Qacarlar nəslinin qəhrəman oğlu - CAVAD XAN

APA TV-də yayımlanan “Səsli tarix” layihəsinin növbəti buraxılışı Azərbaycan xalqının qəhrəman oğlu, müstəqillik uğrunda mücadilənin simvolu Cavad xana həsr olunub. Proqramda Qacarlar nəslinin tarixə iz qoymuş nümayəndələrindən Cavad xanın hakimiyyət illəri, Gəncə xanlığına rəhbərlik etdiyi dövrlərdəki ictimai-siyasi şərait, həyatının geniş auditoriyaya məlum olmayan məqamları əks olunub.

 

 

 

Qacar nəslinin qəhrəman oğlu - Cavad xan!

 

Bugünkü mövzumuz Azərbaycan tarixinin ən qaranlıq, eyni zamanda qarışıq dövründə yaşamış, əksəriyyətimizin orta məktəb dərsliklərindən tanıdığımız Qacar nəslindən olan Cavab xan haqqındadır. Təbii ki, istər rus işğal rejimi dövründə, istərsə də, sovet hakimiyyəti illərində Cavab xana verilən qiymətlə, Azərbaycan müstəqillik qazanandan sonra verilən qiymət xeyli fərqlidir. Bu fərqlilik təbii ki, vaxtilə Cavab xanın özünün mübarizə apardığı və yolunda canını qurban verdiyi müstəqillik hələ qazanılmamış meydana çıxıb.

 

Gəncədə yüz illərlə hakimiyyətdə olan Qacar nəsli

 

Azərbaycan tarixinə öz adlarını qızıl hərflərlə yazmış Qacarlar haqqında biz “Səsli tarix” verilişində danışmışdıq. İsgəndər bəy Münşi “Tarixi-Aləmərayi-Abbasi” əsərində yazdığı kimi, Arazdan şimaldakı Azərbaycan torpaqları, xüsusilə Səfəvilər dövründə Qacarların domeni, yəni mülkü hesab edilirdi. Səfəvi dövlətinin qurulmasında yaxından iştirak edən bu tayfanın tarixi kökləri erkən orta əsrlərə gedib çıxır. Ehtimala  görə, Qacarlar qədim mənbələrdə Aqafis, Akacif, Ağaçəri formasında adlandırılan bir tayfanın davamıdır. Səfəvi dövlətinin qurulmasında yaxından iştirak edən bu tayfanın ağsaqqalı Piri bəy Qacar təbii ki, tamaşaçılara tanışdır. Bu nəslin nümayəndəsi olan Rüstəm Qacar Şah İsmayılın sərkərdələrindən biri olub. Osmanlı mənbələrində Çaldıran savaşında iştirak etmiş Sərdar bəy Qacar haqqında məlumat verilir. İsgəndər bəy Münşinin yazdığı kimi Qacar nəslindən olanlar Arazdan şimalda, Qarabağda bağlar salmışdılar ki, o bağlar bu gün də öz əhəmiyyətini itirmir. Uzun müddət Gəncə bəylərbəyliyində hökmdar olan Qacarlar nəhayət Nadir şah dönəmində müəyyən bir sıxıntıya məruz qalırlar. Bu sıxıntı Leviatov adlı sovet tarixçisinin yazdığı qədər olmayıb. Niyə? Əgər Qacarlar Nadir şah dövründə hakimiyyətdən uzaqlaşdırılmış olsaydı, onda Uğurlu xan Qacar Nadir şahin ordusunda Car-Balakən üsyanına göndərilərdimi? 1738-ci ildə Uğurlu xan Qacar üsyançılar tərəfindən  namərdcəsinə qətlə yetirilir. Bundan sonra da Cavab xanın əcdadları Gəncədə hökmranlıq edirlər. Nəhayət Nadir şahin ölümündən sonra Azərbaycan ərazisində təxminən 17 xırda dövlətlər yarandı. Bu dövlətlərdən biri də Gəncə xanlığı idi. Nəzərə alsaq ki, Gəncə bəylərbəyliyində Qacarlar hökmranlıq edirdi və bu bəylərbəyliyinin ərazisinin böyük bir hissəsini Qarabağ təşkil edirdi, bu dövrdə Qarabağ xanlığı ayrı bir inzibati qaydada ortaya çıxır. Pənahəli xan tərəfindən Qarabağ xanlığı, Şahverdi xan Qacar tərəfindən də isə Gəncə bəylərbəyliyi qurulur.

 

Gəncə uğrunda Qarabağ xanı və II İraklinin mübarizəsi

 

Bu xanların bir-birinə qarşılıqlı iddiası var idi. Görünür buna görə də Qarabağ xanı Pənahəli xan II İrakli ilə birləşməyi özünə rəva bilir və Gəncədə ikili hakimiyyətlilik yaranır. Bir tərəfi Pənahəli xanın təyin elədiyi, o biri isə İraklinin təyin etdiyi nümayəndə idarə edir.  Gəncədəki bu ikihakimiyyətliliyə əvvəlcə Hacı bəyin üsyanı, ardınca isə tariximizin möhtəşəm şəxsiyyəti olan Cavad xanın hakimiyyətə gəlməsi ilə son qoyulur. Yenə də bununla bağlı müxtəlif mənbələrdə bir-birinə əks olan fikirlər var. Platon İoseliani adlı gürcü tarixçisi qeyd edir ki, guya Cavad xan İraklinin köməyi ilə hakimiyyətə gəlmişdi. Bu, kökündən yalandır. Əgər Cavad xan İraklinin köməyi ilə hakimiyyətə gəlmiş olsaydı, Cavad xan hakimiyyətə gələndən sonra İraklidən Şəmkiri və Şəmşəddili istəyə bilməzdi. Əksinə Cavad xanın hakimiyyətə gəlməsində mühüm rolu məhz İbrahimxəlil xan oynamışdı. İbrahim xanın hər iki həyat yoldaşı Cavad xanın bacıları idi. Bu hadisədən sonra İbrahim xan İrakliyə məktub yazır ki, əgər istəyirsənsə Şəmkiri verə bilərik, təki sən Cavad xan və Qarabağ xanlığı ilə düşmənçilik etməyəsən.

 

Burnaşov, İrakli və Azərbaycan xanlarının Cavad xan əleyhinə ittifaqı

 

1786-cı ildən 1804-cü ilə qədər 18 illik hakimiyyəti dövründə Cavad xan dəfələrlə təzyiqlərə məruz qalmışdı. 1786-cı ildə hakimiyyətdə möhkəmləndikdən az sonra Tiflisdə oturan Rusiyanın nümayəndəsi Burnaşov Rusiyanın nümayəndəsi İrakli ilə birgə Gəncə üzərinə yürüş təşkil etməyi qərara alırlar. Çox təəssüf ki, bu yürüşdə Azərbaycan xanları, o cümlədən Şəki xanı Məhəmməd Əsəd xan da iştirak edirdi. Mənbənin yazdığına görə, bir tərəfdən Dərbənd və Şəki xanları, digər tərəfdən isə Burnaşov və İraklinin orduları Gəncə üzərinə yeriyir. 1787-ci ildə Osmanlı ilə Rusiya arasında müharibə gözlənildiyi üçün qoşunların geri çəkildi iddia edilir, amma burada bir yanlışlıq var. Çünki xanlıqların tarixindən bəhs edən mənbədə qeyd edilir ki, rus qoşunlarının Gəncəyə girmə söhbəti meydana çıxan zaman Şəki xanı və Dərbənd xanı bir cümlə işlədirlər: “Cavad xanı rahat burax”.

 

Quba xanının İrakli ilə birləşməsi, Ağa Məhəmməd xan Qacarın Cavad xanla ittifaqda Tiflisə yürüşü

 

Növbəti ağır sınaq 1789-cu ildə baş verir. Bu dəfə Quba xanı ilə İrakli birləşərək Gəncə üzərində yeriyirlər. Onlar belə razılığa gəlirlər ki, Fətəli xan Cənubi Azərbaycanda hər hansı addım atarsa belə, İrakli onun işinə qarışmayacaq, eyni zamanda Quba xanı Fətəli xan da Şimali Azərbaycanın böyük bir qisminin İraklinin təsiri altına düşməsinə mane olmayacaq. Belə bir anda 1791-ci ildə Azərbaycanın Güney hissəsini özündə birləşdirən  bir qurum meydana çıxır. Bu qurum Cavad xana heç də yad olmayan Ağa Məhəmməd xan Qacar tərəfindən yaradılmışdı.  Ağa Məhəmməd xan Qacar Təbrizdə olarkən bir çox Azərbaycan xanlarını öz yanına dəvət edir.  Düzdür, xanların bəziləri getmir, lakin Cavad xan Təbrizə gedir və Şimali Azərbaycandakı gerçək durum barədə Ağa Məhəmməd xan Qacarı məlumatlandırır. Qacarın həmin dövrdə Osmanlıya göndərilən nümayəndəsi belə bir xəbərlə gəlir - Ağa Məhəmməd xan Qacar  o zaman hökmdar kimi tanınacaq ki, Tiflisdəki rus ordusu qovulsun. Belə bir vaxtda 1795-ci ildə artıq Ağaməhəmməd xan Qacar Şimali Azərbaycana yürüşə başlayır. İrəvan xanlığı Qacara tabe olur, Şuşa üzərinə yürüş isə qismən də olsa uğursuzluqla nəticələnir. Dərbənd istiqamətində olan yürüş isə uğurlu olur. Bu yürüşlərdə Ağa Məhəmməd xan Qacarı Cavad xan müşayiət edir. Gəncədən Qırmızı körpü istiqamətində hərəkət edən qoşunlar sentyabrda Tiflisi tutdular. Tiflisə hücum istər Cavad xana, istər İbrahim xana xəyanət etmiş daim ruslarla yaxınlaşmağı üstün tutmuş Məlik Məcluma həvalə edilmişdi. Lakin o İraklinin orduları tərəfindən öldürüldü. Ağa Məhəmməd xan Qacarın qoşununun irəliləməsini nəzərə alan İrakli dəfələrlə Rusiyadan kömək istəyir, təbii ki, Rusiya bu dövrdə ona kömək göstərə bilmir. O zaman İrakli İmeretiya hökmdarı Solomona müraciət edir. Solomonun orduları isə Ağa Məhəmməd xan Qacar hücuma keçən kimi Tiflisi talayaraq, dağları aşıb İmeretiyə gedirlər.  1795-ci ildə Tiflis şəhəri fəth edilir.

 

Tarixi səhv: Ağa Məhəmməd xan Qacar Cavad xanın təklifini nəzərə almayaraq Tiflisdən qoşunları çıxarır

 

Bu yürüşdən sonra Cavad xan dəfələrlə Qacara təklif edir ki, Tiflisdə qoşun hissələri saxlanmalıdır. Lakin təəssüf ki, bu təklif nəzərə alınmır və Qacar geri, Güney Azərbaycana qayıdır. Cavad xan da özü ilə müəyyən sayda əsir aparır. Mənbə burada bir məsələni xüsusi qeyd edir ki, bir çox gürcülərin Güney Azərbaycana aparılmaması üçün Cavad xan onların əksəriyyətini satın alaraq Gəncədə yerləşdirir.

 

Ağaməhəmməd xan Qacarın başı Güneydə taxt uğrunda mübarizədə qarışdığı bir vaxtda Rusiya orduları Dərbənddən keçərək, Azərbaycana yürüş edirlər. Bir çox xanlar, o cümlədən Cavad xanın özü də bu yürüşə başçılıq edən qraf Zubovla eyni hüquqda danışıqlar aparır. Qraf  Zubov Yekaterinanın sevimlilərindən olan Zubovun qardaşı idi. Doğma qardaşı onu Yekaterinaya qısqandığından ən ağır döyüşlərə göndərirdi. Qraf Zubovun bir ayağı da yox idi, Yekatrina ona  qızıldan protez də qoydurmuşdu. Yekaterinanın ölümündən sonra Qafqazdakı rus orduları geri çıxarılır. Ağa Məhəmməd xan Qacar yenidən Quzey Azərbaycana yiyələnir və Muğanda tacqoyma mərasimində şah seçilir.

 

Qacarın ölümündən sonra Şimali Azərbaycanda yaranan hakimiyyət boşluğu, Cavad xanın taxtdan salınması

 

Ağa Məhəmməd şah Qacarın və Yekaterinanın ölümündən sonra Şimali Azərbaycanda hakimiyyət boşluğu yaranır. Çox təəssüf ki, bu boşluqdan istifadə edən xanlar öz qüvvələrini birləşdirə bilmirlər. Bu qüvvələrin birləşdirilməsi üçün ən çox çalışan Cavad xanın özü olur. 1796-cı ildə İmeretiyadan qayıdan İrakli, digər tərəfdən də Şəki xanı və Qarabağ xanı Gəncə üzərinə yeriyərək Cavad xanı hakimiyyətdən salırlar. Bu qərara gəlirlər ki, Əli Sultan deyilən adamı, yəni Şəmşəddil hakimini xan seçsinlər. Lakin bu zaman Cavad xanın birinci həyat yoldaşı Şükufə xatun Əlibəyə məktub göndərir ki, sən vaxtilə həbsdə olanda Cavad xan səni ölümdən qurtardı. Bu onun hörmətinə qarşı olan hörmətindirmi? Əli Sultan həddindən artıq nəcib adam olduğundan, birbaşa İbrahim xana, eləcə də Şəki xanına deyir ki, buranın qanuni varisi Cavad xandır. Cavad xan yenidən hakimiyyətə qayıdır. Görünür ki, Cavad xanın şəxsi nüfuzu İbrahim xan və Şəki xanını bu addımdan əl çəkməyə məcbur edir.

 

Knorinqlə məktublaşmalar, Cavad xanın diplomatiyası

 

1798-ci ildə İİ İrakli də ölür və onun yerinə gürcü mənbələrinin yazdığı kimi iradəcə zəif olan İİ Georgi gəlir. İlk mərhələdə Cavad xan onu hökmdar kimi təbrik edir, Şəmşəddil məsələsində Georginin hər hansı bir iddiasını qəbul etməyəcəyini bildirir. Şəmşəddil məsələsi Kartli-Kaxet çarlığı ilə Gəncə xanı arasında mübahisə obyekti olmuşdu. Maraqlısı budur ki, Georgi öləndən sonra Çar Rusiyası Kartli-Kaxetiyada Baqrationlar sülaləsinin sona çatdığını elan edir. Və artıq Gürcüstan Rus çarlarının göndərdiyi çarlar tərəfindən, xüsusilə də Qafqazın baş komandanı adını almış insanlar tərəfindən idarə edilir. Knorinnq deyilən bir adam 1800-cü ildə Tiflisdə baş komandan təyin edilir. Knorinqlə Cavad xan arasında məktublaşmalar var. Cavad xan təklif edir ki, hər iki tərəfin əmin-amanlığı üçün ticarət yollarını qarantiyaya alıram. Tiflisdən gələn tacirlər Gəncədə, Gəncədən gələn tacirlər isə Tiflisdə azad ticarət etsinlər. Knorninq də bu təklifi əvvəl yaxşı qarşılayır, lakin sonra deyir ki, gərək Şəmşəddil Gürcüstana verilsin, çünki Şəmşəddil müəyyən dövrdə gürcü çarları tərəfindən idarə olunub. Bəli, bu məsələ var idi. 1736-cı ildə Nadir şah taxta çıxandan sonra Azərbaycanın bəzi bölgələri - Borçalı, Qazax, Şəmşəddil gürcü valilərinin, daha doğrusu Tiflis valilərinin idarəsinə vermişdi. Bu sahədə Cavad xan da həmin bilgini nümayiş etdirir və bildirir ki, Şəmşəddil ən azı 600-700 il bizim babalarımız tərəfindən idarə edildiyi halda nə cür Gürcüstanın ola bilər? Bu tarixi mübahisələr yaxşı ki, hərbi münaqişələrə gətirib çıxarmır. 1802-ci ildə damarlarında həm gürcü, həm erməni, həm rus qanı axan Sisyanovun Cənubi Qafqaza baş komandan təyin olunmasından sonra Gəncə xanlığı  ilə münasibətlər pisləşir. İndiyə qədər Sisyanov tərəfindən Cavad xana yazılmış 6 məktub dövrümüzə qədər gəlib çıxıb. Məktublar hazırda “Aktı Kavkazskiy Arxeoqrafiçeskiy Komissiyi” deyilən bir topluda saxlanır.  Məktublar o dövrkü rus dilində yazılsa da, onu tərcümə eləməyə çalışmışıq. Bu məktublarda birinci növbədə Şəmşədil mövzusu ortaya atılırdı.

 

Cavad xanın Sisyanova ilk cavabı: “Mən Fətəli şah Qacara tabeyəm”

 

Birinci məktubda Sisyanov Cavad xandan tələb edir ki, Şəmşəddili, Şəmkiri, Gəncəni ruslara vermək, Uğurlu xan Qacarı isə əmanət kimi Tiflisə göndərmək lazımdır. Əmanət deyəndə indiki mənada girov kimi nəzərdə tutulur. Lakin Cavad xan buna etiraz edir və bildirir ki, onun əlində olduğu fərmana görə o Qacarlara tabedir.  Həmin dövrdə artıq Ağa Məhəmməd şah Qacar vəfat etmiş, hakimiyyətə qardaşı oğlu Fətəli şah Qacar  gəlmişdi. Cavad xan məktubunda qeyd edir ki, mən Fətəli şah Qacara tabeyəm.

 

Cavad xanın Sisyanova mesajı: “Toplarınla çox öyünmə!”

 

İkinci məktubda artıq bir qədər hədə-qorxu da var. Sisyanov sanki “tarixi ədalətin bərpası”nı istəyir və birinci ifadəsi belə olur ki, Çariça Tamaranın dövründə Gəncə gürcülərin olub. Bu gün mən gürcülərin komandanıyamsa, Gəncə də gürcülərə tabe olmalıdır. Cavad xan cavabında qeyd edir ki, “əgər Tamaranın dövründə Gəncə müvəqqəti olaraq işğal edilmişdisə, bizim babalarımız isə uzun müddət Tiflis valisi olublar. Ziyadoğlu nəslindən olanların hakimiyyət bayrağının kölgəsi darisürura da kölgə salırdı. Mən bu gün Tiflisə iddia edə bilərəm, hətta əlimdə babalarımın fərmanları var, gürcülər də etiraf edər ki, bu ərazilər vaxtilə Qacarların olub, Ziyadoğlu nəslinə mənsub olub. Lakin mən bu gün Tiflisə iddia etmirəm”. Cavad xan əlavə edir ki, toplarınızla çox öyünməyin, əgər toplarınızın uzunluğu bir arşındırsa, mənim toplarımın uzunluğu 2-3 arşındır.

 

Sisyanovun Gəncəyə hücumu, Gəncənin mühasirəyə alınması, Cavad xanın ruslara cavabı: “Düşmənin qanını tökmək savabdır”

 

Üçüncü məktubda yenə Sisyanov iddia edir ki, Gəncə qalası dinməz-söyləməz təslim olmalıdır. Cavad xan da cavabında deyir ki, ala bilirsənsə, gəl al. Bu dəfə rus ordusu hücuma keçir. Rus ordusu hücuma keçməmişdən Borçalıdan, Qazaxdan, hər obadan yüz atlı toplamaq istəyir. Lakin bu cəhdin o qədər əhəmiyyəti olmur. Çünki Qazaxda Məmməd xan deyilən adam birbaşa Cavad xanın tərəfinə keçir və Gəncənin müdafiəsində yaxından iştirak edir. Artıq dördüncü məktub ərəfəsində Bağbanlar məhəlləsi işğala məruz qalır. Hərbi əməliyyatlar 1803-cü ilin sentyabrında başlasa da, Gəncə 1804-cü ilin yanvar ayının 4-ə qədər müdafiə olunur. Çünki məhəllə-məhəllə uğrunda döyüşlər gedirdi. Dördüncü məktubda Sisyanov deyir ki, mən avropalıyam, bizim apardığımız savaşlar isə avropasayağı savaşları nəzərdə tutur. Ona görə də qan tökülməsini istəmirik və sizin taleyiniz İzmayıl qalası, Oçaq qalası və Varşavanın taleyinə oxşayacaq. Yəni bizim Gəncəmiz Oçakov qalası, İzmayıl qalası və Varşava qalası ilə müqayisə olunur. Cavad xan isə cavabında qeyd edir ki. əgər danışıqlar istəyirsinizsə, qalanın mühasirəsini dayandırın və neytral bir bölgədə danışıqlar aparaq. Təbii ki, Sisyanov bununla razılaşmır və  Cavad xan bir söz də işlədir ki, əgər sizin dininiz qan tökülməsini istəmirsə, bu sizin öz işinizdir. Lakin bizim dinimiz isə üzərinə gələn düşmənlə qan tökməyi savab hesab edir.

 

Sisyanov Cavad xanı Cümə məscidinin həyətində milli qəhrəman kimi dəfn etdirib

 

Və nəhayət Sisyanovun altıncı məktubuna Cavad xan ümumiyyətlə cavab vermir. Get-gedə daralan mühasirə dalğasında Cavad xan topun üzərində axıra qədər döyüşür. Əvvəlcə Lisaneviç tərəfindən yaralanır, sonra Kolyayevsk tərəfindən öldürülsə də, gəncəlilər həmin Kolyayevskini tikə-tikə etdilər. Bu döyüşdə ruslar itkilər verir. Bəzi mənbələrdə itkilər 14, bəzi mənbələrdə 22 olaraq qeyd edilir. Adətən ruslar itirdikləri əsgərlərin sayını gizlədirdilər. Cavad xanla birlikdə oğlu Hüseynqulu xan da son nəfəsinə qədər döyüşür, o biri oğulları isə Qarabağ xanlığının ərazisinə çəkilməyə məcbur qalır. Cavad xan o qədər böyük nüfuza malik idi ki, öldürüldükdən sonra Sisyanovun əmri ilə Cümə məscidin həyətində milli qəhrəman kimi dəfn olunur. Şəhərin adı İ Aleksandrın həyat yoldaşının şərəfinə Yelizavetopol qoyulur və Gəncə sözü işlədən adam bir gümüş cərimə verməli olur.

 

Cavad xanın müstəqillik mirasına Gəncə üsyanına rəhbərlik edən nəvələri sahib çıxıb

 

Cavad xan nəinki ruhu, eyni zamanda onun ideyaları da yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıqdan sonra Gəncə ruslara təslim olmamış, məşhur Gəncə üsyanı baş vermişdi. O üsyana üsyanlarda iştirak edənlərdən biri də yenə Cavad xan nəslindən olan Mirzə Mənsur Qacar idi. Üsyanda iştirak edən zabitlərin içərisində bir neçə Ziyadxanov soyadlı zabit də olub.

 

 

 

Müəllif | Apa.Tv
Vüqar Məsimoğlu

OXŞAR XƏBƏRLƏR