“Yay məktəbi”ndə şagirdlərə nə öyrədilir? - REPORTAJ

Artıq bir neçə gündür ki, orta məktəblərdə “Yay məktəbləri” təşkil olunur. Burada şagirdlər öyrəndikləri bilik və bacarıqlarını bir daha artırmaq, yeni biliklərə yiyələnmək şansı qazanır.

 

APA TV-nin məlumatına görə, Zəngilan rayon Təhsil Şöbəsinin tabeliyindəki 32 ümumi təhsil müəssisəsində də təşkil olunan “Yay məktəbi” həftənin 5 günü olmaqla bir neçə saat davam edəcək.

 

Zəngilan Rayon Təhsil Şöbəsinin məsləhətçisi Rüstəm Aslanovun sözlərinə görə, “Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib: “Ümumtəhsil məktəblərində təşkil olunan yay məktəblərində şagirdlər həm öyrənir, həm də əylənirlər. Onlar üçün “Yay məktəbi”ni daha yaddaqalan etmək üçün oyun xarakterli yarışlar keçirilir. Həmçinin muzeylər və digər tarixi məkanlara ekskursiyalar təşkil olunur”.

 

Sumqayıt şəhərində yerləşən Zəngilan rayonu 5 nömrəli orta məktəbdə də “Yay məktəbi”nin səmərəli keçirilməsi üçün bütün şərait yaradılıb.

 

Məktəbin direktoru Mayis Quliyev deyir ki, “Yay məktəbi”nə çox ciddi hazırlaşıblar: ““Yay məktəbi”nin mahiyyəti haqqında biz valideynlərlə söhbət apardıq. Cənab nazirin göstərişi əsasında iyunun 8-dən iyunun 11-ə kimi valideynlər könüllü olaraq “Yay məktəbi”nə övladlarının yazılması üçün məktəb rəhbərinin adına ərizə ilə müraciət etdilər”.

 

Məktəbin müəllimi Tünzalə Nağıyevanın sözlərinə görə, “Yay məktəbi”ndə uşaqlara müxtəlif təamların bişirilməsini də öyrədirlər: “Desert hazırlamaq istəyirlər uşaqlar özləri üçün. Yəni qızların əl qabiliyyətinə baxmaq istəyirik ki, qızların necə əl qabiliyyəti var, onları öyrədirik uşaqlara”.

 

Müəllim Samirə Əmirxanov deyir ki, “Yay məktəbi”ndə milli mətbəximizin sirləri də uşaqlara aşılanır: “Sinfimizlə Azərbaycan və texnologiya dərsinin inteqrasiyasıdır. Texnologiyaya aid milli mətbəximizə aid çoban salatı, yarpaq dolmasıdır. Qızlarım yarpaq dolması hazırlayır, oğlanlarım isə çoban salatı hazırlayır. Azərbaycan dilində inteqrasiyada isə yemək mərasimindən sonra, belə desək, oyunlarımız var. Söz oyunu və qaydalarımıza aid iştirak edən şagirdlər müxtəlif tablolar çəkir, yeni qurğular yaradırlar”.

 

“Yay məktəbi”ndə açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər də həyata keçirilir. Bu dərslərdə şagirdlər öz intellektlərini, zəkalarını da artırırlar.

 

Yay məktəbində iştirak edən şagirdlər müxtəlif tablolar çəkir, rəssamlığın sirlərini də öyrənirlər.

 

Açıq havada keçirilən dərslər zamanı şagirdlər nəinki intellektual biliklərini artırırlar, həm də sağlamlıqlarının qeydinə qalırlar. Məktəbdə müxtəlif idman oyunları da təşkil edilir.

 

Yay məktəbi”ndə təkcə bilikləri artırmırlar. Fiziki işlə, idmanla məşğul olurlar. Gördüyünüz kimi, burada uşaqlar voleybolla məşğuldur.

 

Qeyd edək ki, “Yay məktəbi” iyunun 16-dan başlayıb 30-na kimi davam edəcək.

 

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

SUMQAYIT, APA TV

Müəllif | Apa.Tv
Apa.tv