Xızının boş qalan kəndləri – Bəzisində 5, bəzisində 3 ailə yaşayır
Xızı rayonu Bakı şəhərindən çox da uzaqda yerləşmir. Həm dağlıq, həm dənizqırağı ərazilərə sahib olan bu rayonun ümumilikdə 29 kəndi var. Rayon ərazisində yerləşən bu kəndlərin bəzilər tamamilə boşalıb, bəzilərində isə, çox az sayda ailə yaşayır. Elə biz getdiyimiz Bəyəhmədyurd kəndi də belə kəndlərdən biridir. Evlərin çoxu boşdur, bəzilərində çoxdandır yaşayış olmadığı üçün uçulub dağılmaq üzrədir. Demək olar ki, kənddə yaşayanların əksəriyyəti yaşlı nəslin nümayəndələridir. 90 yaşlı müsahiblərimiz deyirlər ki, əvvəllər Bəyəhmədyurd kəndində sakin çox olub. Camaat əkin-biçinlə məşğul olub. Sakinlər bildirirlər ki, vaxtı ilə kənddə 90 ev olub. Kəndin boşalmasının əsas səbəbi kimi sakinlər yaxınlıqda iş yerlərinin olmamasını və yolla bağlı çətinlikləri göstərirlər. Qarabulaq kəndində də sakinlərin sayı azalıb. Kənd sakini Ağasəfa Yəhyayev deyir ki, bir vaxtlar dərs dediyi şagirdlər də kənd tərk edib. Gedənlərin hamısı çörək üçün kəndi tərk ediblər. Bu kənd bir vaxtlar tamamilə boş qalıb. Ən sonuncu sakini də kəndi tərk edib. Amma zaman keçdikcə kəndin bəzi sakinləri geri qayıdıb və ata ocaqlarına sahib çıxıblar. Qarabulaq kənd məktəbinin cəmi 2 şagirdi var, çünki kənddə yaşlı nəsil üstünlük təşkil edir, gənc nəsil elm təhsil, iş arxasınca mərkəzə üz tutub. Təəssüf ki, haqqında danışdığımız, sakinləri ilə həmsöhbət olduğumuz bu üç kəndin icra nümayəndəlikləri kəndlərdəki hazırkı vəziyyət, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı gələcək planlar və digər məsələlərlə bağlı verdiyimiz heç bir sualımızı cavablandırmadılar. Daha doğrusu deməyə bir sözləri olmadığını bildirdirlər.
Xədicə Səxavət, Vüsal Qəmbərov, APA TV