Yuxarı Şilyan kəndinin məktəb və qəbiristanlıq yolu problemi - REPORTAJ
Ucarın Yuxarı Şilyan kəndinin sakinləri bərbad vəziyyətdə olan yolun təmir olunmasını istəyirlər.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun ucqar kəndlərindən olan Yuxarı Şilyan kəndinin 7 kilometrlik əsas yolu da regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq yenidən qurulur.
Yerli sakinlər layihədə nəzərdə tutulmayan 2,5 kilometr yolun çəkilməsi xahişi ilə toplantı keçiriblər. İkinci Qarabağ müharibəsinin qazısı Kənan Vahidli kənd qəbiristanlığına və məktəbə gedən yolun çəkilməsini istəyir: “Kəndin bütün şəhidləri bu qəbiristanlığında dəfn olunub. Heç olmasa, onların üstünə rahat gedib-gələ bilək. İmkan daxilində məktəb, qəbiristanlıq yolu çəkilsin”.
Digər kənd sakini Mürşüd Nuriyevin sözlərinə görə, 400-ə yaxın evin sakinləro sözügedən yoldan istifadə edir. Xüsusən də qış aylarında gediş-gəliş çox çətinləşir: “Elə adamlar var ki, texnikası, avtomobili yoxdur, velosiped vasitəsilə, at vasitəsilə övladını məktəbə aparır. Xahiş edirik aidiyyəti qurumlardan, bu yolun çəkilməsində bizə köməklik etsinlər”.
Məsələ ilə bağlı bir çox qurumlara məktubla müraciət edən Şöhrət Novruzov isə kənd yollarının təmir olunmamasında yerli məmurları günahkar sayır: “Həmin məktub göndərilib rayon icra başçısı Mənsur Məmmədova. Mənsur Məmmədov da mənə göndərdiyi məktubda bildirib ki, adı çəkilən yollar bələdiyyənin balansındadır. Mənsur Məmmədov yaxşı bilir ki, bələdiyyənin heç bir ağac əkməyə də imkanı yoxdur. Sovet dövründən qalma uçuq binada oturur. Elə imkanı olsa, onu təmir edərdi”.
Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cabir Hacıyev APA TV-yə açıqlamasında bildirib ki, qəbiristanlıq və məktəb yolunun çəkilişi ilə bağlı kənd sakinlərinin müraciəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndəriləcək.
Məsələyə münasibətini bildirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən Ucar Rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış marşruta uyğun olaraq təsdiq edilmiş layihə-smeta sənədləri əsasında təmir işlərinə 2020-ci ildə başlanılmış Müsüslü-Təzə Şilyan-Bərgüşad-Bağban-Yuxarı Şilyan-Boyat-Qazyan avtomobil yolunun təmiri 2021-ci ildə davam etdirilir. Ucar rayonunun Qazyan kəndində müraciəti imzalayan şəxslərin yaşadığı evlərin yerləşdiyi yol təsdiq edilmiş layihə-smeta sənədlərində nəzərdə tutulmayıb. Bundan başqa, Bakı şəhəri istisna olmaqla ölkənin digər şəhərlərində və rayon mərkəzlərində, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən yollar və küçələr agentliyin deyil, müvafiq yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin balansındadır.
Zahid Abışov