Ekspert: “İnternatda uşağın döyülməsi faktını polis deyil, müstəqil komissiya araşdırmalı idi”
"7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə müstəqil komissiya tərəfindən araşdırılmalı idi. Hadisə barədə qərarın bir günə verilməsi düzgün deyil". Bu fikirləri "Sosium" verilişində "Ümidli Gələcək" Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşımova deyib.
Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı Nahid adlı uşağın döyülməsi ilə bağlı araşdırmalara başladıqlarını deyən Kəmalə Aşımova müxtəlif maneələrlə qarşılaşdıqlarını bildirib: "Təəssüf ki, uşaqla əlaqə yarada bilmədik. Hər bir situasiyada müvafiq qurumlar tərəfindən araşdırma aparılmalıdır. Amma bura qapalı ərazi olduğuna görə bizə şərait yaratmırlar. Yaxşı olardı ki, bura müstəqil ekspertlər, psixoloqlar dəvət olunaydı və qərar bir günə verilməyəydi".
“Qanunvericilik qeyri-hökumət təşkilatlarının uşaq evlərinə girişini məhdudlaşdırır, bu cür hadisələrin çox zaman rahatlıqla gizlədilir” - deyən Kəmalə Aşımova hesab edir ki, müstəqil təşkilatlara müşahidələr üçün şərait yaradılsa, uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq olar: "QHT-lər o müəssisələrə daxil olmaqda çətinlik çəkməməlidir. QHT-lər artıq o səviyyədədir ki, dövlət onlara sosial sifariş verir. Onların bu sahədə fəaliyyəti də faydalı olardı. Azərbaycanda faktlar göstərir ki, uşaq müəssisələrində zorakılıq halları var. Bizim işimiz uşaqların hüquqlarını qoruyub müdafiə etməkdir. Azərbaycanda belə halların olmasını istəmirik".
Polisin döyüldüyü iddia olunan uşaqdan izahat alması və Nahidin bu izahatda döyülmədiyini bildirməsi faktını şərh edən mütəxəssis hesab edir ki, bu üsul qətiyyən yolverilməzdir: "Təcrübə göstərir ki, uşaq hər hansı yaş dövründə qeyri-mülki geyimli insanları görəndə onda qorxu hissi yaranır. Polis paltarında adamlar görəndə artıq o uşaq qorxudan nə dediyini özü də bilmir və çox vaxt həqiqəti gizlədir. İfadə verməzdən qabaq uşaq psixoloqla söhbət etməlidir. Uşaqdan polislər mülki formada, heç bir şey hiss etdirmədən izahat almalı idilər”.
Baş vermiş hadisə ilə bağlı verilişə telefonla qoşulan Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bəzi məqamlarda qonaq haqlıdır: “Gələcəkdə analoji hadisələrdə araşdırma tələb edən hallara yenidən baxıla və tələblər nəzərə alına bilər. O ki, qaldı 7 saylı xüsusi internat məktəbində baş verən hadisəyə, yayılan xəbərlər həqiqəti əks etdirmir. Uşağın döyülmə faktı təsdiqini tapmadı. 2006-cı il təvəllüdlü Nahid Cavadov internat məktəbinin sanitar qovşağında sürüşərək yıxılıb və alın nahiyəsindən zədə alıb. Aldığı zədə nəticəsində ertəsi gün onun gözlərinin altı qaralıb. Təhsil Nazirliyinin əməkdaşları ilə söhbət zamanı Nahid Cavadov yıxıldığını təsdiqləyib".