Parçalanan Türküstanın aborigenləri: MƏRKƏZİ ASİYA TÜRKLƏRİ

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı Türküstan türklərinə həsr olunub. Türklərin ana Vətəni sayılan Türküstanda müxtəlif türk toplumları böyük bir coğrafiyada məskunlaşmışlar. Proqramda Türküstan türklərinin sayı, məskunlaşdığı ərazilər, tarixdə oynadıqları rol barədə geniş məlumat verilir

 

Orta, yoxsa Mərkəzi Asiya?: Üçə bölünmüş Türküstan

 

90-cı illərin əvvəllərinə qədər çox təəssüf ki, indi Mərkəzi Asiya adlandırdığımız region sovet ədəbiyyatında, eləcə də sovet təsirinə məruz qalan bölgələrdə Orta Asiya adı ilə gedirdi. Bu bölgü zamanı Qazaxıstan Orta Asiyaya aid edilmirdi. 1992-ci ildən üzü bəri müxtəlif elmi simpoziumlarda, eləcə də etnoqrafiya elmində qəbul edilmiş qaydaya görə hazırda bu region Mərkəzi Asiya regionu adlanır. Ondan əvvəlki dönəmlərdə isə faktiki olaraq bizim Türküstan adlandırdığımız ərazi - Rus Türküstanı, Əfqan Türküstanı və Çin Türküstanı deyilən üç qismə ayrılır. Bu böyük bir regionun tərkibinə, konkret bugünkü dövlətlərin sərhədləri baxımından yanaşsaq, buraya Rusiya Federasiyasının bəzi cənub bölgələri, yəni indi Sibir adlandırılan bölgənin cənub hissəsi,  İranın şimal-şərq hissəsi, Əfqanıstanın Murqab çayından  Hinduquş dağlarına qədər olan böyük bir qismi və hazırda mövcud olan müstəqil respublikalar, yəni Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və İrandilli olan Tacikistan dövlətləri daxildir. Özbəkistanın tərkibində Qaraqalpaq Muxtar Respublikası, Çin ərazisində isə Sintzyan Uyğur bölgəsi deyilən ərazi var. Sintzyan sözü Çin dilində yeni sərhəd mənasını verir, bununla çinlilər özləri də təsdiq edirlər ki, bu əraziləri onlar sonradan işğal ediblər. İranın şimal-şərq hissəsi isə faktiki olaraq tarixi coğrafiyada Xorasan adlandırılan  bir ərazidir və  onun böyük bir qismi isə Əfqanıstanın şimal hissəsini əhatə edir. Burada yaşayan xalqların böyük bir qisminin dövlətçiliyi var və bu dövlətçiliyin özünün də müəyyən tarixi ənənələri var.

 

Türküstan - dünyanın ən qədim insan yurdu

 

Türküstan ərazisi hələ çox qədimdən insan tərəfindən məskunlaşdırılmış zonalardan biridir, yəni antropogen zonaya daxildir.  Dünya arxeologiya elmində bu artıq öz təsdiqini tapıb. Deşikdaş mağarasından tapılan qədim insan qalıqları bölgənin antropogen zonasına daxil olduğunu təsdiqləyir. Eyni zamanda tapılan mədəniyyət nümunələri burada yaşayan tayfaların yaratdıqları qədim və yüksək mədəniyyət haqqında - Xarəzm mədəniyyəti, Baktriya mədəniyyəti haqqında məlumatlar verir. Bölgənin qədim əhalisinə gəlincə isə, hələ lap qədimdən burada Usum tayfalarının, sonrakı mərhələlərdə hunların, karlukların və digər böyük türk toplumlarının yaşadığı haqqında məlumat verilir və onların da təbii ki, çox böyük həm dövlətçilik tarixi, həm də tarixi ənənələri var.

 

Bölgənin aftaxto və ya aborigen əhalisi olan türklər Türküstan ərazisində müxtəlif millətlərlə təmsil olunmuşlar. Onu da qeyd edim ki, bütün Türküstan ərazisində yaşayan xalqlar özlərinin sözün əsl mənasında tarixi vətənlərində yaşayan xalqlardır. Sadəcə olaraq müxtəlif dövrlərdə bunlar müxtəlif etnonimlərlə adlandırılmışlar.

 

35 milyonluq özbəklər - “Sam sebe xozyayin”

 

Mərkəzi Asiyada mövcud olan keçmiş sovet respublikaları arasında sayca ən böyük türk toplumu özbəklərdir. Özbəklərin etnonimi ilə bağlı çoxlu mübahisələr də var. Mənbələrin əksəriyyəti “özbək” sözünü “özbəy”, yəni özünün özünə bəy olması, ruslar isə hətta “sam sebe xozyayin” formasında izah edirlər. Vaxtilə bu ərazi Türküstan Muxtar Vilayəti şəklində gedirdi, 1936-cı ildə isə Türküstan müxtəlif ayrı-ayrı müttəfiq respublikalara bölündü. Hazırda Türküstanda 35 milyona yaxın özbək yaşayır. Özbəklər öz növbəsində müxtəlif etnoqrafik qruplara ayrılırlar. Hətta dilləri arasında xeyli fərqlilik var. Məsələn, müasir özbək dili türk dillərinin Cağatay qoluna aid olunursa, eyni zamanda Xarəzm özbəklərinin əksəriyyəti faktiki olaraq bu gün Oğuz qrupunda danışan xalqlardır. Özbəklərin lakaylar adlanan etnoqrafik qrupu var. Lakayların dilləri daha çox qazax dilinə, yəni qıpçaq qoluna daha çox bənzəyir. Özbəklər təkcə təbii ki, Özbəkistan Respublikasının ərazisində deyil, qonşu qardaş türk xalqlarının ərazisində, eyni zamanda Əfqanıstanda - Məzari-Şərif və onun ətrafında da yaşayırlar. Özbəklərin bir hissəsi isə Çin ərazisində, yəni Sintzyan-Uyğun Muxtar Respublikası ərazisində məskunlaşmışlar.

 

Nüvə sınaqlarının qurbanı olan türk toplumu - QAZAXLAR

 

Türküstanda növbəti çoxsaylı xalq qazaxlar hesab edilir. “Qazax” sözü etnonim olaraq qədim zamanlardan işlənsə də, inzibati anlama və dövlət anlamına yalnız 1936-cı ildə, Qazaxıstan formasına düşdü. Bundan əvvəlki dövrlərdə qazaxlar “qara qırğız” adı ilə, “kaysak qırğız” adı ilə tanınmış bir etnos idi. Qazaxlar keçmiş SSRİ-də ən çox repressiyaya məruz qalan türk xalqlarından biridir. 1945-1957-ci illərdə Semipalatinsk hərbi poliqonunda keçirilən nüvə sınaqları nəticəsində 5 milyona yaxın qazax məhv edilmişdi. İstər iqtisadi baxımdan, istər mədəniyyət baxımdan Qazaxıstan hazırda inkişaf edən Türk dövlətlərindən biridir. Sayları isə 18 milyona yaxındır. Qazaxlar da özbəklər kimi təkcə Qazaxıstan ərazisində deyil, müxtəlif qonşu dövlətlərin ərazisində məskunlaşmışlar.

 

40 milyon uyğur, 10 milyon türkmən, 8 milyon qırğız, 500 min qaraqalpaq...

 

Türküstanın növbəti çoxsaylı türk xalq sayları tam dəqiqləşdirilməyən, Çin mənbələrində, Çinin statistik məlumatlarında 10 milyondan yuxarı qeyd edilən uyğurlardır. Lakin bu rəqəm təbii ki, gerçəkliyi əks etdirmir. Niyə? Çünki əgər reallıqda onların yaşadıqları ərazilərə baxsaq, xaricdə yaşayan uyğurların sayını rəsmi rəqəmə əlavə etsək, onların sayının rəsmi rəqəmdən 3, bəlkə də 4 dəfə çx olduğunu təxmin etmək olar.  Türküstanda dövlətçiliyə malik türk toplumlarından digəri isə türkmənlərdir. Hazırda Türkmənistan Respublikasında yaşayan türkmənlərin sayı 10 milyona yaxın göstərilir.  Onlar da müxtəlif etnoqrafik qruplara bölünür - türkmənlər, erserlər və s. Dünyanın ən böyük səhralarından olan Təklə Məkan səhrası da bu bölgədə yerləşir. Bundan başqa neft və qaz ehtiyatlarına sahib Türkmənistan Türküstanın öndə gedən dövlətlərindən biridir.

 

 

Bölgənin növbəti türk xalqı çox təəssüf ki, böyük faciələr yaşamış qırğızlardır. Qırğızların etnonimi ilə bağlı müxtəlif fərziyyələr var. Onlardan biri qırğızların “40 Oğuzdan törəməsidir”. Məsələn bəzi Oğuz alimləri qeyd edirlər ki, qırğız sözü “qırmızı oğuz” deməkdir. İnanclara görə isə Bozqurd İssık-Kul gölündə çimdikdən sonra onun ağzının suyu bütün gölə yayılır. Xaqanın qızı 40 incə belli qızla o göldə çiməndən sonra Bozqurdun ağzının seliyindən hamilə qalır və qırx qızdan qırx oğul törəyir. Və beləliklə qırğız xalqı yaranır. Qırğızların dəqiq sayını müəyyən etmək mümkün deyil. Niyə? Çünki Çin ərazisində yaşayan qırğızların sayını hesablamaq ümumiyyətlə mümkün deyil. Bundan başqa qırğızların bir qismi Monqolustanda yaşayır. Qırğızıstanın özündə isə müxtəlif rəqəmlərə görə 6-8 milyon qırğız var.

 

Mərkəzi Asiyanın növbəti dövlətə sahib türk toplumu qaraqalpaqlardır. Qaraqalpaqların sayı yarım milyondan yuxarı göstərilir və Özbəkistan daxilində muxtar statusa malik dövlətdirlər. Bütövlükdə regiondakı türk xalqlarının etnogenez məsələsinə toxunduqda görünür ki, bütün Türk xalqlarının soykökündə iştirak etmiş qədim türk tayfalarının əksəriyyəti Orta Asiyada əks olunub. Yəni ən qədim dövrlərdən başlayaraq saklar, iskitlər, sonrakı mərhələdə usunlar, sonrakı mərhələdə hunlar, suvarlar, peçeneqlər və nəhayət oğuzlar və qıpçaqlar bu bölgənin ən qədim əhalisi hesab edilirlər.

 

Türküstanın şanlı savaşlar tarixi

 

Bütövlükdə Türküstan tarixi əvvəlcə Əhəmənilərə, sonra Sasanilərə, daha sonra isə Çinə qarşı mübarizə ilə zəngindir. Türküstan daim savaşlara meydan olmuş bir regiondur. İran-Turan savaşları deyilən savaşlar, məhz Mərkəzi Asiya ərazisində baş verib.

 

Tarixşünaslıqda yenə bir yanlışlığa yol verilir. Tarixçilərin bir qismi ilk müsəlman türk dövlətinin Mərkəzi Asiyada yarandığını qeyd edirlər, amma bunu Qaraxanilərin timsalında görmək istəyirlər. Amma tarixdə ilk müsəlman türk dövləti Azərbaycan ərazisindən 879-cu ildə yaradılmış Sacilər dövləti idi.  Türküstanın tarixində müxtəlif dönüşə səbəb olan mühüm tarixi hadisələr olub. Bu hadisələrin içərisində Makedoniyalı İsgəndərin yürüşünü qeyd etmək lazımdır. Bu yürüş Mərkəzi Asiyaya nə verdi? Burada ellin mədəniyyəti ilə yerli xalqların mədəniyyətinin qovuşması prosesi başladı. Sonra isə Yunan-Baktriya çarlığı yarandı. Növbəti böyük bir mərhələ Sasanilərlə mübarizə tarixidir ki, Sasanilərin Mərkəzi Asiyada möhkəmlənməsinin qarşısı istər Türk xaqanlıqları, istərsə də Ağ Hun İmperiyası tərəfindən alındı. Hətta Sasani şahı Piruzun Ağ Hun İmperatorunun ayağından belə öpməsi faktlı var.

 

Türküstan tarixində əsas dönüş 751-ci ildə Talas savaşıdır. Keçmiş rus-sovet şərqşünaslarının əksəriyyəti bunu qeyd edilər ki, 751-ci ildə baş vermiş Talas savaşı Mərkəzi Asiyanın çinliləşməsinin qarşısını aldı. Niyə? Əgər regiona fikir versək, daim İran-Çin təsirinə məruz qalıb. 751-ci ildə Talas savaşında Türk tayfalarının Xilafət ordusu tərəfində döyüşməsi nəticəsində Çinin bölgəyə soxulmasının qarşısı alındı. Niyə? Çünki fərqli dini inanclar Çinin burada möhkəmlənməsinə mane oldu. Və ilk müsəlman Türk dövlətlərindən olan Qaraxanlı dövləti, sonra onun varisi olaraq isə Qəznəvilər dövləti yarandı. Türküstandakı Türk xalqları təkcə bölgədə türkçülüyü qorumurdular, eyni zamanda islam-türk mədəniyyətinin qonşu bölgələrə, eyni zamanda Çinin özünə yayılmasında aktiv iştirak edirdilər. Nəticədə bu gün biz Çin ərazisində Dolqan deyilən etnosun yarandığının şahidi oluruq.  Dolqan yəni döngən, dinini dəyişib islama gəlmiş çinlilərə deyilir.  Digər tərəfdən isə indiki Hindistan və Pakistan ərazisinə dəfələrlə Mərkəzi Asiya türkləri çox böyük təsir göstərmişdilər. Təkcə onu deyək ki, Qəznəvilər dövlətinin böyük hökmdarından Sultan Mahmud Qəznəvi 17 dəfə Hindistana yürüş etmişdi. Bu gün islam dünyasının incilərindən olan Pakistan o yürüşlərin meyvəsi sayıla bilər. Hindistanı uzun müddət Mərkəzi Asiyadan gedən türk sülalələri idarə ediblər. İstər Dehli Sultanlığı olsun, istərsə də Böyük Moğol İmperatorluğu olsun, onların dövründə Hindistan Mərkəzi Asiya türklərinin nəzarəti altında olan bir bölgə olub.

 

Türküstanın şanlı dövlətləri - TEYMURİLƏR, BABURLAR, UYĞURUSTAN...

 

Mərkəzi Asiyada yaranmış və dünya tarixinə xüsusi damğa vurmuş dövlətlərdən biri də Teymurilər dövləti idi. Teymurilərin varisləri isə Hindistanda da hakimiyyətə gəlmiş Baburlar idi. İndiki Çin ərazisində isə uyğurların məşhur xaqanlığı vardı. Türk xaqanlığı parçalanandan sonra orada uyğurlar uzunmüddətli dövlətçilik tarixinə malik olmuşdular. Sonradan Yenisey qırğızları bu dövlətin müstəqilliyinə son qoydular. Bu hər halda Çində Türk hakimiyyətinin sonu demək deyildi. Çox təəssüf ki, sonrakı mərhələlərdə məhz Uyğurustanda iki təriqət arasında - ağdağlılarla, qaradağlılar arasında olan savaşdan bəhrələnən Mancur-Çin ordusu Uyğurustanın müstəqilliyinə son qoydu. XIX əsr ərzində dəfələrlə - ən azı dörd dəfə uyğurlar öz dövlətçiliklərini bərpa eləməyə çalışdılar, hər dəfə də bu cəhdlərin qarşısı Çin tərəfindən amansızlıqla yatırıldı. 1933-1934-cü illərdə yenə də Uyğurustan ərazisində Uyğur İslam dövləti yaranmışdı. 1944-1949-cu illərdə Uyğur İnqilab Respublikası təşkil olunmuşdu. Çox təəssüf ki, uyğurların dövlətçiliklərini bərpa etmək cəhdləri Çin tərəfindən qanlı şəkildə yatırıldı.

 

Qafqaz və Mərkəzi Asiya türklərinin ortaq tarixi

 

Qafqaz türklərini Mərkəzi Asiya türklərindən ayırmaq düzgün deyil. Niyə? Çünki biz ortaq tarixə, eyni zamanda ortaq antropoloji tipə malikik. Dünya antropologiyasında qəbul edilmiş qaydaya görə əvvəllər Kaspi irqi, Xorasan irqi kimi adlarla tanınmış və hazırda daha çox Oğuz irqi adı ilə tanınan tip Xəzər dənizinin həm qərbində, yəni indiki Azərbaycan türklərində, eyni zamanda Xəzər dənizinin şərqində bugünkü türklərin antropologiyasında təmsil olunur. Eyni zamanda Özbəkistanın Xarəzm vilayətində yaşayan özbəklər də məhz bu irqi tipə aid olunurlar. Və tarix boyu biz həm eyni dövlətlərin tərkibində olmuşuq. Məsələn, Böyük Səlcuq İmperatorluğunun tərkibində, Xarəzmşah Cəlaləddinin dönəmində, Əmir Teymurun yürüşləri zamanı bir yerdə olmuşuq. Bu baxımdan bir kökdən olan Qafqaz türkləri ilə Mərkəzi Asiya türklərinin həm də ortaq tarixi hesab edilə bilər.

 

Mərkəzi Asiya türkləri istər türk islam dünyasına, istərsə də dünya elminə çox mühüm adları hələ də qızıl hərflərlə yazılan korifeylər bəxş ediblər. Bunların içərisində təbii ki, birinci növbədə Avropanın Avisenna kimi tanıdğı Əbu Əli İbn Sinanı,  dünya astronomiya elminin korifeyi Birunini, fəlsəfi görüşləri ilə məşhur olan  Seyid Əhməd Yəsəvini, son dönəmlərdən isə Abay Kunanbayevi, Çokan Vəlixanovu qeyd etmək olar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR