Vüsalə Mahirqızı: “APA TV-ni yaradanda hədəf ənənəvi televiziyalara baxmayanlar idi”

“İlk əvvəldən belə nəzərdə tutmuşduq ki, xəbər kanalı saatda efirə 1 dəfə xəbər bloku verməli, gün ərzində 2-3 canlı veriliş yayımlamalıdır”. Bu fikirləri “APA Holding”in prezidenti Vüsalə Mahirqızı “Sosium” verilişində APA TV-nin yayıma başlamasının bir illiyinə həsr olunmuş verilişdə deyib.

Cəmiyyətdə xəbər aclığı olduğunu bildirən holdinq prezidenti televiziya konsepsiyası üzərində düşünən zaman əsas hədəf kütləni necə seçdiklərini açıqlayıb: “Bizim hədəflədiyimiz kütlə indiki Azərbaycan televiziyalarına baxmayan kütlə idi. İnternetdə konkret olaraq auditoriyanı müəyyənləşdirmək daha asandır. Azərbaycan tamaşaçısının şou istədiyi iddiasına qatılmıram, tamaşaçıya ciddi xəbərlər, ciddi proqramlar təqdim etmək lazımdır. Həm də televiziya kollektiv işidir, biz də kollektiv olaraq ortaya yaxşı iş qoyduq. Ümid edirəm ki, tezliklə peyk yayımına çıxmağı bacaracağıq. Bu gün APA TV ilə əməkdaşlıq etmək istəyən beynəlxalq təşkilatlar var, tarixi səpgidə verilişlər etmək planlarımız var, əsas hədəflərimizdən biri bölgələrə çıxmaq olacaq. Mən APA TV-də müzakirə proqramlarının daha çox olmasını istəyirəm”.

Vüsalə Mahirqızı APA TV-də yayımlanan ayrı-ayrı proqramlarla bağlı fikirlərini də bölüşüb: “Sosium” interaktivliyi ölçmək üçün ən yaxşı verilişdir. Maarifləndirici proqramdır, bir vətəndaş kimi mən də suallarıma cavab tapıram. Natiqin “Növbətçi hissə” verilişində həm də müzakirə var. “İlqar Rəsul və...” proqramının heç bir buraxılışını ötürmürəm. “Kimsən sən” məncə, orijinal layihədir. “Panoram”, “Sosium”, “Öncə sağlıq”, “Ana xəbər” və “Manşet”in hər buraxılışına baxıram. Bilirsiniz, televiziya işi çətin işdir, tamaşaçı texniki işləri görmür.

 

Operatorlar bəzən elə şeyləri tuturlar ki... “Sözsüz”ə baxanda elə kadrlara rast gəlmək olur ki, heyrətlənirsən. Uğurlarımızdan biri canlı yayımın olmasıdır. Televiziyada ən vacib şərtlərdən biri efirin arxasında olanlarla ön sırada olanlar arasında bir bağ olmalıdır”.

Vüsalə Mahirqızı bildirib ki, hazırda APA TV-də tükənmişlik sindromu olan layihə yoxdur: “Bəzi verilişlər uzun illər getməlidir, amma əsas prinsipimiz bu olacaq - xəbəri şouya dəyişməyəcəyəm”.

Müəllif | Apa.Tv