Azərbaycanda erkən nikahlar problemi

Azərbaycanda erkən nikahların sayı ildən-ilə azalır. 2011-ci ildə 18 yaşa qədər 5138 qız erkən nikaha giribsə, 2012-ci ildə bu rəqəm 595, 2013-cü ildə isə 295 fakt təşkil edib. Bu rəqəmləri APA TV-də yayımlanan "Sosium" verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova verib.

Onun sözlərinə görə, azalma 2011-ci ildə Milli Məclisin Ailə və Cinayət məcəllələrinə etdiyi dəyişikliklər əsasında qızların nikah yaşı 18-ə qaldırdıqdan sonra müşahidə olunub: "Görünür, qanunvericilikdə baş verən dəyişiklik və maarifləndirmə işi bu məsələyə ciddi təsir edib. Statistika iki formada həyata keçirilir - rəsmi və qeyri rəsmi. Rəsmi nəticələr qənaətbəxşdir. Amma onu da etiraf etmək lazımdır ki, bu problem hələ də davam edir. Erkən nikaha görə cərimələr qaldırılıb, həbs nəzərdə tutulur. Bunların təsiri böyükdür. Fikrimcə, həm qanunvericiliyə, həm də maarifləndirməyə kompleks şəklində yanaşmaq lazımdır".

Erkən nikah hallarının daha çox cənub bölgəsində qeydə alındığını deyən komitənin baş məsləhətçisi bildirib ki, araşdırmalar bu bölgədə də rəqəmlərin aşağı düşdüyünü göstərir:
"Əslində bu gün erkən nikahlar Azərbaycanın bütün bölgələrində qeydə alınır. Düzdür, ənənəvi olaraq cənub bölgəsi həmişə birinci olub. Amma bu gün həkimləri, din xadimlərini, pedaqoqları, ağsaqqalları bu işə cəlb etməklə təsir imkanlarını artırmışıq. Ona görə də maariflənmə nəticəsində rəqəmlər aşağı düşür. Komitəmizin 11 rayonda ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir”.

Mütəxəssislərin erkən nikahların sosial və iqtisadi səbəblərlə əlaqələndirməsini doğru hesab etməyən Aynur Veysəlova hesab edir ki, əslində belə hallar daha çox iqtisadi cəhətdən təmin olunmuş ailələrdə baş verir: "Bu problem təkcə Azərbaycanda baş vermir. Dünyanın bir çox ölkələrində erkən nikah halları var. Fikrimcə, burada valideynlərin savadlanması, düşüncə tərzinin dəyişməsi çox önəmlidir. Ailə qurmaq yeni bir mərhələdir. Valideynlər bilməlidirlər ki, həm qadın, həm də kişi psixoloji və fizioloji cəhətdən bu evliliyə hazır olmalıdır. Bu hazırlığın olmaması gələcəkdə böyük problemlərə gətirib çıxarır".

Bu məsələdə KİV-nin rolunu dəyərləndirən komitə rəsmisi bir çox mətbuat orqanlarını reytinq dalınca qaçmaqda qınayıb: "Diqqət yetirəndə görürük ki, daha çox reytinq xətrinə işləyirlər. Belə mövzulara az yer ayırırlar. Əslində KİV-in bu məsələdə təsir imkanları daha genişdir. Biz özümüz kitablar, braşürlər, reklam çarxları hazırlamışıq. Bunları təhsil ocaqlarında, icra hakimiyyətlərində və digər müəssisələrində yaymağa, təbliğat qurmağa çalışırıq. Yaxşı olardı ki, mətbuat da lazımi dəstəyi versin. Bəzən bizi Avropa ilə müqayisə edirlər. Düzdür, Avropadan götürəcəyimiz şeylər çoxdur. Amma bizə göstərilən Avropa əsl Avropa deyil. Bir şeyi bilin ki, bu gün bizim ailə modeli Avropada müsbət qarşılanır, yaxşı mənada seçilir".
 

Müəllif | Apa.Tv