Tarixi Malazgirt zəfərinə imza atmış türk dövləti - BÖYÜK SƏLCUQ XAQANLIĞI
APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Böyük Səlcuq Xaqanlığına həsr olunub. 130 ilə yaxın mövcud olmuş bu böyük dövlət özündən sonra türklərin dövlətçilik ənənələrinin formalaşmasında böyük rol oynayıb. Dövlət başçısının qurultayda seçilməsi ənənəsini yaşadan, Bizansı fəth edən, tarixi Malazgirt zəfərinə imza atan Səlcuqlular çətin tarixi şərtlər əsasında bir əsrdən çox dövlətlərini yaşatmağı bacarmış, Qafqaz, Anadolu, Mərkəzi Asiya və Yaxın Şərqdə uzun illər hökmranlıq etmişlər. Proqramda Böyük Səlcuq Xaqanlığının inkişafının müxtəlif dövrləri araşdırılır, Toğrul bəy, Alp Arslan və Məlik şah kimi tarixi şəxsiyyətlərin həyatının müxtəlif məqamları işıqlandırılır.
Xorasandan başlayan dövlət qurma idealları - Böyük Səlcuq Xaqanlığının yaranmasının ilk mərhələsi
İstər Yaxın və Orta Şərq tarixində, istərsə də ümumdünya tarixində mühüm rol oynamış Böyük Səlcuq xaqanlığının inkişaf mərhələsi əsasən 3 dövrə ayrılır. Birinci dövr Səlcuq dövlətinin yaranması, ikinci dövr Səlcuq imperatorluğunun böyüməsi, genişlənməsi və yüksəlməsi, üçüncü dövr isə xaqanlığın süqutudur. Tam məsuliyyətlə demək olar ki, birinci mərhələ Xəzər dənizin hər iki sahilində baş verən proses idi. Səlcuqlular, əsasən Oğuz tayfaları içərisində Qınıq boyundan olan tayfa idi. Mənbələrin verdiyi məlumata görə, Qınıq tayfasından olan Tokak müsəlman olmayan bir hökmdarın yanında xidmət edirdi. Bəziləri həmin hökmdarın rəhbərli etdiyi dövləti Xəzər xaqanlığı hesab edir, bəziləri isə həmin dövlətin daha şimalda yerləşdiyini iddia edirlər. Tokak bəy “Dəmir yaylı” ləqəbi ilə məşhur idi. Bir dəfə müsəlman ölkəsinə hücuma hazırlıq zamanı Tokak bəy bu fikirlər razılaşmır və hətta Xəzər xaqanının yabqusu ilə münaqişəyə girir. Sədrəddin əl-Hüseynin yazdığına görə, Yabqu qamçı ilə Tokak bəyin sifətinə vurur, Tokak bəy isə toppuzla vuraraq onu atdan salır. Tokak öldükdən sonra, onun oğlu Səlcuq bəy Qınıq boyunun başçısı, eyni zamanda yabqu vəzifəsinə gətirilir. Sonradan Səlcuq öz adamlarını öz dinindən olan türklərin yanına aparmaq qərarına gəlir. Onun üz tutduğu dövlətin o dövrdə mövcud olan Samanilər dövləti olduğu bildirilir. Eyni zamanda Səlcuqların Qaraxanilər və Qəznəvilərlə də əlaqəsi var idi. Məhz Qəznəvilər tərəfindən Səlcuqlular Xorasan tərəfə yerləşir və Xorasan sözün əsl mənasında Səlcuq dövlətinin qurulması, formalaşması və yüksəliş mərhələsinin ilk dövrünə əhatə edir.
Çağrı bəyin Azərbaycan və Anadoluya kəşfiyyat yürüşü, Bizansı fəth etməyin əsaslandırılması
Səlcuq bəyin oğullarının adı ilə bağlı tarixşünaslıqda xeyli mübahisələr var. Bəzi Qərb yönümlü tarixçilər hesab edir ki, Səlcuq bəyin övladları Mikayıl, İsrail, Yusif və Musanın adı Tövratdan götürülüb. Onları xristian, yaxud müsəvi elan etməyin özü də düzgün deyil. Səlcuqların bu bölgə də get-gedə möhkəmlənməsi, birinci növbədə təbii ki, Qəznəviləri narahat etməyə başlayırdı. Bu narahatçılıq onların arasında get-gedə münaqişələrin baş verməsi və Qəznəvilər tərəfindən Səlcuqların başçısı İsrailin götürülərək, Kalincar qalasına salınması, İsrailin Kalincar qalasından məktub yazaraq, Qəznəvilərə etibar etməməyi tövsiyə etməsi nəticəsində onun iki övladı - Çağrı bəy və Toğrul bəyin yeni bir dövlət qurmaq arzusu artır. Tədbirli adam olan Toğrul, hər iki istiqamətdə mübarizə aparmalı idi. Bir tərəfdən Qəznəvilər, digər tərəfdən isə Qərb istiqamətində. Toğrul Çağrı bəyi kəşfiyyat yürüşünə göndərir. 1015-ci ildə Çağrı bəyin başçılıq etdiyi kəşfiyyat dəstəsi Azərbaycan ərazisinə daxil olur, Naxçıvan və Van ətrafında kəşfiyyat yürüşü edərək, burada Bizansın həddindən artıq zəiflədiyini, eyni zamanda Qafqazdakı müsəlmanların parçalanmış formada olduğunu görür. O dövrdə sayca çoxluq təşkil etsələr də, müsəlmanlar, türklər hakimiyyətdə deyildilər. Kürdən şimalda ərəb mənşəli Şirvanşahlar, Kürlə Arazın ortasında Şəddadilər, Arazdan cənubda isə ərəb mənşəli Rəvvadilər hökmdarlıq edirdi. Bu da Cənubi Qafqazda istər-istəməz müsəlman türklərinin zəifləməsi demək idi. Çağrı bəy geri qayıdaraq, Qərb istiqamətində fəthlərin labüdlüyünü açıqlayır. Bundan sonda dörd nəfər - Buğa, Mənsur, Gökdaş və Dananın başçılığı altında Qərb istiqamətində yürüşə start verilir.
Mərv qurultayı, Toğrulun sultan elan edilməsi və ikibaşlı qartal gerbi
Əvvəlcə səlcuqların böyük bir qismi indiki Kərkük ərazisinə gedir. Qəznəvilərlə Səlcuqlar arasındakı münasibətlərin getdikcə gərginləşməsi, 1038-ci ildə məcburi olaraq Səlcuqların müstəqil bəylik yaratmasına gətirib çıxarır. 1040-cı ildə məşhur Dəndənəkan savaşında Qəznəvilər məğlub olurlar və tarixdə Mərv qurultayı adlanan möhtəşəm qurultay çağırılır. Bu qurultayda Toğrul sultan, övladı olmadığına görə qardaşı Çağrı bəyin oğlu Alp Arslan isə vəliəhd elan edilir.
İkibaşlı qartal, yəni Səlcuqların gerbi məhz həmin Mərv qurultayında elan olunur. Qərara alınır ki, bu simvol Səlcuqların bayrağında əks olunsun. Həmin bayrağın altında isə “Biz həmişə fəth edəcəyik” sözləri yazılıb. Tarix ədəbiyyatında bu faktlar öz əksini geniş tapmayıb. Çünki Səlcuqlar eyni zamanda şimal istiqamətində axınlarını davam etdirirdilər. Toğrul adlanan ikibaşlı qartal simvolunun mənası gerbin formasında əks olunub. Qartallardan birinin başı Şərqə, digəri isə Qərbə baxır. Bu o deməkdir ki, biz həm Şərqi, həm Qərbi fəth edəcəyik. Səlcuqlar bu bayraqda ifadə olunan hədəflərinə sadiq qalırlar, Böyük Səlcuq Xaqanlığı Qara dəniz sahillərinə qədər uzanan böyük bir ərazini əhatə edir.
Toğrulun Bağdada yürüşü, Rəvvadilərin Səlcuqlulara boyun əyməsi, ilk sultanın ölümü
Mərv qurultayından sonra xəlifəyə məktub göndərilir. Səlcuqlular məktubda özlərinin Hənəfi məzhəbindən olduqlarını xüsusi qeyd edir, xəlifədən yardım istəyirlər. Bu dövrdə Bağdad xəlifələri sıxışdırılırdı. Bu səbəbdən Toğrulun ilk səfərlərindən biri Bağdad istiqamətində olur. Rəvvadilər dövlətinin başçısı Vəhsudan Toğrudan öz asılılığını bildirir. Ondan sonra Toğrul Bağdada daxil olur. Toğrul Bağdaddan çıxan kimi Asahil adlanan sərkərdə Bağdadı yenidən fəth edir. 1060-cı ildə sultan Toğrulla Kiyev Rus dövləti arasında münasibətlər qurulur. Oğuz-qıpçaq qarşıdurması məhz bu dövrdən başlayır. Çox təəssüf ki, tarix kitablarında bu fakt əksini tapmayıb. Səlcuqlar eyni zamanda Xəzərin şimalında, Terek çayının sahilində qıpçaqlarla qarşılaşmışdılar. 1063-cü ildə sentyabrın 4-də Toğrul ölür. Toğrulun məşhur kəlamı var idi: “xəstəlik dediyiniz şey, insan üçün ayağı bağlanmış qoyuna oxşayır”. Bu Toğrulun məntiqlə məşğul olduğunu göstərir. Toğrul öləndən sonra hakimiyyətə Çağrı bəyin oğlu Alp Arslan gəlir. İbrahim İnalın Toğrula qarşı üsyanı zamanı Alp Aslan İnalı darmadağın etmişdi.
Alp Arslan dönəmi - Səlcuqluların yüksəliş dövrü
Alp Arslan dövrü Səlcuq dövlətinin yüksəlişi demək idi. Paytaxt Nişapurdan Reyə köçürülmüşdü, oradan da İsfahan şəhərinə köçürülüb. İsfahan Böyük Səlcuq imperatorluğunun paytaxtınas çevrilir. Böyük Səlcuq imperatorunun bu ənənəsini sonradan Böyük Şah Abbas da davam etdirmişdi. Alp Arslanın dövründə fəthlər davam etdirilir, amma Alp Arslanın əsas diqqəti qərbə yönəlmişdi. Hədəf ilk növbədə Bizansın Cənubi Qafqazdakı nüfuzunu sarsıtmaq və fəthləri davam etdirmək idi. Alp Arslan o dövrdə Naxçıvana gəlir. Loruya çatanda Alp Arslan, minlərə müsəlman olmayan türklər islamı qəbul edirlər. İndiki Şəki ərazisində toqquşma baş verir. Yerli türklərdən olan Tuğtəkin Alp Arslana məsləhət verir ki, kafirlər, yəni Bizansla birləşən gürcülər güney Qafqazdakı müsəlmanlar üçün təhlükə törədirlər. Ona görə də Alp Arslan qərara gəlir ki, Şəki hakimi Axsarxanı cəzalandırsın. Alp Arslan Axsarxanla görüşür, mənbənin yazdığına görə, onlar qucaqlaşıb, ağlayırlar. Çünki Alp Arslan belə bir ifadə işlədir ki, o kökü saf olan nəsildəndir. Bu ifadə çox güman ki, Şəki hakiminin türk olması ilə əlaqəlidir. Tarixçilər Alp Arslanın Tiflisi bəyənməsi, Davud peyğəmbərin dövründə salınmış hamamda çimdiyini söyləyirlər. Gürcü çarı Baqratın ona tabe olduğu, sonradan ona qarşı çıxdığı da bildirilir. Bu, 1066-cı ildə Alp Arslanın həmin ərazilərə növbəti səfərinə səbəb olur. Baqrat külli miqdarda xərac verərək, öz canını xilas edə bilir.
Türklərin Anadoluya qapısı - Malazgirt zəfəri!
Alp Arslanın, eləcədə bütün türklərin həyatında ən müdhiş hadisə 1071-ci ildə Malazgirt savaşı olub. Təbii ki, bu savaşı səlcuqlular planlamamışdılar. Alp Arslan hələ Suriyada olarkən, Minbic əhalisi məktubla Arslana müraciət edir. Sultan az bir qüvvə ilə hərəkət edir və vəziri Nizami-Mülkə məktub yazır: “Bu savaşda mən ölsəm, bu ölüm Allah-təalanın mənə qarşı lütfüdir. Mən şəhid ola bilərəm, amma qalib gəlsəm, hər kəsə İslamın zəfəri barədə məlumat verilsin”. Əvvəlcə 14 avqustda Əz-Zöhrə adlanan yerə gəlir, bu zaman Bizans ordusunun yaxınlaşdığı haqqında xəbər gəlir. Bizans imperatoru əmin idi ki, bu müharibədə qalib gələcək. Çünki qarşısında cəmi 15.000 nəfərlik Səlcuq ordusu var idi. Alp Arslan Saftəkin Alxası Bizans imperatorunun yanına göndərərək savaşmamaq haqqında təklif verir. Lakin təkəbbürlü imperator cavab verir ki, “sülh müqaviləsi atlarımız Təbrizdə su içəndən və Rey şəhərində tövlələrdən birinə bağlandıqdan sonra imzalanacaq”. Döyüş başlayır. Bizans imperatorunun arxasında gürcü, ermənilərdən ibarət dəstələr dayanmışdı. Sağ və sol tərəflərdə isə xristian türklər dayanmışdı. Döyüş başlanandan qabaq Səlcuq ordusu “ura”, “ura” deyə səslənirdi, qarşı tərəf də “ura” “ura” deyə döyüşə girəndə məlum olur ki, hər iki tərəf eyni mənşəlidir. Nəticədə Xəzər mənşəli olan türk qoşun başçısı səlcuqların tərəfinə, öz soydaşlarının tərəfinə keçir. Axşama doğru Bizans ordusu tamamilə məhv edilmişdi. Bir nəfər qul, roman Diogeni əsir tutmuşdu. Bu qulu vaxtilə Saciddövlə adlı bir adam Nizamilmülkə satmışdı. Nizamilmülk də deyirmiş ki, sən də bu qulu o qədər təriflədin ki, elə bil Rum qeysərini əsir tutub gətirmisən. Belə olur ki, həmin qul Rum qeysərini, yəni roman IV Diogeni əsir tutur. Bu gün də Avropa dərsliklərində türkü aşılamaq üçün bir rəsm var, guya Alp Arslan taxtda oturub, ayağının altında da roman IV Diogeni saxlayır. Bu kökündən yanlışdır, bu fakt təsdiq edilməyib. Hətta Alp Arslan onun yeri öpməsinə icazə vermir. Alp Arslan roman IV Diogenə deyir ki, mən səni azad edirəm. Amma Diogen geri qayıdan kimi onu sarayda edam edirlər. Malazgirt savaşı türklər üçün yol açdı.
Türkiyə, Azərbaycan və Türkmənistan dövlətçiliyinin sütununda duran hökmdar - Alp Arslan!
Bugünkü Anadolu türkləri o torpaqlara Xorasandan gəliblər, amma Azərbaycanda möhkəmləndikdən sonra. Alp Arslanın idarəçilikdə təcrübəsi vardı. Bir dəfə vəziri Nizamülmülklə bağlı anonim şikayət yazılmışdı. O Nizamimülkü yanına çağırıb demişdi ki, əgər məktubda yazılan kimidirsə, özünü düzəlt, elə deyilsə, məktubu yazanı tap, ona divanda iş ver və o görsün ki, divanda işləmək nədir. Alp Arslan bu qələbədən sonra xəlifə tərəfindən mükafatlandırılır və ona Müzəffərəddin, yəni dinin zəfəri adı verilir. Alp Arslan ömrünün sonuna yaxın, Amudərya Sırdərya çaylarından başlayaraq, bugünkü Anadoluya qədər uzanan, cənubda isə Misir sərhədlərinə uzanan böyük bir dövlət qoyub gedir və bu böyük hökmdar 1072-ci ildə dünyasını dəyişir. Ölümündən öncə o belə bir yuxu görür: Yuxuda ordu ilə gedərkən ordunun atlarının dırnağından yer titrəyir. Alp Arslan yuxunu danışanda deyir ki, o titrəyişi duyanda özümü hökmdar hiss elədim. Alp Arslanın ölümü ilə bağlı belə bir fakt var. Səmərqənd ətrafında qalalardan birini mühasirəyə alarkən, oradakı əsrilərdən biri deyir ki, məni əl-qolu halda hüzuruna gətiriblər, qolumu aç, gəl, döyüşək. Hər ikisinə ox verirlər. Alp Arslanın oxu yan keçir. Həmin adam xəncərlə Alp Arslanın sağ tərəfinə vurur və Alp Arslan bu yaradan üç gün sonra dünyasını dəyişir. Alp Arslan bugünkü Türkiyənin, Azərbaycanın və Türkmənistanın sütununda duran hər üç dövlətin qəhrəmanıdır.
Məlikşahın vəfatı, yeddi yerə bölünən Böyük Səlcuq Xaqanlığı
Alp Arslanın ölümündən sonra hakimiyyətə gələn Məlikşah atasının yolunu davam etdirir. Bu qüdrətli hökmdar hətta Qara dəniz sahillərinə gedib, qılıncını çıxararaq, sahilə sancır və məşhur kəlamı söyləyir: “Baba, mən sonuncu dənizə qədər çatdım”.
Məlikşahin vəfatından sonra 1092-ci ildə artıq Alp Arslan dövründə başlamış savaşlar genişlənirdi. İç savaşlar başlayırdı. Alp Arslan dövründə bu cür savaşların qarşısı alınırdı. Alp Arslan dönəmində Rum Səlcuq sultanlığında Süleyman üsyanı yatırılsa da, sonra da mərkəzi Konya (Rum) olan Anadolu Səlcuq sultanlığı, Suriya ərazisində Tutuş tərəfindən yaradılan Suriya Səlcuq Sultanlığı, İraq Səlcuq sultanlığı və indiki İranın bir hissəsini əhatə edən Kirman Sultanlığı, eyni zamanda Xəzərdən də Şərdə isə Səlcuq Sultanlığının varisi hesab ediləcək, Sultan Səncər tərəfindən idarə edilən sultanlıq mövcud idi. Lakin rəsmi olaraq bu sultanlığın parçalanması Sultan Səncərlə Məhəmməd Təpər arasında aparılmışdı. Bu ilk bölgü idi. Xəzərin şərq hissəsi Sultan Səncərə, qərb hissəsi isə Məhəmməd Təpərə aid edilmişdi. Bu dövlətlərin içində xüsusi əhəmiyyət daşıyan İraq Səlcuq Sultanlığı idi. Bu dövlətdən qərbdə yerləşən Anadolu Rum Səlcuq sultanlığı idi.