Oturaq həyat tərzinin yaratdığı fəsadları necə aradan qaldırmaq olar? – PSİXOLOQ MƏSLƏHƏTİ
“Oturaq həyat tərzi keçirən adamlar hər saat başı ən azı 5 dəqiqə gəzməlidir. Buna əməl etməyənlərdə həzm sisteminin pozulması, bel və onurğa sütununda ağrıların olması, baş ağrı və əsəblərin gərilməsi gözlənilən hallardır”. Bu fikirləri APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan psixoloq Vəfa Əkbər deyib.
Onun sözlərinə görə, hərəkətsizlik insanlarda psixoloji gərilmələrə, təfəkkür və təxəyyül zəifliyinə gətirib çıxarır: "Daim oturaq həyat yaşayan adamlarda sinirlər pozulmuş olur, tez özlərindən çıxırlar, bu cür insanlarda autoaqressiya müşahidə olunur. Daim oturaq iş rejimində olan insanlar gəzməyə meylli olmalı, imkan daxilində idmanla məşğul olmalıdır. Heç olmasa hər saat başı 5 dəqiqə durub ofis daxilində gəzməlidirlər".
Psixoloq hesab edir ki, oturaq işlə məşğul olan insanlar daim hərəkətli adamlardan daha aqressivdirlər: "Bu insanlar öz-özlərini içdən yeyirlər. Buna öz mənliyinə qarşı aqresiya da demək olar. Bu, kənara təsir edən aqressiyadan daha qorxuludur".
Oturaq həyat yaşamağa məcbur olan adamlar qida rasionuna da diqqət yetirməlidirlər. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, axşamlar çox yemək sabahkı iş gününə gümrah həyat vəd etmir: "Axşamlar normadan artıq yeyəndə gecə insan narahat yatır, daxili orqanlar lazımı müddətdə istirahət etmir. Yorğunluğu çıxmayan bədəndə isə sabah müəyyən ağrılar müşahidə oluna bilər. Bundan əvvəl beyinə yeməyin 20 dəqiqə gec çatdığını nəzərə alsaq, yeməkdən doymamış süfrədən durmaq lazımdır, xüsusi ilə axşam yeməyində..."
Psixoloq deyib ki, kişi və qadınlar arasında aparılan yoxlamalar nəticəsində bəlli olub ki, 6 saatdan artıq oturan kişilərdə gənc yaşda həyatdan köçmək riski 20, qadınlarda isə 40 faizdir: “45-69 yaşlarını əhatə edən 82 min kişi üzərində aparılan daha bir araşdırma zamanı bəlli olub ki, iş saatından sonra daim oturaq həyat tərzi keçirən iştirakçılarda ürək çatışmazlığı riski daha yüksəkdir”.