Abil Bayramov: “Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır”
“Bələdiyyələrin ərazilərinin böyüdülməsi müsbət addım olsa da, köklü bir dəyişiklik deyil. Bu gün Azərbaycan bələdiyyələrinin çoxsaylı problemləri var və bu problemlər illərdir həllini tapmır”. Bu fikirləri APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov deyib.
Onun sözlərinə görə, bələdiyyələrə konkret səlahiyyətlər və maliyyə resursları verilmədiyi təqdirdə bələdiyyə lazımı imkanları olan bir quruma çevirilməyəcək: "Bələdiyələrin böyüdülməsi müsbət addımdır. Gələcəkdə infrastruktur vahidliyi yarana bilir. Bu proses davam etməlidir. Amma eyni zamanda digər islahatlar da aparılmalı, bir sıra dünya təcrübələrindən istifadə edilməlidir. Bələdiyyələrə qazanc əldə etmək üçün imkanlar yaradılmalı, vəzifələr verilməlidir”.
Bələdiyyələrin böyüdülməsinin özünüidarəetmə sistemin effektivliyinə gətirib çıxarmayacağını deyən Abil Bayramov hesab edir ki, ən vacib addımlardan biri icra hakimiyyəti ilə bələdiyyə arasında imkanların bölüşdürülməsi olardı: "Bu gün çox şey icra hakimiyyətlərinin əlindədir. Amma imkanlar bölüşdürülsə, bələdiyyələrə ciddi səlahiyyətlər verilsə, bu, köklü dəyişiklərə səbəb ola bilər”.
Bələdiyyələrlə bağlı daha bir qanun layihəsinin artıq müzakirə mərhələsində olduğunu bildirən Abil Bayramov deyib ki, yeni qanun layihəsi qəbul olunarsa, bələdiyyələrin maliyyə imkanları genişlənəcək: "Bələdiyyələrə məqsədli maliyyənin verilməsini nəzərdə tutan bu qanun layihəsi qəbul olunarsa, bələdiyyələr bir sıra işlər görə bilərlər. Bundan əvvəl Azərbaycanda məqsədsiz transferlər var idi. Amma gedişat göstərir ki, bələdiyyələr üçün məqsədsiz transferlərin də təkmilləşdirilməsinə ehtiyac var".
“Bölgələrə nisbətən paytaxt bələdiyyələrinin vəziyyəti yaxşıdır” fikirləri ilə qəti şəkildə razılaşmayan Abil Bayramov bunu aldadıcı görüntü kimi izah edib: "Çoxları belə düşünür. Amma bu görüntü aldadıcıdır. Belə təsəvvür ilk növbədə əhalinin çox olması ilə bağlıdır. Əsilində problemlər yetərincə çoxdur. Çünki mövcud imkanlara görə bələdiyyələrə səlahiyyətlər verilməyib. Bu gün insanların da bələdiyyələrə inamı qalmayıb. İş görə bilməyən bələdiyyəyə kim inana bilər ki? Faktiki olaraq bir çox bələdiyyələr fəaliyyətsiz durumdadırlar. Ona görə də bələdiyyələrin səlahiyyətləri artırılmalıdır".