Zaqatalanın ən sevimli və çətin yeməyi - Bu yeməyi mütləq yeyin!
Azərbaycanın şimal-qərb zonasında, xüsusən də Qax və Zaqatalada bişirilən qədim milli yeməklərindən biri də sürhüllüdür. Sürhüllü bu bölgədə qış mövsümünün ən sevilən xəmir xörəyidir. Bölgə əhalisi sevimli qonağa da mütləq sürhüllü yeməyini hazırlayır. Bu xəmir xörəyi həm qaxacla (qurudulmuş ət), həm də təzə mal və ya qoyun əti ilə hazırlanır. Əvvəlcə qurudulmuş ət doğranır, yuyulur və ocaqda bişirilir. Sonra una duz və su əlavə edilərək xəmir yoğurulur. Xəmir bir neçə hissəyə bölünür. Sürhüllünün xəmirini hazırlamaq özü böyük ustalıq tələb edir. Daha sonra hazırladığımız xəmiri xırda hissələrə bölüb şəhadət barmağı və bıçaqla xüsusi formaya salırıq. Bu prosesi hər adam bacarmır. Çünki sürhüllünü çəkmək ustalıq tələb edir. O, elə çəkilməlidir ki, xəmir qalın olmasın. Sonda isə şəkilləndirdiyimiz xəmiri əti qaynatdığımız qazana əlavə edib, bişənə kimi gözləməyiniz kifayətdir. Sürhüllü qaxacla adətən qış aylarında hazırlanır. Digər fəsillərdə isə əsasən təzə ətə üstünlük verilir. Xəmir və ətin suyundan bişən bu yemək istiot, sarımsaq və turşularla birlikdə isti halda yeyilir.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV