəkləməsi ilə nəticələndi. Analitiklər düşünür ki, Netanyahunun İrana qarşı təxribatı və İranı müharibəyə cəlb etmək istəyi öz mövqeyini qorumaq üçün çox yaxşı nəticə verdi. İran Araşdırmaları Mərkəzinin məlumatında o da qeyd olunub ki, İranın hücumu ilə İsrailin Qəzzanı işğal etməsi və Rəfah üçün hərbi hazırlıqlar gündəmdən düşsə də, İsrailin Qəzzada hərbi əməliyyatları dayandırması üçün təzyiqlər də azalıb.

Fuad sadıqov APA TV

Müəllif | Apa.Tv
Apa.tv