Zaqatalada hər kəsin hazırlaya bildiyi qida – Qışda onsuz yemək bişirilmir
Respublikamızın şimal-qərb bölgəsi öz zəngin mətbəxi ilə daim seçilib. Bu bölgənin rayonlarına səfər edən hər kəs tez-tez qurudulmuş ətdən yeməklər hazırlandığının şahidi olur. Bəs qurudulmuş ət, yəni qaxac necə hazırlanır? Qax, Zaqatala və Balakəndə rayonlarının sakinləri əsasən ilin payız aylarında, soyuqlar düşəndən sonra qaxac hazırlanmağa başlayırlar. Qaxac əsasən heyvanın bel hissəsindən hazırlanır. Bel hissənin əti dadlı olduğuna görə qurudulmaq üçün əsasən heyvanın bu hissəsindən istifadə olunur. Ət duzlanır və günəşin altında uzun müddət qurudulur. Qurudulmuş ətdən bulyonların hazırlanmasında istifadə edilir. Ondan dadlı kabab da bişirilir. Ətin duzlanıb qurudularaq saxlanılması qədim zamanlardan qalan bir ənənədir. Bu ənənəyə nəinki Azərbaycanda, hətta başqa xalqlarda da rast gəlmək mümkündür. Qax, Zaqatala və Balakən rayonlarında qaxac ətdən daha çox sürhüllü, yarpaq xəngəli və buğ xəngəlinin, sulu yeməklərin, həmçinin lobya şorbasının bişirilməsində istifadə edirlər. Qeyd edək ki, qaxac üçün cavan ətin seçilməsi onun dadlı olmasına səbəb olur.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu APA TV, Zaqatala