Eskpert: “Heç bir sürücüyə iki radar arasında sürət həddini aşmağa görə protokol yazıla bilməz”
Ölkədə “ağıllı radarlar” olsa da, heç bir sürücüyə iki radar arasında sürət həddini aşmağa görə protokol gələ bilməz. Bu fikirləri APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib.
Mayın 26-da prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən danışan mütəxəssis bildirib ki, bu dəyişikliklər arasında ən maraq doğuran sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimənin 30 manatdan 10 manata endirilməsidir: “Ola bilsin ki, kimlərsə buna sevinsin. Amma burada bəzi məqamlar var ki, çox adam bilmir. Məsələn, indiyə kimi radarlar 60 kilometr olan yolda 80 kilometrdən yuxarı sürəti qeydə alırdı. Yəni 10-20 sürət həddini yol polisi qeydə almırdı. İndi isə DYP qarşısında vəzifə qoyulub ki, bütün qayda pozuntularını qeydə alsınlar. Sürücülər buna sevinməməlidir, sadəcə intizamlı olmalıdır. Əgər bütün yollar radar nəzarətinə götürülsə, təsəvvür edin, başlanğıcda hər sürücü gündə 10 pozuntuya yol vermiş olacaq ki, bu da qeydə alınacaq".
Azərbaycanda “ağıllı radarlar” istifadəyə verildiyi barədə məlumatları əsassız hesab edən Ərşad Hüseynov bildirib ki, əslində “ağıllı radarlar” olsa da, onlardan lazımı səviyyədə istifadə olunmur: "Deyirlər ki, guya yollarda quraşdırılan radarlar iki radar arasındakı məsafəni hesablayıb, orta sürət çıxarıb, cərimə yazır. Bu yalandır. O radarlarda sözügedən imkan olsa da, qanunvericilikdə bu nəzərdə tutulmadığından, heç bir sürücüyə iki radar arasında məsafəni aşmağa görə cərimə gələ bilməz. Gələrsə, bu, ciddi qanun pozuntusudur."
Ərşad Hüseynovun ən ciddi iradlarından biri radarların düzgün işləməməsi ilə bağlı olub: "Radarlar bəzən düzgün işləməyə bilər. Çünki vaxtında və düzgün təmizlənmir, bu səbəbdən sürəti düzgün qeydə ala bilmir. 70 sürəti 90-100 qeydə alır. Elektron radarlarda səhvlər daha çox ola bilir, optik radarlarda isə daha az. İki aydan bir tənzimlənmə aparılmalıdır. Məndə olan məlumata görə, əvvəllər o radarların heç birinin sertifikatı da yox imiş. Amma son məlumata görə artıq bütün radarlar sertifikatlaşdırılıb".
Dəyişiklərdən biri də qaydanı pozan sürücünün DYP orqanına çağırılmasının istisnasız qadağan edilməsidir. Ərşad Hüseynovun sözlərinə görə, bir çox sürücü bu dəyişikliyi yanlış başa düşüb: "Bəzi sürücülər elə zənn edir ki, yol polisi daha onları saxlamayacaq. DYP-yə çağırılmaq başqa, yol polisi tərəfindən saxlanmaq başqa. Əgər sürücü DYP əməkdaşının gözü qarşısında qaydanı pozarsa, əməkdaş sürücünü saxlaya bilər. Amma protokol yaza bilməz, sadəcə izahat işi apara bilər. Sürücü qayda pozuntusunu etiraf edirsə, protokol bağlanır, protokol dərhal DYP maşınının bortunda yerləşdirilən sistemlə mərkəzi sistemə ötürür. Mübahisəli halda isə görüntülər idarədə araşdırılır. Amma sürücü bu araşdırmada iştirak etmirsə, bu necə araşdırılacaq? Baxın, bu çox qaranlıq məqamdır. Hesab edirəm ki, biz burada bir boşluq tapdıq".
Avtomobil etibarnamə ilə satıldıqdan sonra köhnə borcların müxtəlif yerlərdə ödənilməsinə gəlincə, Ərşad Hüseynov bildirib ki, bu hallar ümumiyyətlə yığışdırılır. Bundan sonra bütün cərimələri bir yerdə ödəmək mümkün olacaq: "Cərimələrin hamısı vahid məlumat mərkəzində yerləşdirilir və qaydalara görə istənilən yerdə cərimələri ödəmək olar. Yəni Bakı sakini Qazaxda yol pozuntusuna görə cəriməni ödəmək üçün Qazaxa getməməlidir. Burada məntiq yoxdur. Cərimələrin ödənilməsi prosesinin “Asan Xidmət”ə verilməsi cərimələrin ödənilməsini asanlaşdırır. Hər sürücünün adına “Asan Xidmət”də hesab açılacaq, cərimə ilə bağlı məlumat ona mesajla göndəriləcək. Amma burada daha bir problem var. Qanun qüvvəyə minsə də, onun praktiki tətbiqi mümkün deyil, çünki “Asan Xidmət” hələ elektron kabinetlərin hazırlanması prosesini başa çatdırmayıb. Halbuki dəyişikliklər mayın 27-dən qüvvəyə minib. Texniki problemlər həll edilmədən dəyişiklərin rəsmi şəkildə qüvvəyə minməsi düzgün deyil".
Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının 20-yə qaldırılmasına toxunan Ərşad Hüseynov deyib ki, bu məsələ sürücülərdə müəyyən bir arxayınlıq yaradacaq: "Azərbaycanda qayda pozuntusuna görə maksimum bal 4 baldır. Bu o deməkdir ki, sən il ərzində 4-5 dəfə belə pozuntuya yol verə bilərsən. Məncə, bu, intizamsız sürücüləri arxayın salacaq, onların xeyrinə olan məqamdır. Onu da deyim ki, bu yaxınlara kimi cərimə ballarının ümumiyyətlə ləğv edildiyi barədə şayiə yayılmışdı. Mən bu şayiəni aydınlaşdırmaq üçün rəsmi müraciət etdim. Deyirlər ki, Rusiyada bal yazılmır. Rusiyada yoxdur, deyə bizdə də olmamalıdır? Keçən il Rusiyada tətbiq etmək istədilər, amma Dumada müzakirələr zamanı texniki problemlər çıxdı. DİN-ə tapşırdılar ki, get, bu problemi get həll et, sonra bal sistemi tətbiq edək”.
Dəyişiklərdən biri də 20 cərimə balı toplandıqda sürücülük hüququnun əvvəlki kimi 2 aydan 1 ilədək yox, konkret olaraq 6 ay müddətinə məhdudlaşdırılmasıdır. Ərşad Hüseynov bunu ədalətli qərar hesab edir: "Bir sürücüyə 2 ay, digərinə 1 il məhrumetmə cəzası tətbiq etdikdə düşünülürdü ki, ortada korrupsiya faktı var. Ona görə konkret olaraq 6 ay müddətinin tətbiqi daha məqsədəuyğundur. Cərimələrə görə dəbbə pulunun aşağı salınması da müsbət haldır. Bundan sonra cərimələrin ödənilməsi gecikdikdə, hər gün üçün əlavə olunan dəbbə pulu 2 faizdən 1 faizə endirilir. Əvvəllər cəriməni ödəməyəndə 3 aya cərimənin üzərinə 180 faiz gəlirdi. İndi bu artım 60 faizdən artıq ola bilməyəcək”.
Cəriməni ödəyərkən 10 faizlik istifadə müddətinin 3 gündən 5 günə qaldırılmasına gəlincə, mütəxəssis bildirib ki, bu müddət bir qədər də artırılmalıdır: “Düzdür protokol 10 gündən sonra qüvvəyə minir, 5 gün həmin 10 gündən sonra hesablanır. Amma bu möhlət bir qədər də artırılsa, yaxşı olar".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən əsas dəyişikliklər bunlardır:
1. Qayda pozan sürücünün hər hansı DYP orqanına çağırılması istisnasız olaraq qadağan edilir.
2. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 20-yə qaldırılır.
3. 20 cərimə balı toplandıqda sürücülük hüququ əvvəlki kimi 2 aydan 1 ilədək yox, konkret olaraq 6 ay müddətinə məhdudlaşdırılır.
4. Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 faizdən 1 faizə endirilir.
5. Cəriməni ödəyərkən 10 faizlik güzəştdən istifadə müddəti 3 gündən 5 günə qaldırılır.
6. Sürət həddinin 10-20 km/saat aşılmasına görə cərimə 30 manatdan 10 manata endirilir.