“Diriliş Ərtoğrul” serialında hansı tarixi xətalara yol verilib?

APA TV-də yayımlanan “Səsli tarix” verilişinin növbəti buraxılışı TRT-1 telekanalından yayımlanan, Azərbaycanda da çox populyar olan “Diriliş Ertoğrul” serialına həsr olunub. Proqramda “Diriliş” serialının ssenarisində yol verilmiş tarixi səhvlərə aydınlıq gətirilir.

 

 

 

“Diriliş Ərtoğrul”: Qayıların qurduğu böyük imperatorluğun tarixi

 

Hər çərşənbə Türkiyənin “TRT 1” kanalından nümayiş olunan "Diriliş Ərtoğrul” serialı sözün əsl mənasında türk tarixinin ən mühüm bir dövrünə işıq salır. Bu tarixi serial dünya tarixinə böyük imperatorluqlar bəxş etmiş türklərin tarixinin çox mühüm bir dövrü ilə bağlıdır. Əksəriyyətimiz bilirik ki, oğuz kökündən olan sülalələr dünya tarixinə bir neçə bu cür imperatorluqlar bəxş ediblər. Onlardan Böyük Səlcuq Xaqanlığını quran oğuzların qınıq boyundan olduqlarını əvvəlki proqramlarda qeyd etmişdik, əfşarlarla bağlı bir neçə dəfə öz fikirlərimizi bölüşmüşük. “Diriliş Ərtoğrul” isə başqa bir oğuz tayfası tərəfindən, yəni qayılar tərəfindən qurulmuş dövlətin tarixindən bəhs edir.

 

Qayılar kimdir: oğuz, yoxsa bulqar?

 

Çovdar, yaxud qayı boyu haqqında danışarkən, onların bayraqlarına fikir vermək lazımdır.  Filmdə göstərilən bayraq həmin tayfanın tamğası xarakterini daşıyırdı və orada göy bayraq üzərində tamğa işarəsini hər birimiz seyr edirik. Əslində qayılar kimdir? Qayılarla bağlı istər sovet tarixşünaslığında, istərsə də Avropa tarixşünaslığında müxtəlif fikirlər var. Məsələn rus tarixşünaslığına görə, qayılar oğuzlardan daha çox bulqarlara yaxındır. Burada da müəyyən bir həqiqət var, çünki Asparux xanın tamğası ilə qayı tamğası eynidir. Lakin təəssüf ki, rus tarixşünaslığı qayıların adını izah edərkən onu monqol dilində ilan mənasını verdiyini iddia edir. Əslində indi də dilimizdə qayım-qədim olmaq ifadəsi işlənir ki, bu da daha çox köklü-köməkli mənasını verən bir sözdür.

 

Qayılar Anadoluya Azərbaycandan gəlib

 

Qayılar Anadoluda ilk dəfə Böyük Səlcuq Xaqanlığının qurulma dövründə gəliblər. İlk dəfə Sultan Toğrul ilə, daha sonra Sultan Alp Arslan ilə birlikdə Azərbaycandan Anadoluya hərəkət edən oğuzlar, yəni oğuzların qayı boyunun bir hissəsi daha çox Əhlət bölgəsinə yerləşib. Qayılar daha çox Əhlət əmrliyi ilə hərəkət edirdilər. Sonra qayıların əksəriyyəti Mardinə doğru hərəkət etdi, bu da qərb istiqamətindən başlanan moğol yürüşləri ilə bağlı idi.   Mardində qayı boyundan olan Artıkoğulları hakimiyyətdə idilər. Qayılar bir tərəfi Mardin, bir tərəfi Van, bir tərəfi Əhlət olan bölgəyə yerləşəndən sonra müəyyən müddətə monqol yürüşləri kəsilir.

 

Tarixi yanlışlıq: Baycun Oyonu Ərtoğrul deyil, Hülakü xan öldürüb

 

Tarixdə, elə filmdə də göstərildiyi kimi 1231-ci ildə, yəni moğolların ikinci böyük axını zamanı yenidən bu toqquşmalar müşahidə olunur. Bu faktlar  filmdə öz əksini tapsa da, bəzi yanlışlıqlara yol verilib. Filmdə təsvir edilən Subutay Bahadırın qohumlarından Baycun Oyonun Ərtoğrul tərəfindən öldürülməsi tarixi yanlışlıqdır. Baycun Oyon monqolların ikinci yürüşü zamanı Muğanda və Azərbaycanın  böyük bir qismində hökmran olub. Əvvəlcə Hülakünün əmri ilə Bağdad üzərinə hərəkət edib, buna qədər isə Malatyaya qədər gedib çıxmışdı. Belə bir şübhələr var ki, Baycun Oyonla sonuncu ərəb xəlifəsi II Mötəsim arasında gizli danışıqlar olub, bu səbəbdən Bağdadın fəthindən sonra Baycun Oyon Ərtoğrul tərəfindən deyil, Hülakü xan tərəfindən qətlə yetirilib.  

 

Daha bir tarixi xəta: Yassı Çəmən savaşı Anadolu Səlcuq Sultanlığı ilə moğollar arasında olmayıb

 

Filmdə yenə bir tarixi xəta vardır. 1231-ci ildə baş verən Yassı Çəmən savaşı filmdə moğollarla Anadolu Səlcuq Sultanı arasında baş verən döyüş kimi təqdim edilir. Əslində isə bu döyüş Anadolu Səlcuq Sultanı ilə Xarəzmşah Cəlaləddin arasında olub. Bu savaşdan sonra qayılara mükafat olaraq Anadolunun Qərb hissəsində, yəni bugünkü Sivas və onun ətrafındakı bölgələrdə məskunlaşmağa icazə verilir. Sonrakı mərhələdə Xarəzmşah Cəlaləddin moğolların ikinci yürüşü zamanı məğlub edilir, qayıların böyük bir qismi Cənuba doğru çəkilir. Çox təəssüf ki, Anadolu Səlcuq Sultanlığı ilə başqa hökmdarların münasibətlərindən bəhs olunmur. Lakin tarixdə qayılarla Əyyubilərin, yəni sonrakı dövrlərdə Misir Məmlük sultanlarının əlaqəsi olub.

 

Ərtoğulun atasının adı Süleyman Şah deyil, Gündüz Alpdır

 

Ərtoğrulun atası Gündüz Alpı  təəssüf ki, filmdə də bəzən Süleyman şah şəklində verilir. Lakin Osmanlı tarixini geniş şərh eləmiş müəlliflərdən  Aşıq Paşazadə öz araşdırmalarında ümumiyyətlə Süleyman şah ifadəsini işlətmir. Türklərdə belə bir adət vardı, biz bunu Dədə Qorqud dastanlarında görə bilərik. İnsanların bir türk adı, yəni ata-ana tərəfindən qoyulan adı olur, bir də islam dinini qəbul etdikdən sonra qoyulan ad. İslam dinini qəbul etdikdən sonra çox güman ki, Ərtoğrulun atası  Gündüz Alp özünə Salman adını götürüb. Sonrakı tədqiqatlarda bu ad nədənsə Süleyman Şah formasına düşdü. Süleyman şah Osmanlı tarixində o qədər kökdə duran şəxsiyyətlərdən biri idi ki, hətta Lozanna anlaşması zamanı Süleyman şahin məqbərəsi Türkiyə ərazisi kimi qəbul olundu. 2015-ci ilə qədər 100 nəfər türk əsgəri Suriyada Süleyman şahın məqbərəsini mühafizə edirdi. O məqbərənin tarixi faciəlidir, çünki əvvəlcə Əsəd bəndi tikilərkən, Süleyman şahın sümükləri çıxarılıb başqa məqbərəyə köçürülmüşdü, sonuncu dəfə isə 2015-ci ildə Ərtoğrul Qazinin atası Gündüz Alpın atasının sümükləri Türkiyəyə gətirildi. Osman tərəfindən kəsilmiş sikkələrin üzərində bin Ərtoğrul, bin Gündüz Alp sözləri yazılıb. Orada Süleyman Şah ifadəsi yoxdur.

 

Daha bir xəta: Ərtoğrulun üç qardaşı olsa da, filmdə Sunqur Təkin haqqında danışılmır

 

Filmdə bir məsələ də nəzərdən qaçıb. Əslində Gündüz Alpın dörd oğlu olub. Amma nədənsə filmdə üç oğuldan söhbət gedir. Oğullardan Ərtoğrulun qardaşı Sunqur Təkin haqqında ümumiyyətlə danışılmır. Əhlət ayrılmasından sonra qardaşların ikisi yenidən əvvəlcə Əhlətə, Əhlətdən isə Türküstana qayıdıblar. Yəni Xorasan istiqamətinə. Qardaşlardan Dündar və Ərtoğrul bu isə filmdə daha çox Anadolu Səlcuqlarına bağlı göstərilir. Filmdə türklərin tarixini Anadoluya bağlamaqla böyük yanlışlığa yol verilir. Qayıların böyük bir hissəsi indiki Azərbaycanda, Xorasanda qalmışdılar. Hətta tarixi mənbələrdə belə bir epizod da var ki, Çaldıran savaşı zamanı üzərində qayı damğası olan göy bayraqlı xüsusi hərbi birləşmələr Səfəvi ordusunun tərkibində Osmanlıya qarşı döyüşüblər. Türkiyə tarixşünaslığında bunu Şah İsmayıllın hiyləsi kimi qəbul edirlər. Bu hərbi hiylə deyil, görünür ki, qayıların böyük bir qismi Xorasanda qalmış, Türk inanclarına daha çox sadiq qalmış və sonradan Səfəvilərin tərkibində döyüşmüşlər.

 

 

 

Xəta: Koroğlu ilə Ərtoğrul dövrü arasında ən az 300 il fərq var

 

Azərbaycan tamaşaçısını filmdə cəlb edən nədir? Əgər tamaşaçılar fikir verirlərsə, iki yerdə aşıq mahnısı ifa olunur. Orada aşığın oxuduğu mahnıya fikir versək, "Səfər düşdü Gürcüctana" deyilən mahnı var. Bu tarixi həqiqətə əsaslanır. Qayılar Trabzon-Rum imperatorluğuna, həm də Gürcüstan üzərinə səfərlər təşkil etmişdilər. Digər tərəfdən filmin dili türk torpaqlarının Anadoluya, Azərbaycana parçalanmadığı bütövlük dövrümüzün dilidir. Orada müraciət formalarına baxsaq, “qardaş”, “bacı” ifadələri istifadə olunur, günümüzün Anadolu türkcəsində olduğu kimi “abla” “kardeş” sözləri işlənmir. Təəssüf ki, orada ikinci aşıq mahnısında yanlışlığa yol veriblər. İkinci mahnıda Koroğlu dastanındakı şeirdən istifadə olunub, amma tarixə görə Ərtoğrulun ölümü 1281-ci ilə təsadüf edir, Koroğlu isə XVI əsrdə yaşayıb. Ən azı 300 il fərq var. Qayılar məskunlaşandan sonra xeyli adları da özləri ilə Anadoluya apardılar. Digər tərəfdən tamaşaçı müəyyən mənada bu filmdə özünü sanki Dədə Qorqud dövründəki kimi hiss edir, bu da serialın cəlbediciliyini artırır.

 

Filmdə XIII əsrin ruhu danışıq dilində saxlanılsa da, adların bir qismi Dədə Qorqudla səsləşir. Qafqazlarla Osmanlının istər ilk quruluş dönəmi, istərsə də, sonrakı tarixində bağlılıq, Ərtoğrulun özünün, qardaşının adında görünür. Yəni Dündarlar, Dündaroğulları bu gün də Türkiyədə Qafqaz kökəmi sayılan ən böyük nəsillərdir.

 

Türklərin təşkil olunma sistemi soy, boy, aşirət, oba, el şəklindədir. Filmdə bu ardıcıllıq sanki pozulur. Tarixi qaynaqlar deyir ki, qayılar bu ərazilərə ilk dəfə 400 atlı ilə gəlmişdilər. 400 atlını 5 nəfərə vursaq, bu 2.000 nəfər edir. Əgər qayılar artıq Artıkoğlu bəyliyini qurmuşdularsa, onda bu ərazilərə gələn o biri qayılar kim idi? Yəni türklərin Anadoluya gəlişini təkcə Ərtoğrula bağlamaq düzgün deyil.

 

Filmdə qayıların Azərbaycanla bağlılığı kimi tarixi gerçəkliklər niyə qabardılmır?

 

Dədə Qorquddan qopan bağlılıq hansıdır? Dədə Qorqudda əzan sözü yoxdur. Orada "saqqalı tat əri banladıqda" deyilir. Dədə Qorqudda məzhəb ayrılığı yoxdur. Əbu-Bəkri də, Öməri də, Osmanı da, Əlini də, Hüseyni də vəsf edirlər. Lakin nədənsə təəssüf ki, “Diriliş Ərtoğrul” filmində bu məqamlar yoxdur. Filmdə qayıların Azərbaycanla bağlılığı daha çox qabardılmalıdır. Moğol imperatorluğu beş ulusa bölündükdən sonra, qayıların şərq qonşusu Azərbaycan idi, Hülakü xan tərəfindən yaradılan Elxanilər dövləti idi. Hülakilərlə qayıların münasibətini təkcə dava şəklində vermək düzgün deyil. Bizansa qarşı mübarizədə qayılar dəstəyi məhz Elxanilərdən alırdılar. Xüsusilə Əmir Çoban Teymurtaş dövründə. Qayıları təkcə Anadolu Səlcuq Sultanlığına bağlamaq düzgün deyil. Çünki Anadolu Səlcuq Sultanlığı Böyük Səlcuq İmperatorluğunun çox kiçik qəlpələrindən biridir. Əslində dərindən baxsaq, Böyük Səlcuq imperatorunun varisi daha çox İraq Səlcuq Sultanlığı sayılmalıdır. İraq Səlcuq Sultanlığının varisi isə Azərbaycan Atabəylər dövlətidir. Tarixin sonrakı mərhələlərində yenə də Böyük Səlcuq imperatorluğuna sahib çıxan məhz Azərbaycan türkləri oldu.

 

“Diriliş Ərtoğrul”: Tarixi xətalara rəğmən son dərəcə əhəmiyyət malik bir film

 

Bu filmin çəkilməsi xüsusi əhəmiyyətə malikdir. Bizim orta məktəbdə oxuyan uşaqlarımız üçün də ibrətamiz səhnələr var. Xüsusilə məişət səhnələri. Düzdür, bu məsələlərdə də tənqid ediləsi cəhətlər var. Çünki Oğuz çadırı ilə Qıpçaq çadırı arasında müəyyən fərqliliklər var. Qayılar oğuz olsa da, filmdə qurulan çadırların əksəriyyəti qıpçaq modelidir. Orada deyilən hər bir atalar sözü bizi Dədə Qorqud dövrünə aparır: "Ər varsa, şər də var". Burada yetərincə tarixi şəxsiyyətlər var ki, gerçək formada işıqlandırılır. Konya Səlcuq Sultanlığında uzun müddət yaşamış Ərəbi obrazına Ərtoğrul böyük  hörmətlə yanaşır. Daha bir tarixi obraz Əmir Seyfəddin obrazıdır. Əmir Seyfəddin həqiqətən tarixi obraz olub və sonradan Əmir Keyqubad tərəfindən Qala bürcündə asdırılıb. Çünki o da hakimiyyəti ələ keçirmək istəyirdi.

 

Böyük Səlcuq Xaqanlığı haqqında “Diriliş Ərtoğrul” tipli filmin çəkilməsinə ehtiyac var

 

Filmin ən pozitiv məqamı odur ki, burada bütövlükdə türkün qəhrəmanlıq obrazı canlandırılır. Türkiyə kinematoqrafiyasında Sultan Süleyman haqqında, Osman Qazi haqqında "Quruluş" filmi çəkilib, indi "Diriliş" filmi çəkilirsə,  oğuzların tam varisləri sayılacaq üç qardaş ölkə, yəni  Azərbaycan, Türkmənistan və Türkiyə çox yaxşı olardı ki, Ərtoğrul Qazidən əvvəlki dönəm, yəni Böyük Səlcuq Xaqanlığı haqqında məhz bu tipdə bir film çəksinlər.  

 

Müəllif | Apa.Tv
Vüqar Məsimoğlu

OXŞAR XƏBƏRLƏR