Arzu Yusifova: ““Hepatit B” virusu gizli yaşayan bir xəstəlikdir”


Azərbaycanda təkcə bir gün ərzində 3 nəfərdə “Hepatit B” virusu aşkarlanıb. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı, Respublika Diaqnostika Mərkəzinin şöbə müdiri Arzu Yusifova deyib.

Respublika Diaqnostika Mərkəzində artıq 3-cü gündür ki, pulsuz laborator analizlər aparıldığını vurğulayan şöbə müdiri deyib ki, əvvəlcədən vəd edildiyi kimi, mərkəzdə bu aksiya iyunun sonuna kimi davam edəcək: "Müraciət edənlər var. Yaxşı olardı ki, hər kəs bu fürsətdən istifadə etsin. “Hepatit B” virusu gizli yaşayan bir xəstəlikdir. Ümumiyyətlə “Hepatit B” və ya “Hepatit C” heç bir əlaməti olmadan uzun illər orqanizmdə qalır. Ona görə də müayinə vacibdir. Adətən Azərbaycanda kimsə qan qusandan sonra biz həkimlərə yaxınlaşırlar. Onda da xəstəlikdən qurtulmaq həm maddi, həm də tibbi müdaxilə baxımından çətin olur".

Gələn aydan etibarən “Hepatit C” virusu ilə də bağlı pulsuz aksiya təşkil oluna biləcəyini deyən Arzu Yusifovanın sözlərinə görə, buna səbəb son illər Azərbaycanda bu virusun geniş yayılmasıdır: "Ümumdünya Səhiyyə Təşkilatının hesabatında Azərbaycan bu virusların inkişaf etdiyi ölkələr sırasındadır. Deməli, tədbirli davranmalıyıq. Hər bir kəs bu viruslarla bağlı mütləq müayinələrdən keçməlidir. Artıq “Hepatit B” ilə bağlı pulsuz müayinə şəraiti yaradılıb. Vaxtı olmayanlar sonradan müxtəlif səhiyyə ocaqlarında pullu müayinədən çəkinməməlidir. Qiymətlər o qədər də baha deyil. Hər bir virus üzrə müayinə təxminən 20 manatdır. Sonradan küllü miqdarda vəsait xərcləməmək və daha da ciddi təhlükə ilə üzləşməmək üqçün vaxtında müayinə edilmək lazımdır".

“Hepatit B” virusuna qarşı peyvənd heç vaxt gec deyil. Arzu Yusifovanın sözlərinə görə hər bir vətəndaş istənilən vaxt peyvənd oluna bilər : "Vaxtında “Hepatit B” virusuna qarşı peyvənd edilən uşaqlarda bu virusa yoluxma riski çox aşağıdır. Əgər kimsə uşaq vaxtı bu virusa qarşı peyvənd olunmayıbsa, yenə də gec deyil. Müəyyən apteklər var ki, orada bu peyvəndlər satılır. Özəl klinikalarda da bu imkanlar var. Əlbəttə ki, onlar bunu həkim məsləhəti ilə həyata keçirməlidirlər".

“Hepatit B” virusu aşkarlanan insan təşvişə düşməməlidir. Mütəxəssis bildirib ki, hər “Hepatit B” aşkarlanan xəstənin müalicə olunması vacib deyil: "Bəzilərində bu xəstəlik passiv şəkildə davam edir. Ona sadəcə qabaqlayıcı tədbirlər görmək lazımdır. Bu, çox asan başa gəlir. Kəskin “Hepatit B” viruslarında isə biz 3 aylıq müalicə yazırıq. Amma analizlər baha olduğundan 6 aydan bir də müayinə oluna bilərlər. Amma bu ay ərzində Respublika Diaqnostika Mərkəzində müayinə pulsuz olduğu kimi, lazımi müalicə üsulları da pulsuz təşkil olunur".

Müəllif | Apa.Tv