Ekspert: "Dünyada mövcud olan qurğu ilə istənilən yerdə süni qasırğa yaratmaq mümkündür"

“Azərbaycanda baş verən təbii fəlakətlər barədə əhaliyə vaxtında xəbərdarlıq edilsə, dəyən ziyanı 40-50% azaltmaq olar. Amma təəssüf ki, xəbərdarlıqlar və maarifləndirmə işi zəif aparırılır”. Bu fikirləri APA TV-də yayımlanan "Sosium" verilişində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyib.

 

Onun sözlərinə görə, Azərbaycanda hava proqnozları 60-70 faiz düz çıxsa da, problemlər var: "Ola bilsin ki, Gəncədəki güclü külək və Daşkəsəndəki dolu ilə bağlı məlumat verilsin. Amma bu məlumatlar sıradan bir məlumatlar idi. Yəni, həyəcan doğurmurdu. Nəticə göz qabağındadır. Məsələn ötən gecə Bakıda təxminən 10-15 dəqiqə leysan oldu. Bax, bu haqda hava proqnozu yox idi. Niyə?"

 

Ekoloqun fikrincə, hava dəyişikliyi ilə bağlı əhaliyə vaxtında məlumat verilmədiyi, maariflənmə aparılmadığı təqdirdə baş verən təbii fəlakətlər kənd təsərrüfatını iflic edəcək ki, bu da gələcəkdə ölkədə qıtlıq yaradacaq: "Hava haqqında məlumat dəqiq olarsa, əhali əvvəlcədən zərərin qarşısını qismən alacaq. Maariflənməyə gəldikdə isə çox az adam bilir ki, təbii fəlakətlər zamanı nə etmək lazımdır. Bu maariflənmənin zəif aparılmasından irəli gəlir. Təbliğat gücləndirilməlidir".

 

Telman Zeynalov indiki zamanda dəqiq proqnoz verməyin mümkün olmadığını da deyir. Onun fikrincə, buna səbəb təbii fəlakətlərin əslində süni fəlakət olmasıdır: "Bu gün dünyada elə bir qurğu var ki, istənilən yerdə, istənilən zamanda süni qasırğa yaratmaq mümkündür. Bu amerikalıların əlindədir, onlar bu üsulla dünyanı idarə edirlər. Ola bilsin ki, son dövrlər Azərbaycanda gedən inkişaf onların xoşuna gəlməsin və bu səbəbdən bizi hədəf seçsinlər. İnandırıcı gəlməsə də, dünyanı idarə edən adamlar var və onlar dünya əhalisinin sayını azaltmaq üçün hər yola əl atırlar".

 

Verilişə telefonla qoşulan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva isə bildirib ki, dünən ölkənin qərb rayonlarında gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilmişdi: "Biz hələ iyunun 7-də xəbərdarlıq vermişdik ki, belə hava şəraiti olacaq. Bizim xəbərdarlıqlarımızın hamısında güclü külək və yağışın olacağı öz əksini tapmışdı. Ancaq indi bu prosesin müddəti bir qədər də uzanıb".

 

Xatırladaq ki, Azərbaycanda qeyri-sabit hava şəraitinin hələ bir müddət davam edəcəyi, güclü külək əsəcəyi, leysan yağacaq və hətta bəzi yerlərdə  dolu düşəcəyi gözlənilir. Ölkə ərazisində qeyri-sabit sabit hava şəraitinin iyunun 14-dək davam edəcəyi proqnozlaşdırılır.

 

Müəllif | Apa.Tv