Qafqazlardan Berinq boğazına qədər gedən "Günəş ovçuları" - SİBİR TÜRKLƏRİ

APA TV-nin "Səsli tarix" layihəsinin növbəti buraxılışı Sibir ərazisində məskunlaşmış türk xalqlarına həsr olunub. Proqramda Ural dağlarından Berinq boğazınadək geniş bir ərazidə yaşayan türklər haqqında, onların mədəniyyəti, fərqli inanc sistemləri, yazılı abidələri, adət-ənənələri, tanınmış şəxsiyyətləri haqqında geniş məlumat verilir.

 

 

Sibirin ən köklü türk milləti - Altaylar

Türk xalqlarının yayılma arealı Berinq boğazından Avropanın içərilərinə doğru böyük bir ərazini əhatə edir, türklər Avrasiyanın mülayim qurşaq zolağında məskunlaşmış bir xalqdır. Ural dağlarından Berinq boğazına qədər olan ərazi coğrafi ədəbiyyatda Sibir və Uzaq Şərq regionu adlandırılır. Sovet dövrünün linqvistik təsnifatını nəzərə alsaq, bu böyük ərazidə türk xalqlarından altaylar yaşayır. Altaylar özləri özlərini Altay kiji adlandırırlar. Onlar özləri də iki qismə ayrılır, şimal altayları və cənub altayları. Qəribə budur ki, altaylar inzibati baxımdan iki qismə ayrılıblar. Şimal hissədəki altaylar daha çox qırğızlara yaxındırsa, cənub tərəfdəkilər daha çox uyğurlara yaxındır. Son təsnifatlarda cənub altaylara aid edilən telelər və teleqitlər artıq qeydiyyatda ayrı bir millət kimi keçir. Şimaldakılar da Altay adını daşıyır.

 

Ən şimalda yaşayan türklər - dolqanlar

Sibirdə məskunlaşmış digər xalqalrdan biri də dolqanlardır. Dolqanları tarixi və coğrafi ədəbiyyatda "ən şimal türkləri" adlandırırlar. Çox vaxt sayları 8000 olan dolqanları, yakutların etnoqrafik qrupu kimi qəbul etdirmək istəyirlər. Bu, nə ilə bağlıdır? 50-ci illərdə, Stalin rejimi çökəndən sonra, bütün türk xalqları üçün kütləvi şəkildə dərsliklər hazırlanmağa başlandı. Bu zaman dolqanların orta məktəblərinə göndərdiyi kitablar yakut dilində idi. Ona görə də hazırda Taymır yarımadasında yaşayan dolqanlar demək olar ki, yakutlarla eyni dildə danışmağa başlayıblar.

 

Sayı yarım milyonu keçən türk qrupu - Sibir tatarları  

Sibirin sayca çox olan ən böyük türk xalqlarından biri Sibir tatarlarıdır. Çar Rusiyası dövründə türk xalqları ümumilikdə tatar adı altında birləşdirilmişdi. Sayları 522 minə çatan Sibir tatarları bütövlükdə Sibir türkləri içərisində azlıq təşkil edir. Tatarların bir qismi özünə İrtış türkləri, bir qismi Tobo türkləri, bir qismi Çulum türkləri adlandırır.

 

Dəmirçi xalq sayılan şorlar, Qırğız Xaqanlığının varisləri olan xakaslar

Bir sıra iddialara görə, şorlar ilk dəmirçi xalq olublar. Kemerovo vilayətində yaşayan şorların sayı 16 min nəfərə yaxındır. Onları daha çox xakaslara yaxın qrup hesab edirlər. Entogenez baxımından xakaslarda gedən proseslər çox mürəkkəbdir. Xakasları adətən qədim qırğız xaqanlığının varisləri hesab edirlər.  Xakasların özləri də Kaçinlilər, kızıllılar, koyballar deyə qollara bölünürlər. Həmin qolların da hər biri müstəqil dialektdə danışırlar.

 

SSRİ-nin tərkibinə qatılan son türk dövləti - Tuva

Sibir türkləri arasında sayı 300 min nəfəri keçən xalqlardan biri tuvalılardır. Onların adları bəzən tuva, bəzən tva şəklində işlənir. Tuvalıların özlərinin bu etnonimi "tva" formasında işlədir, lakin Çin mənbələrində qaquy, tulu fele formalarına da rast gəlinir. Tuvalıların etnogenetik prosesində təkcə türk xalqları deyil, eyni zamanda monqollar da iştirak ediblər. Təbii ki, çox yaxın dövrə qədər onlar vahid tuva adı altında birləşməmişdilər. Onlarla bağlı tocinlilər, soyotlar və digər formada adlar işlədilib. Müstəqil dövlət qurumuna malik olan tuvalılar, XX əsrin əvvəllərinə qədər, yəni 1920-ci ilə qədər Tsin sülaləsi tərəfindən idarə edilirdi. Tsin sülaləsini Çində burjua inqilabı nəticəsində devirmişdilər. Qarışıqlıq dövründən istifadə edən Rusiya 1914-cü ildə tuvalıları, yəni Tuva  vilayətini öz protektoratı altına aldı və 1921-ci ildə Tuva müstəqil respublika eıan olunur. 1944-cü ilə qədər mövcudluğunu qoruyan bu müstəqil türk dövləti SSRİ-nin tərkibinə əvvəlcə muxtar vilayət statusunda qatılır, sonra isə muxtar respublika statusu alır. Tuvalılar içərisində bir çox görkəmli şəxsiyyətlər çıxıb.

 

Özlərini saxa adlandıran yakut türkləri

Yakutlar əsasən iki ərazidə kompakt formada yaşayırlar. Bu ərazilərdən biri Uzaq Şərq, digəri Sibirin şimal hissəsidir. Yakutların Kurikan adlı qəbilədən törədiyi iddia olunur. Onlar Atur adlı rəhbəri başçılığı altında özlərinə inzibati qurum qurmağa nail olubdular. Keçmiş rus-sovet ədəbiyyatında yakut adlandırılsalar da, onlar özlərinə Saxa, yəni saka deyirdilər. Son rəqəmlərə görə, yakutların sayı 478 min nəfərdir.

 

Sibir türklərinin dini inancları - islam, pravoslav, buddist, burhanist və şamançı türklər

Dini baxımdan Sibirdəki türklər müxtəlif dinlərə tapınıblar. İslam Sibirə Qızıl Orda dövləti qurulan vaxtdan nüfuz etməyə başlayıb. Xüsusilə də XIV əsrin sonu, XV əsrin əvvəlləri Sibir türklərinin paytaxtı Kaşlık Tumen olmaqla, böyük bir dövlət yaranmışdı. Sonradan bu dövlət Rusiya tərəfindən işğal edildi. Sibir türklərinin başçısı olan Kuçum xan uzun müddət işğala qarşı mübarizə aparıb, lakin 1598-ci ildə Sibir Rusiya tərəfindən tam işğal edilir. Sibir türklərinin tapındığı dinlərdən biri buddizmdir. Buddizm dini daha çox tuvalılar arasında yayılıb. Bu da daha çox Çin təsiri ilə bağlıdır. Dolqanlar, xakaslar pravoslav sayılsa da, onlar arasında daha çox şamançılıq yayılıb. Altay türkləri isə daha çox burhanizmə inanırlar. Burhançılıqla bağlı da müxtəlif iddialar var, ona bəzən ağ şamançılıq da deyirlər. Burhan sözünün kökündə Börü xan, yəni qurd xan dayanır. Bu da türklərin daha əski inancı olan qurda inamla bağlıdır.

 

Arxeoloji qazıntılar: Sibir türkləri Azərbaycan türkləri ilə eyni irqə məxsusdur

Sibir türklərinin məskunlaşdığı ərazilərdə aparılan arxeoloji qazıntılar türklərin bu ərazilərdə qədim tarixə malik olduğunu isbatlayıb. Buna misal olaraq Afanasyev mədəniyyətini, Andronov mədəniyyəti və ən mühüm mədəniyyətlərdən biri olan Pazrıq kurqanlarını göstərmək olar. Pazrıq kurqanından tapılan külçə üzərindəki rəsmdə Qafqaz görünüşlü adam təsvir olunub. Qafqaz görünüşlü adam ensiz sifətli, uzun başlı bir adamdır. Təbii ki, Sibirdə Avropoid irqinin olması keçmiş sovet elmi ilə daban dabana ziddir. Sovet ədəbiyyatına görə, qədim türklər daha çox monqoloid olub. Xüsusilə son dövrdəki araşdırmalar zamanı dinlinlərdən qalmış qəbirlərin aşkar edilməsi, uzun başlı adamlar şəkilləri bir daha sübut edir ki, Sibir ərazisində yaşayan xalqlar irqi baxımından monqoloid irqinə deyil, daha çox ağ irqin cənub qoluna aid olublar. Ağ irqin cənub qoluna Sibir türklərinin doğma qardaşları olan Azərbaycan türkləri də aiddir.

 

Türklərin qədim yazılı abidələri

Sibir və Uşaq Şərq türklərində yazı materialından çox istifadə olunub. O zaman Sibirdə yazıları daş üzərində, Misirdə papirus üzərində yazılırdı. Qədim türklərin ən böyük yazılar olan Orxon-Yenisey abidələrinin bir qismi indiki Sibir ərazisində yerləşir. Bu da həmin bölgənin əhalisinin qədim mədəniyyətə malik olmasından xəbər verir. Orxon-Yenisey yazılarında istifadə edilən hərflərlə, hazırda Krit adasında tapılan yazı növü arasında müqayisə, eyni zamanda etrusk yazıları arasında aparılan müqayisə göstərir ki, bu xalqların mənşəyi birdir. Yazılı abidələr təsdiq edir ki, türklər iddia olunduğu kimi Şərqdən Qərbə deyil, Qərbdən Şərqə doğru köç ediblər. gediblər. Krit yazıları miladdan öncə 3-cü minilliyə aiddirsə,  Sibir ərazisində tapılan yazılar xeyli cavandır və 7-9-cu əsrləri əhatə edir. Yazılı abidələrlə yanaşı Sibirdə xorxo deyilən yazı növləri var. Biz onlara daş qoçlar deyirik. Həmin daş qoçlarda balballar formasında, yaxud daş üzərində əlini çatmış insan formasında xeyli təsvirlər əldə edilib.

 

Sibir türklərinin dastanları və tamğalar

Sibir türklərində də digər türk xalqlarında olduğu kimi şifahi xalq ədəbiyyatı geniş yayılıb. Buna misal olaraq, Yakut dastanlarını, Olonxolar, Madaykara dastanlarını göstərmək olar. Sibir türkləri tərəfindən yaradılan bu dastanlar bütün türk xalqlarının ortaq dastanları sayılır.

 

Sibirdə arxeoloji qazıntılar zamanı müxtəlif tamğalar da aşkar edilib. O tamğaların bir qismi bu gün bizim nənələrimizin toxuduqları xalçalardakı qoç buynuzu formasındadır. Və yaxud Oğuz türklərinin müxtəlif tamğalarına biz Sibirdə də rast gəlirik. Günəş simvolu olan çərxi-fələk, həm Sibirdə, həm Qafqazda aşkar edilib. Əgər bu gün biz Mengi daşları üzərinə çəkilən rəsmlərlə mezolit dövrü rəssamlıq əsərlərini müqayisə etsək, görərik ki, bunların arasında həddindən artıq yaxınlıq var.

 

Qafqazdan Altaylara doğru köç edən "Günəş ovçuları"

Tamğaların təhlili göstərir ki, neolit dövründə Cənubi Qafqaz ərazisindən Volqaboyuna, həm də Türkmənistanı keçməklə Sibir istiqamətinə doğru türk tayfalarının axınları olub. Bəs türklər niyə Altaylardan Avropaya doğru deyil, əksinə Qərbdən Şərqə doğru köç ediblər? Yer kürəsində buzlaşma dövrü 100.000 il bundan əvvəl başlayıb. Avrasiyanın buzlaşmaya məruz qalmayan ən böyük yerlərdən biri Qafqaz, xüsusilə də Kiçik Qafqazın ətəkləri idi. Digər ərazilərdə buzlağın qalınlığı 1 kilometrə çatırdı. Mezolit dövründə buzlaşma get-gedə əriməyə başlayır. Buzlar geri çəkildikcə, artıq sayları artan tayfaların istər-istəməz yerdəyişməsi baş verir. Tarixdə buzların əridiyi ərazilərə köç edən tayfalara günəş ovçuları deyirdilər. Çünki bu tayfalar günəşin ardınca getməyə başlayırdılar. Çünki buzlar əridikcə nəbatat aləmi zənginləşirdi, həm də sayı artırdı. Həmin tayfalar Qərbdən Şərqə doğru getməyə başladılar. Afanasyev adlı yakut alimi demişdi ki, "biz ayrıldıq, günəşin arxasınca getdik, sonra dəniz başladı və dayanmaq məcburiyyətində qaldıq". O dövrkü türk qəbirlərində mərhumun ayaqları Şərqə, başı Qərbə doğru dəfn edilirdi. Bununla sanki ölünü dəfn etməklə, türklər özünün hərəkət istiqamətini göstərməyə çalışırdı. Qərb-Şərq məsələsi sonradan Səlcuqların da bayrağında öz əksini tapırdı.  

Coğrafiyaçılar, antropoloqlar apardıqları araşdırma zamanı, Berinq boğazına qədər getmiş türklərin eyni zamanda qonşu qitəyə yayıldıqları haqqında da məlumat verirlər. Bu, təxminən 40.000 il bundan əvvələ təsadüf edir. Mezolit dövründə Şimali Amerika qitəsində əhali sayının artması müşahidə edilib. Təbii ki, əhali sayının artması, ordan tapılan qəbir abidələri ilə müəyyən olunur. Şimali Amerika hindularına birbaşa türk demək mümkün deyil, amma türklərlə Şimali Amerika hindularının əcdadlarının bir olma versiyası var. Bununla bağlı Kvanorov, Miller və digər tarixçilər araşdırma aparıblar, xüsusilə də Danimarka alimləri Şimali Amerika hindularını Sibir tatarları da adlandırırdılar. Amerika tatarları dedikdə Sibirdən keçmiş Şimali Amerikada məskunlaşmış türklər nəzərdə tutulurdu.

 

Sibir türklərinin görkəmli nümayəndələri - Sergey Şoyqu, Astafyev, Aksionova...

Sibirin türk xalqları dünya elminə Kıxlasov kimi, Astafyev kimi, şor ədəbiyyatının qurucularından sayılan Aksionova kimi alimlərlə yanaşı Rusiya dövləti üçün də xeyli şəxsiyyətlə yetişdirib. İstər tuvalılıar, istər xakaslar, istər şorlar, istər dolqanların çox görkəmli şəxsiyyətləri var. Onllara Sergey Şoyqunu misal göstərə bilərik. Şoyqu əslən tuvalıdır və Rusiyanın ən strateji postlarından biri olan müdafiə naziri vəzifəsini icra edir.

 

 

Novruz bayramı, maldarlıq, qurut - Sibir və Qafqaz türklərinin ortaq nöqtələri

Antropoloji cəhətdən Sibir türklərinin böyük bir qismi Turan irqinə aid edilir. Turan irqi termini 20-ci əsrin əvvəllərində meydana çıxıb və Eykşti tərəfindən irəli sürülüb. Turan irqi klassik monqoloid irqi deyil. Sibirin daha çox şimal qərb hissəsində yaşayan türklər, Ural və Turan irqlərinə aid edildiyi halda, yakutlar Mərkəzi Asiya irqinə aid olunurlar. Sifətin uzunluğuna görə iki xalqı daha yaxın hesab edirlər. Bunlar yakutlar və Şimali Qafqazda yaşayan kabardinlərdir. Bundan əlavə onların məişətində Qərbdən gələn element müşahidə edilir. Təbii ki, bu, birinci növbədə onların məşğuliyyətində öz əksini tapır. Sibirin, Uzaq Şərqin şimal qurşağında yaşayan yakutlar hələ də maldarlıqla məşğuldurlar. Qohumluq əlaqəsi olaraq, Sibirin türk xalqlarında "seok", yəni sümük anlayışı var. Bu qohumluq mənasını bildirir. Bu gün qeyd etdiyimiz Novruz bayramı Sibirdə "jıllbaşı", yəni "ilbaşı", "jılbatır", yəni ilin sonu adı ilə qeyd olunur. Onlar da Novruz bayramını tonqal qalayaraq qeyd edirlər. Bu da təbii ki, Novruz bayramının İran mənşəli olmadığına daha bir sübutdur. Digər bir misal. Berinq boğazından Anadoluya qədər türklərin məişətində geniş istifadə olunan məişətimizdə qurut, yakut dilində də, Azərbaycan türklərinin dilində də qurutdur.

Müəllif | Apa.Tv
Vüqar Məsimoğlu

OXŞAR XƏBƏRLƏR