Bozqurd inancı: Novruz, yoxsa Ergenekondan çıxış bayramı?
APA TV-nin “Sirli tarix” layihəsinin üçüncü proqramı türklərin törəyiş inanclarına və bu kontekstdə Bozqurdun yerinə həsr olunub. Proqramın aparıcısı, tarix elmləri namizədi Kərəm Məmmədli türklərin Bozqurd inancı, dastanlarda fərqli Bozqurd obrazları, inanclarda qurddan törəyişdən hami qurda qədər uzanan transformasiya, “Ergenekondan çıxış, “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında Bozqurd inancları barədə fikirlərini bölüşür, Ergenekonun Qafqaz regionunda yerləşməsi, türk xalqlarının Novruz bayramı adı altında əslində Ergenekondan çıxış bayramını qeyd etməsi barədə maraqlı iddialar irəli sürür...
Türklərin törəyiş inancı: Bozqurd
Müxtəlif dünya xalqlarının müxtəlif cansız varlıqlardan və ya heyvanlardan törəməsi ilə bağlı əfsanələrə və ya inanclara elmi ədəbiyyatda totemizm deyilir. Totemizm sözü alqonkin ocubve hindularının dilində “onun nəsli” deməkdir. Yəni, bu və ya digər bir etnos və ya toplum öz mənşəyini ayrı-ayrı heyvanlardan götürür. Bəzən, çox təəssüf ki, elmi ədəbiyyatda totemizmlə zoolotriya anlayışları qarışdırılır. Heyvana pərəstişlə bu və ya digər heyvandan törəmə ayrı-ayrı anlayışlardır. Biz bunu daha çox türk xalqlarının timsalında görə bilərik. Türk xalqları Berinq boğazından Şimal Buzlu Okeanın sahillərinə qədər, Cənubi Sibir, Volqaboyu, Qafqaz, Anadolu və hətta Mərkəzi Avropaya qədər uzanan, cənubda isə indiki Çinin şimal hissəsini əhatə edən böyük bir bölgədə yaşayıblar. Hazırda da o bölgələrdə yaşayırlar. Bu xalqların inancında, xüsusilə, törəyiş inanclarında, əsasən, bir heyvan mühüm yer tutur. Bu, bozqurddur. “Bozqurd” sözü daha çox bizim terminologiyada işlənir. Volqaboyu türklərində isə daha çox “Gökbörü” adlandırılır. Şimal türkləri daha çox “Ağbörü” deyir. Bu da təbii ki, təbii ki, coğrafi şəraitlə bağlı haldır. İlk yaranış dövründə türk xalqları özlərini birbaşa qurddan törəmə hesab edirdilərsə, sonrakı mərhələlərdə müxtəlif dünya dinlərini qəbul etdikdən sonra qurd artıq totemdən daha çox pərəstiş obyektinə çevrilir.
Bozqurda çevrilmiş Börütəkin: Qədim türklərin babası
Əslində, bu inancların kökü hara gedib çıxır? İstər elm adamları olsun, istər ümumiyyətlə, bu sahə ilə maraqlanan adamlar olsun, bu sualın cavabı onlar üçün təbii ki, maraqlıdır. Yazılı şəkildə biz bilirik ki, bu, “Ergenekondan çıxış” dastanı ilə bağlıdır. Bəzən, “Ergenekondan çıxış” dastanı sanki o biri yaranan əfsanələr, miflər üçün bir baza rolunu oynayıb. Türk xalqlarının bu törəyiş əfsanəsini nə cür izah etdiyinə fikir verək. Bununla bağlı qurddan törəyiş əfsanələri deyilən silsilə müxtəlif miflər var. Bu miflərdə bozqurd əcdad rolunu oynayır. Əl-Biruni qeyd edir ki, qədim türklərin babası Börütəkin deyə bir insan olub. Börütəkin Kabil yaxınlığında bir mağaraya girir və mağaradan bozqurd şəklində çıxır. O deyir ki, “türklər özlərini bundan törəmiş hesab eləyir”. Yəni, burada qurd kişi cinsi formasındadır.
Bozqurdun dünyaya gətirdiyi 10 övlad
Başqa bir dastanda isə tamamilə ayrı versiyadır. Orada deyilir ki, iki qonşu qəbilə arasında müharibə gedir. Və türklərin əcdadları olan qəbilədə bütün kişilərin hamısını məhv edirlər və o qəbilədən 11 yaşında bir oğlan uşağı sağ qalır. Onun da əllərini, qollarını doğrayaraq qamışlığa tullayırlar. Uşaq qamışlıqda ağlamağa başlayır. Ağlayarkən Tanrı dağlarından bozqurd enir və uşağı öz dişində mağaraya aparır. Mağarada həmin dişi bozqurdla bu oğlandan 10 oğlan dünyaya gəlir. Bu oğlanlar müxtəlif istiqamətlərdə yayılırlar. Bu dastan öz əksini daha çox Xəzər xaqanı Yusifin ispan əyanı Xasday ibn Şafruta məktubunda tapıb. Bu mənbə Kokovtsev tərəfindən tərcümə edilmişdir. Qəribə olan odur ki, orada qeyd edilən 10 oğulun adı sonrakı dövrlərdə, orta əsrlərdə tarixi hadisələrdə yaxından iştirak eləmiş müxtəlif türk tayfalarına verilən adlarla səsləşir. O cümlədən, Avar, Bulqar, Suvar, Barsil, Xazar, Oğuz, Peçenek və s. Onların hər biri 10 türk xalqının əcdadları hesab edilir.
Qırğızların törəyiş əfsanəsi
Başqa bir versiya isə, qırğızların törəyişi ilə bağlı əfsanədir. Qırğız əfsanəsinə görə, bozqurd İssıkkulda, yəni isti göldə çimir və onun ağzının köpüyü bütün çaya, gölə yayılır. Sonradan türk şahzadəsi 40 incəbelli qızla göldə çiməndən sonra qızlar bozqurdun ağzının seliyindən hamilə qalırlar və bu 40 qız dünyaya 40 oğlan gətirirlər. Və bu 40 oğlanın ataları qurd, anaları isə 40 qız olur, qırğız xalqı öz adını buradan götürür. Burada da bozqurd yenə kişi cinsindədir.
Roma şəhərinin əsasını qoyan qurd əmən Romul
İndiki Apennin yarımadasında ən qədimdən məskunlaşmış xalq etrusklardır. Etruskların Altay mənşəli, yaxud türk mənşəli olması haqqında müxtəlif versiyalar var. İstər onların yazıları ilə bağlı, istər onların antropoloji quruluşu ilə bağlı fikirlər var. Mumiyalama adəti etrusklarda da vardı. Etruskları tədqiq edən Mirfattah Zəkiyev deyir ki, onlar antropolji yönlərinə görə bugünkü Azərbaycan türklərini xatırladır. Bu, antropoloji dəlildir, bəs mifologiyaya müraciət edəndə hansı səhnə ilə rastlaşırıq? Etrusklar ərazinin qədim etnosu olsa da, sonradan ora qall tayfaları, latın tayfaları yerləşmişdilər, ancaq onlar o mədəniyyəti daha çox etrusklardan mənimsəmişdilər. Roma şəhərinin salınması barədə əfsanədə qeyd edilir ki, Troya müharibələrindən sonra Troyadan gələn bir nəsil burada hakimiyyəti ələ keçirir. Və sonradan kiçik qardaş böyük qardaş Numitoru öldürür. Qəribə olan odur ki, onların həm gəldiyi və burada saldığı məskən Alban adlanır. Bu fakt latın mənbələrində öz əksini tapıb. Mənbələrdə deyilir ki, troyalıların saldıqları şəhər Alban adlanırdı. Alban çarlarından olan Numitoru öldürən qardaşı hakimiyyətə ələ keçirir, qardaşının oğlunu öldürür ki, onun kişi nəsli kəsilsin. Qardaşının qızı Reyə isə and içdirir ki, o heç kəslə ailə qurmayacaq. Lakin həmin o qız, Rey, Marsla əlaqədə olur və müharibə tanrısı Marsla Reyin əkiz oğlu dünyaya gəlir. Bu xəbər Reyin əmisinə çatanda qardaşı qızını öldürür, uşaqları isə səbətə qoyaraq Tibr çayına atdırır. Səbət çayla axa-axa gəlir, bir sahildə saya oturur. Körpələr ağlaşmasına qonşu Kapitoli təpəsindən, bir dişi bozqurd sahilə enir. Demək olar ki, eyni süjetdi, orada Altay dağlarından, burada isə Kapitoli təpəsindən bozqurd enir. Bozqurd uşaqları dişinə alaraq mağaraya aparır, süd verərək böyüdür. Uşaqlar böyüyəndən sonra bir çoban bunları tapır. Görür ki, bozqurdun arxasınca iki uşaq gəzir. Çoban o bozqurdu öldürür və uşaqları özü ilə aparır. Uşaqlar sonradan bunların “ana”sını,yəni dişi qurdu öldürdüyünə görə çobanın özünü qətlə yetirirlər. Və qərara gəlirlər ki, çay bunları sahilə atdıqları yerdə torpaqları bölüşdürsünlər. Sonra mübahisə zəminində Romul Remi öldürür. Bu əfsanə həm də “Tövrat”da və digər dini kitablardakı süjeti Habil və Qabil süjetini xatırladır. Romul qardaşının öldürdükdən sonra peşman olur və onun şərəfinə Rem, yəni indiki Roma şəhərini saldırır. Fikir verirsinizsə, burada türk mifologiyası ilə etrusk mifologiyası yüzdə yüz üst-üstə düşür.
Qurdla bağlı toponimlər: Borçalı, Keşvər-e qordsər...
Bəs sonrakı mərhələdə nəyi müşahidə edirik? Artıq dünya dinləri yaranandan sonra baxışlarda müəyyən transformasiya baş verir. Artıq bozqurd hami rolunda çıxış etməyə başlayır. Başqırd dastanlarındakı baş qurd, xakaslarda xetti-püür, 7 qurd və s. Burada qurd adları da təşəkkül tapmağa başlayır. Elə bizim də qurd adını daşıyan kifayət qədər toponimlərimiz var. Məsələn, Borçalı sözünü “börü çalası”, yəni qurd çalası mənasını verir. Qəribə burasıdır ki, erkən orta əsrlərdən başlayaraq, qonşu xalqlar bizi qurd adlandırırdılar. Məsələn, Əbülqasım Firdovsi İran qoşunlarının Turana yürüşünü təsvir edərkən deyir ki, “keşvər-e qorqsər”ə, yəni “qurd başlılar ölkəsi”nə hücum edildi.
Novruz, yoxsa Ergenekondan çıxış bayramı?
Oğuz-Xaqan dastanda bozqurdun roluna gəldikdə artıq bozqurd ana rolunda çıxış etmir, himayədar kimi çıxış edir. Və həmin bu süjet “Ergenekondan çıxış”la demək olar ki, üst-üstə düşür. “Ergenekondan çıxış”da qeyd olunur ki, türk xalqları 4 dağ arasında yerləşdirmişdilər, işıq üzü görmürdülər. Birdən göy işıq düşdü, baxdılar ki, bu, göy börüdü. Göy börü, yəni Göy qurd dedi ki, tonqallar qalansın. Sən demə, bu dağlar dəmirdən imiş, tonqallar qalandıqdan sonra və o dağlar əriyir, dəmir ərintyisi çuxura düşüb qəlib formasını alır. Ona görə biz türkləri ilk dəmirçi xalqlar hesab edirik. Kimin sayəsində? Məhz həmin o qurdun sayəsində, yəni gök börünün sayəsində. Burada artıq bozqurd zoolotriya, yəni himayədar mənasında çıxış edir. O bayrama artıq biz çox yaxınlaşmışıq, çox təəssüf ki, bizə əyri güzgüdə təqdim edilən və Novruz deyə təqdim edilən bayram faktiki olaraq, “Ergenekondan çxış” bayramıdır. Həmin gün biz tonqal qalayırıq. Bizim tonqal qalamağımızı çox təəssüf ki, bəziləri başqa cür izah edir. Deyirlər ki, bu atəşpərəstliklə bağlıdır. Yaxşı, tutaq ki, onlarla razılaşdıq. Elə bir atəşpərəst göstərmək mümkündürmü ki, tapındığı obyektin, yəni odun üstündən hoppansın və desin ki, “ağırlığım, uğurluğum sənə getsin”? Elə bir müsəlman görmək olarmı ki, bayram günündə müqəddəs saydığı kitabın üstündən hoppansın və desin “ağırlığım, uğurluğum sana getsin”? Burada atəşpərəstliyin heç bir elementi yoxdur. Burada sadəcə atəşlə arınma var. Atəşlə arınma türkün xarakteristik xüsusiyyətlərindən biridir. İndinin özündə də Azərbaycan Respublikasından kənarda qalan torpaqlarda yaşayan soydaşlarımız, indiki Ermənistan, Gürcüstan ərazisində yaşayanlar o bayrama Novruz demirdilər, ilaxır deyirdilər. Vaxtilə Türkiyədə əvvəlcə Çar Rusiyasının, sonra sovet Rusiyasının dövründə çalışmış Qordlevskinin gözəl bir etirafı var ki, Anadolunun şərqində Ulus günü deyilən bir bayram qeyd edilir. Həmin türklər Ulus gününü 4 dağ arasından qurtulduqlarına görə bayram edirlər. Dardan qurtulmaq, bu elə “Ergenekondan çxış”dır. Yəni, qan yaddaşında yaşayan bir bayram nədən bu gün Novruz adlansın? Təbii ki, düzgün deyil.
Asparux yox, Asbörü, Boris yox, Börüs
İslamı qəbul edəndən sonra qurdla bağlı inanclar necə transformasiya oldu? Çox qəribədir ki, hətta İslam dini belə, qurda inancı bizim yaddaşımızdan silə bilmədi. Xristianlıq kimi böyük dünya dini qurda inancı bizim yaddaşımızdan silə bilmədi. Ortodoks xristian,yəni pravoslav olan bugünkü Dunay bolqarları faktiki olaraq türk tayfası olan bulqarların adını daşıyır. Bolqarıstanın dövlətin qurucusunun adına baxaq - Asbörü, yəni Asparux. Düzdür, macar tədqiqatçısı Yuli Nemet deyir ki, bu esperi, yəni şahin mənasında işlənən addır. Lakin sonradan Densinq, Dörfer, rəhmətlik Süleyman Əliyarlı öz əsərində qeyd etmişlər ki, bu Asbörüdür, yəni azların börüsü. Dunay ətrafına gedən Asbörüdən 600 il əvvəl biz həmin Asbörünün izlərini indiki Borçalı ərazisindən tapırıq. Bu gün xristian qalan çuvaşlar belə köklərini bozqurda bağlayırlar. Yəni, xristianlıq bu izi itirə bilməyib. Hətta bolqar mütəxəssisləri slavyanlar arasında geniş yayılmış Boris adını “börüs”lə bağlayırlar. O börüs ki, babasının adı Qurdxan idi. Böyük Bolqarıstanın xaqanı Qurdxan. Börü “qurd” deməkdir. Yunan dilləri üçün sözün kökünə “is”, “üs” şəkilçisi artıqmaq xarakterik xüsusiyyətdir. Məsələn, Konstantinopolis, Meqapolis, Persepolis... Yəni insan özünü Börü adlandırıb və adı Börüs xaqan şəklində işlənib.
“Kitabi Dədə Qorqud”da qurd inancı
İslamiyyətdə isə ilk əvvəl islamı qəbul edəndə türklər ikili adla gedirdilər. Buna bariz nümunə kimi Müzəffərəddin Alpaslanı göstərə bilərik. Müzəffərəddin ərəbcədir, Alparslan isə təmiz türkçədir. Və eləcə də qurd adını daşıyan yüzlərlə türk sərkərdələri olub. Həm islamı qəbul etmişdilər, həm də qurd totemini yaşatmaqda davam edirdilər. Məsələn, Dədə Qorqud dastanında cərəyan edən hadisələr oğuzların islamı qəbul etməsinin ilk çağlarını əhatə edir. Söhbət VI yüzillikdən gedir. Dastanda qurd öz əksini necə tapır? Təbii ki, islamın qəbulundan sonra biraz çətin idi bunu qabartmaq, ancaq yenə də orada bir süjet gedir: “Evi yağmalanan Qazan xan qurdu gördükdə deyir ki, qurd üzü mübarək olar. Yurdumun, evimin sorağını bir qurddan da soruşum”. Burada artıq hiss olunur ki, hələ də o inanclar özünü qoruyub saxlayır”.
Qoyunun çoxluğu qurdu qorxutmaz
Gürcü xronikalarında, eləcə də o dövrün fars-ərəb mənbələrində Xarəzmşah Cəlaləddinlə bağlı gözəl bir süjet var. Qarne döyüşündə Xarəzmşah Cəlaləddinin rəhbərlik etdiyi Xarəzm və Azərbaycan ordusu ilə erməni, gürcü və qismən Bizansın birləşmiş qoşunları üz-üzə gəlir. Mənbənin yazdığına görə, döyüşdən əvvəl Cəlaləddin öz elçisini göndərir ki, danışıqlar aparılsın, bəlkə qırğın olmasın. Elçi gedir, geri qayıdanda həmin düşmən səfindən olan bir nəfər Şalva adında pəhləvan bunu hədələyir, əlindəki gürzü fırladır, deyir ki, sizin o Həzrəti Əli dediyiniz adam var, o haradadır? Gəlsin, onunla döyüşəcəm. Elçi gəlib bunu Cəlaləddinə danışır. Deyir ki, onların qoşunlarının sayı göydəki ulduz qədərdir və mən gələndə, biri gürzünü yellədi, bu sözləri söylədi. Mənbə yazır ki, Cəlaləddin deyir ki, nə vaxtdan sürüdəki qoyunun sayının çoxluğu qurdu qorxudur? Eşidəndə ki, Həzrəti Əlini cəngə çağırırlar, görünməmiş bir addım atır. Ata süvar olur, ordunu gözləmədən dağa doğru dırmaşır. Şalva deyilən pəhləvanı yerə sərir, çox şanlı qələbə qazanır. Erməni tarixçiləri ömrüboyu bu Qarni döyüşü barədə ağlaya-ağlaya yazıblar. Həmin Şalvanı Cəlaləddinin hüzuruna gətirilər. Cəlaləddin əlini qılıncının qəbzəsinə qoyaraq deyir ki, bayaq Zülfüqarın sahibini axtarırdın, mən onun nökəriyəm, sözün varmı? Və gürcü öz peşmançılığını bildirir və deyir ki, siz müsəlmanlarda bir adət var ki, bağınıza, bostanınıza göz dəyməsin deyə ora eşşək başı asırsınız, qoy Şalvanın bu başı sizin yaşıl bağçanızda qoruyucu başı, yəni eşşək başı olsun. Mən islamı qəbul eləmək istəyirəm. Yəni, burada fikir verirsinizsə, artıq qurd qəhrəmanlıq nümunədir.
Koroğlunun qurd sevgisi: “Yeyib qurdlarınla ulaşım, dağlar”
Eyni nümunəni qızılbaş ordusu Alget çayı sahilindəki döyüşdə göstərir. Orada sərkərdə İmamqulu xan Qacar deyir ki, “ey qurdlar, qarşınızdakı qoyunun çoxluğundan qorxmayın”. Onda da yenə müxtəlif yerlərdən toplanan gürcü dəstələri qızılbaşların az olduğunu görüb, onların üstünə yerimişdilər və İmamquluxan Qacar döyüşdən əvvəl əsgərlərinə belə xitab edir. Biraz müasir dövrə doğru gəldikcə, biz “Koroğlu” dastanında bu süjeti görürük. Koroğlu şeirlərindən birində belə bir ifadə işlədir ki, “Yeyib qurdlarınla ulaşım, dağlar”. Qurdlarla ulaşmanın da qədim ənənəsi var. Eyni motivi, yəni qurdlarla ulaşmağı qədim rus qaynaqları təsdiq edirlər. Qıpçaqların xanı Bonyak xan döyüşdən əvvəl üzünü meşəyə tutub uluyardı, əgər onun səsinə bozqurd səs versəydi, deməli, sabahı gün o zəfər qazanacaqdı. Koroğlu da eyni sözü deyir - yeyib qurdlarınla ulaşım, dağlar! Yəni, həmişə zəfərdən zəfərə qoşum...
Üç dağ arası, üç göl arası: Gerçək Ergenekon Qafqaz ərazisindədir
Kosmosdan Qafqaza baxanda, Böyük Qafqazla Kiçik Qafqazın ortasındakı vadi tam şəkildə dediyimiz Ergenekonu xatırladır. Qəribə nədir? Üç yer arası, üç göl arası... Dəmirqapı Dərbənd, Qarsdakı Qara Dərvənd və Xəzər dənizi. Yaxud, Van, Sevan, Urmiyə. Sevan üçüncü van deməkdir, Van gölü isə birinci Vandır. Xəzər sahillərində isə Duvan, yəni 2-ci Van adına rast gəlirik. Urmu gölünün qədimdə necə adlandığı bizə bəlli deyil. İstənilən halda, biz burada van və 3-cü Van gördükdə düşünmək olar ki, “Ergenekon” dastanı müəyyən bu bölgədə də yarana bilərdi. Niyə? Çünki sözün əsl mənasında dağlarla əhatə olunub. Bir məqama da toxunmaq lazımdır. Yunanlar hunları van adlandırırdı. Sonrakı vaxtlarda hunların yerləşdikləri bölgələr Vənənd, Vunənd, Vanənd formasında işlənib. Oğuz xaqan Göyçə gölü ətrafında, “Qırxpilləkən”də dəfn olunub, niyə o gölə 3-cü Hun gölü deməyək? 1-ci hun gölü Türkiyədə, 2- ci hun gölü Urmiyədə, 3- cü hun gölü isə indiki Ermənistan ərazisində qalan ulu Oğuz xaqanının uyuduğu torpaqdır.
Mifologiyamızda bozqurd: “Qurdla qiyamətə qalmaq”
Mifologiyamızda bozqurd hansı formada yaşayır? Yəqin hamımız qurdla qiyamətə qalmaq deyə bir məsəl eşitmişik. Azərbaycanın istənilən bölgəsində bu ifadə işlədilir ki, filankəs qurdla qiyamətə qalacaq. Bu, türkün qurda verdiyi dəyərdir. Qiyamətə kim qalır? Yalnız uca yaradan. Və mələklər. Türk islamı qəbul edəndən sonra öz inancını islam inanclarından da bir pillə yuxarı qaldırır və deyir ki, qiyamətə qalan heyvan qurd olacaq. Bəs qurdun özünün ölümü necə təsvir edilir? Borçalıda bir çox yaşlı insanlardan qurdla qiyamətə qalmaq anlayşının mahiyyətini soruşdum. Qiyaməti belə təsvir edirlər - güclü külək başlayacaq, Tanrı bir külək göndərəcək və qurdun ayaqları qayaya yapışacaq, qayaya yapışıqlı şəkildə Tanrının göndərdiyi külək onun dərisini boğazından çıxarsa da, skeleti həmin qayanın üstündə qalacaq və həmin dəri Tanrının özünə çatacaq.
Türk törəsi və qurd xarakteri
Simvolikaya fikir versək görərik ki, türk xalqlarının mifologiyasında qurd qədər dəyər verilən ikinci belə varlıq yoxdur. Qurd ağzı bağlamaq, istər qurd dişini üstündə gəzdirmək - bunlar hamısı elə-belə yaranan inamlar deyil. Bunun təbii ki, kökü var. Ola bilsin ki, bu bağlılıq qurdun xasiyyəti ilə türk törəsi arasındakı oxşarlıqdan gəlir. Yəni, qurd ömründə bir dəfə evlənir, monoqam ailə insanlardan əvvəl bozqurdlarda olub. Sonra qurd leş yemir. O ancaq ovladığı heyvanın boğazını sındırır, biraz qanı ilə qidalanır, ondan sonra leşi çaqqallara qoyub gedir. Qurd qocalanda sürüyə yük olmamaq üçün sürüdən uzaqlaşır. Bu ancaq türk xarakterinə uyğundur. Türkü nicata aparan, türkün törəyişində yaxından iştirak edən bir heyvanla bağlı inanclar bu gün Novruz kimi təqdim etdiyimiz, əslində isə "Ergenekondan çıxış" bayramı ilə birbaşa bağlıdır. Artıq çərşənbələr başlayıb. Bütün tamaşaçıları təbrik edirik, qoy Ulu Tanrı Sizləri darlıqdan qurtarsın. Çünki "Ergenekondan çıxış" darlıqdan qurtarmaq deməkdir. Qoy, Ulusumuzun bayramı mübarək olsun!