Hunlardan qalma idarəetmə sistemini yaşadan tayfa - Kəngərlilər

APA TV-nin "Səsli tarix" layihəsinin növbəti buraxılışı Azərbaycan xalqının soy-kökünün formalaşmasında iştirak etmiş tayfalardan birinə - kəngərlilərə həsr olunub. Tarixdə peçenek kimi tanınan kəngərlilərin Azərbaycanla bağlılığı, dini dünyagörüşləri, tarixdə oynadıqları rol, tayfanın hunlardan qalma unikal idarəetmə sistemi barədə proqramın aparıcısı, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin söhbətlərini maraqla dinləyəcəyinizə əminik.

 

Soyumuzun formalaşmasında iştirak etmiş türk tayfası - Kəngərlilər

 

Avropa mərkəzçilik nəzəriyyəsinə inansaq, Kəngərli tayfasının tarixini araşdırmağa Çin ərazisindən başlamalıyıq. Çin mənbələrində eramızdan əvvəl 4-cü əsrdən eramızın əvvəlinə qədər Kxan Qyuy dövlətinin olduğu haqqında məlumat verilir və kxanqlıların usunlular, hunlarla birgə yaşadıqları qeyd edilir. Mənbənin yazdığına görə, onlar Qərbə doğru irəliləyərək Balxaş gölü sahilində yeni bir ərazini ələ keçirərək Kxan Qyuy adlandırıblar. 100,200 il keçdikdən sonra kxanqlıları indiki Şaş, yəni Daşkənd ərazisində görürük.

 

Məsələn, “Özbəkistan SSRİ tarixi” əsərində kəngərlər hətta vəhşi kimi təqdim olunur. Ancaq tacik xalqının tarixini yazmış Qafurov bu məsələyə nisbətən fərqli yanaşır. Kəngərlərin Volqaboyu və Şərqi Avropada görünmələri 8-ci yüzilliyə aid edilir. Bu klassik nəzəriyyəyə əsaslanan nəzəriyyədir.

 

Digər tərəfdən kenqres və yaxud kanqarq adlı xalqı, etnosu indiki İraqın şimalında görürük. Tarixi ədəbiyyatda sumer, şumər deyə tanınan xalq özünü ınkeqa və yaxud kenqres adlandırır.

 

Kəngərliləri Azərbaycanla nə bağlayır?

 

Kəngərlilər Azərbaycan türklərinin soykökündə iştirak etmiş ən qədim türk tayfalarından biridir. Ptolomey öz əsərində qeyd edir ki, miladdan öncə 2-ci əsrdə Şamaxı ilə Bakı arasında Kenqer, Kanqar şəhəri mövcud olub. Sonrakı mərhələdə gürcü və hay qaynaqlarında, daha doğrusu, pəhləvi qaynaqlarında Kanqarq vilayətinin olması haqqında məlumat verilir. Həmin vilayətin tarixi coğrafiyasına baxsaq, o zaman Kanqar vilayətinin indiki Ermənistan Respublikasının şimalını, indiki Gürcüstan Respublikasının cənubunu, daha dəqiq desək, Borçalı mahalını, Naxçıvanı və Qarsı əhatə etməsi haqqında məlumat var. Həmin bu kanqarqların, kəngərlərin erkən orta əsrlərdə, 8-ci əsrdən başlayaraq Rusiya çöllərində peçenek  adı ilə tanınması başlanır.

 

“Kəngər” sözünün mənası nədir?

 

Bununla bağlı bir çox versiyalar var. Məsələn, Fəzlullah Rəşidəddində “kanlı” formasında işlənir. Bizim dilimizdə "Sağır nun" səsi olsa da, çox təəssüf ki, əlifbamızda öz əksini tapmayıb. Yəni, bu söz sağır nunla, “kanlı” formasında işlənir. “Oğuznamə”yə fikir versək, orada qeyd olunur ki, “kanlı” araba düzəldənlər deməkdir. Rusiya tarixşünaslığında kəngərli “zasnovıe lyudi”, yəni küknar adamları mənasında işlədilir. “Kitabi Dədə Qorqud”da adı çəkilən 9 ixtiyardan birinin adı  Kanqlı Qoca kimi keçir.

 

Erkən orta əsrlərdə kəngərliləri nəinki, Cənubi Qafqazda, Çində, eyni zamanda Şərqi Avropa düzənliyində fəaliyyət göstərən tayfa kimi görürük. Məsələn, gürcü mənbələrində qeyd olunur ki, Sasanilər dövlətinə qarşı mübarizədə peçenek elindən olan Bazuk və Anbazuk adlı iki qardaş baqrationilərə yardım edir ki, onlar sasanilərə qarşı döyüşsünlər. Bəs Şərqi Avropa düzənliyində biz nəyi müşahidə edirik? Peçenek adlı tayfa öz yaşayış arealını genişləndirərək ilk növbədə macarlarla toqquşur, brendeylər, torqlar, uzlarla birləşirlər. Dilləri ilə bağlı araşdırma aparan alimlər qeyd edirlər ki, peçenek dili indiki türk dillərinin qərb, yəni oğuz qoluna aiddir.  

 

Onların fəaliyyətini araşdırarkən ilk növbədə Konstantin Baqdanarodnı, bəzən də Konstantin Parfanarodnı adlı müəllif peçenekləri 8 femə bölür. O qeyd edir ki, bu femlərin içərisində kəngərlilər xüsusilə seçilirlər. Onlar təkcə fəaliyyətə görə deyil, eyni zamanda antropologiyalarına görə də digər peçeneklərdən fərqlənirlər. Məsələn, boylarının ucalığı və 3-cü saç örtüyünün inkişafı...

 

Kəngərlilər knyaz Svyatoslavın başını niyə kəsdilər?

 

Faktiki olaraq, bugünkü Kiyev Rusiya dövlətinin qurucusu olan Rüriklər mənşəcə normandır. Onlar dövləti Kiyevdə yaradır və peçeneklərlə ittifaqa girirlər. Peçeneklərlə ittifaqda olan Kiyev rus knyazı Svyatoslav güneyə doğru, Xəzər xaqanlığına yürüş edir. 965-ci ildə Svyatoslav Xəzər xaqanlığına yürüşündə peçeneklərlə normanların dəstəsi ilə birgə hərəkət edir. Bu, Xəzər xaqanlığı üçün  çox böyük zərbə olmuşdu. 969-71-ci illərdə isə Xəzər xaqanlığının var-dövlətinə dadanmış Svyatoslav Xəzər xaqanını xəbərdarlıq etmədən təkbaşına yürüş edir. Svyatoslav çoxlu qənimətlə geri qayıdarkən Dnepr astanasında Kür xaqanı onu mühasirəyə alır və qətlə yetirir. Mənbələr qeyd edir ki, sonradan Kürxan Svyatoslavın başından piyalə düzəltdirir və içki içən zaman həmin başdan piyalə kimi istifadə etmişdi.

 

Kəngərlərin dini dünyagörüşləri nə olub?

 

Mənbələrin yazdığına görə, xristianlar onların içərisinə missionerlər göndərirmiş. Onlardan birinin adı Bruno idi. O, sonradan gündəliyində qeyd edirdi ki, çox təəssüf ki, mən cəmi 30 peçeneki xaç suyuna çəkə bildim. Təbii ki, o zaman 800 min sayı olan xalq üçün bu rəqəm çox az idi. Sonradan peçeneklər dini baxımdan bölünürlər. Yəni, Tyax xaqan və peçeneklərin çox böyük bir qismi islam dinini qəbul edir, Keqenin başçılıq etdiyi çox kiçik digər qisim isə xristian dinini qəbul edərək Bizansa sığınır. Bu peçeneklər 1071-ci ildə Avropa, rus mənbələrinin Mansıkert, bizim mənbələrin isə Malazgird adlandırdıqları yerdə Səlcuq ordusu ilə üz-üzə gəldilər.

 

Peçeneklərin islam və xristianlıqdan öncəki dini inancları

 

Bu məsələdə bir ad xüsusi rol oynayır. Femlərdən birinin adı Kuarçi Çur adlanır. İstər Suriya, istərsə də qədim pəhləvi qaynaqlarında Kuar dedikdə hunların baş tanrısı nəzərdə tutulurdu və deyilirdi ki, bu, İldırım tanrısıdır. Və əgər tayfanın adı da bu adı daşıyırdısa, demək ki, onların dini inancları qədim türk inancları idi. Burada şamançılıq elementləri, zoolontrik, totemçilik, bozqurda inam vardı. Eyni zamanda astral kultlar içərisində birinci yeri təbii ki, məhz İldırım tanrısı tuturdu.

 

Qıpçaqlarla peçenekləri bir-birinə qırdıran Bizans

 

1071-ci ildə xristian peçeneklər Bizans ordusunun tərkibində döyüşürdülər. Onlara qarşı gələn səlcuqlarla döyüşdən əvvəl “ura” sözünü eşidəndə soydaş olduqlarını görürlər. O zaman peçeneklərin xristian qismi səlcuqlar tərəfə keçir. Səlcuqların peçeneklərlə ittifaqa girməsi təbii ki, ilk növbədə Bizansı narahat edirdi. Öz ənənəsinə sadiq qalaraq müxtəlif türk xalqlarını bir-birinə qırdırmağa öyrəşmiş Bizans bu dəfə qıpçaq və peçenek qarşıdurmasından istifadə edir. 1091-ci il peçenek xalqının tarixində ən böyük faciələrdən biri hesab edilə bilər. Belə ki, Bizans və qıpçaqlar tərəfindən sıxışdırılan peçeneklərin böyük bir qismi bir gecədə qətlə yetirilir. Çox zaman Bizans qaynaqları bu günahı qıpçaqların boynuna qoymaq istəyir. Lakin burada bir məqam var. Həmin mənbə yazır ki, Bizans ordusunun əsir tutulanları kütləvi şəkildə edam etməsindən iyrənən və çəkinən qıpçaqlar Bizansla ittifaqdan əl çəkdilər.

 

Kəngərlilərin hunlardan qalma idarəetmə sistemi

 

Türklər faktiki olaraq, hun, göytürk dövründən qalma idarə sisteminə malik idilər. Ailə sistemi, yaşayış tərzi istər-istəməz dövlətin yaranmasına gətirib çıxarır. Peçenek xaqanlığının idarə strukturu necə idi? Hakimiyyətin başında xaqan dururdu. Onun çox qəribə seçki sistemi vardı. Xaqanın müqəddəsliyini qorumaq üçün xaqan seçilən adamın boynuna eyni vaxtda 2-3 yerdən kəmənd atıb sıxardılar. Bu zaman ondan “sən bizə neçə il xaqanlıq edə bilərsən?” deyə soruşardılar. Canı ilə əlləşən adam o an hansı rəqəmi söyləsəydi, deyərdilər ki, “bu rəqəmi ona müqəddəs ruh deyib”. “Dədə Qorqud” filmində də Qazan xanı hər tərəfdən sıxanda “bizə neçə il xaqan ola bilərsən?” deyə soruşanda, o, “ömrüm boyu” deyə cavab verir və kəmənd atanları atdan yerə salır. Peçenek xaqanlığı idarəçiliyində orijinallıq nədə idi? Hakimiyyət atadan oğula ötürülmürdü. Hakimiyyət qardaş oğluna ötürülürdü. Bunu biz sonradan Səlcuq imperatorluğunda da görürük. Toğrul öləndən sonra hakimiyyət onun qardaşı Çağrı bəyin oğlu Alp Arslana verilir. Ola bilər, Toğrulun övladı yox idi, bununla bağlı idi, amma hər halda adətlərdə oxşarlıq var. Peçeneklərdə idarəçilikdə xaqanın yanında xüsusi məsləhət şurası var idi, adı Gənəş idi. Bu gün Azərbaycan türklərində, xüsusilə qərb dialektində gənəşmək, yəni məsləhətləşmək sözü var. Bu, xaqanın yanında fəaliyyət göstərən parlament idi. Gənəş məclisində adətən, bütün tayfaların ağsaqqalları iştirak edirdi. Gənəşdə çıxarılan nəticə mütləq xaqan tərəfindən yerinə yetirilməli idi. Sonuncu dəfə türk xalqlarının gənəşə toplanmasını biz 1736-cı ildə Muğan qurultayında görürük.

 

Kəngərlər: Azərbaycan türklərinin, qaqauzların, rumınların, moldovalıların ulu əcdadı

 

Kəngərlər türk, hətta qeyri-türk xalqlarının həyatında, etnogenezində iştirak etdiyi kimi, Azərbaycan türklərinin də soykökündə iştirak etmişdi. Hazırda kanqlı formasında etnonimlər Altay türklərinin içərisində yaşamaqda davam edir. Peçeneklər indiki qaqauzların soykökündə iştirak etmiş ən mühüm etnik elementlərdən biri hesab edilir, eləcə də indiki rumınlar və moldovanların soykökündə yaxından iştirak etmiş xalqdır.

 

Şumerlər faktiki olaraq, bugünkü İraqın şimalında, yəni Kərkük, Ərbil, Telefar bölgələrində mədəniyyət yaratmışdılar. Kəngərlilərin azərbaycanlıların soykökündə iştirak etməsini təkcə, soy baxımından deyil, eyni zamanda coğrafi baxımdan da sübut etmək mümkündür. Yəni, pəhləvi və Suriya mənbələrində adı çəkilən Kanqarq vilayəti bugünkü Naxçıvan, bugünkü Ermənistan Respublikasının böyük bir qismini, xüsusilə qismini, bugünkü Gürcüstan Respublikasının cənubunu, eyni zamanda Qars ərazisini əhatə edirdi. Əgər bura Kanqarq adlanırsa, demək ki, əhalisinin böyük bir qismi kəngərlilərdən ibarət olub. Sonrakı mərhələdə kəngərlilərin Azərbaycanın şərqinə doğru irəliləməsi də qeyd olunur.  Məsələn, bugünkü Qarabağ ərazisində kəngərlilərlə bağlı kifayət qədər toponimlər var – Qızıl Kəngər, Qırmızı Kəngər. Bakı, Şamaxı yaxınlığında Kanqar adlı şəhər olub. Bu o deməkdir ki, kəngərlilər Şimali Azərbaycan, eyni zamanda cənub-qərbi Azərbaycan torpaqlarının böyük bir qisminə yayılmışdılar. Kəngərlilərin bölündüyü qolları bu gün biz bir çox kəndlərin adlarında də görə bilərik - Qaradolaqlı, Qarabulaq. Mənbələrdə qeyd olunur ki, bu adların çoxu kəngərlilərlə bağlıdır. Bir qismi isə elə Kəngər adını bütöv formasında qoruyub saxlayır, İrtımlı formasında. XIX əsrə qədər Jiquli dağları Peçenek dağları adlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR