Xoşqədəm Hidayətqızı Ağdərədəki günlərindən danışdı

44 günlük Vətən Müharibəsi və bir günlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Dövlət başçımız Xankəndi, Xocalı, Əsgəran və Xocəvənd, eləcə də Ağdərədə üçrəngli bayrağımızı qaldırdı.Əslində Ağdərə rayonu Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilib. Ancaq Azərbaycanın möhtəşəm uğurları yeni reallıqlar yaradıb. Bu baxımdan da Ağdərənin əvvəlki statusunun bərpa olunması ilə bağlı müzakirələr tamamilə gözlənilən idi. Artıq Milli Məclisə Ağdərə rayonunun yenidən yaradılması ilə bağlı qanun layihəsi daxil olub. Ağdərənin statusunun bərpa olunması xəbərini bu yerlərdə doğulub-böyümüş insanlar böyük sevinclə qarşılayıblar. Ağdərədə anadan olmuş, böyümüş tanınmış teleaparısı Xoşqədəm Baxşəliyeva deyir ki, onun üçün Ağdərə təkcə ərazi, torpaq parçası deyil. Onun üçün vətən sadəcə, bir torpaq kütləsi deyil.Onun üçün Vətən bağlılığı və sevgisi sözlə ifadə edilməyəcək bir məfhumdur.Özü demiş heç ayrılarmı könül candan!? Ağdərə həsrəti ilə yaşayanlardan biri də Birinci Qarabağ Müharibəsi qazisi Ramik Qurbanovdur. Ramik Qurbanov deyir ki, Ağdərənin hər daşında, qayasında onun acılı-şirinli xatirələri uyuyur. Ramik Qurbanovun ən böyük arzusu o torpağa ayaq basmaq, ömrünün sonunacan o torpaqda yaşamaqdır. Qeyd edək ki, 1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu. Ağdərə Silahlı Qüvvələrimzin 19-20 sentyabr 2023-cü il tarixdə keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

Müəllif | Apa.Tv
Apa.tv