Təhsil Nazirliyinin rəsmisi: “Müəllimlər etik davranış qaydaları adlı sənədə imza atacaqlar””
Bu il imtahan verib, müəllimlik peşəsinə yiyələnən pedaqoqlar ilk and içən müəllimlər olacaq. Həmin gənc müəllimlər Təhsil Nazirliyinin təşkil etdiyi mərasimdə təntənəli şəkildə and içib, dövlət bayrağı altından keçməklə Azərbaycan Respublikasının Konstitusiyasına əl basacaqlar. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişində Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Onun sözlərinə görə, hazırda dərs deyən müəllimlərə isə məktəblər üzrə yenicə təsdiqlənən "Müəllimlərin etik davranış qaydaları” təqdim ediləcək və onların hər biri bu qaydalara imza atacaq.
Qona bildirib ki, nəyisə xatırlatmağa, təkrarlamağa ehtiyac duyan müəllimlər də var: "Bu heç kimə sirr deyil ki, yaxşı müəllimlərlə yanaşı, işini, davranışın, etik qaydaları bilməyən müəllimlər də var. Hesab edirik ki, "Müəllimlərin etik davranış qaydaları” bir sıra dəyişiklərə səbəb olacaq. Fikrimcə, davranışı tənzimləyən normativlərin olması vacib idi. Hər bir müəllim bilməlidir ki, andiçmə etik davranış qaydalarının prinsiplərindən biridir".
İmzaladığı etik davranış qaydalarına görə, müəllimin daha böyük məsuliyyət daşıyacağını deyə İlham Nağıyev bildirib ki, qısa zamanda bütün Azərbaycan müəllimləri bu andiçmə prosedurunu keçəcəklər: "Hal-hazırda 150 min nəfərlik müəllim ordusu var. Demək olmaz ki, onların hamısı etik davranış qaydalarını bilir. Andiçmədən sonra müəllimlərə nəzarət yenə də həmin təhsil müəssisəsinin rəhbərlərinə tapşırılacaq. Rəhbər şəxslərin davranışına nəzarət isə birbaşa nazirlik tərəfindən həyata keçiriləcək. Onu da deyim ki, etik davranış qaydalarında ən böyük məsulliyyət məktəb direktorlarının üzərinə düşür".