Mənsur Piriyev: “FHN-nin nəzarətində olan çimərliklərdə son 3 ildə 1 nəfər belə batmayıb”

“Fövqəladə Hallar Nazirliyinin nəzarətində olan çimərliklərdə 3 il ərzində 1 dəfə də olsun suda batma faktı qeydə alınmayıb. Belə hadisələr əsasən qeyri-çimərlik ərazilərində və əyləncə mərkəzlərində baş verir”. Bu barədə APA TV-də yayımlanan “Sosium” verilişində Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat-təşkilat şöbəsinin müdiri Mənsur Piriyev bildirib.

Onun sözlərinə görə, ötən il ölkənin qeyri-çimərlik sahələrində 55 nəfər ölüb, 265 nəfərin həyatı isə xilas edilib: "İstirahət obyektlərinin artması çimərliklərdə təhlükəsizliyin gücləndirilməsini tələb edir. Çünki təhlükəli vəziyyətlərin yaşandığı ərazilər əsasən əyləncə mərkəzlərinin tabeliyindədir. Bəzən əyləncə mərkəzlərində çoxlu əyləncə texnikaları olmasına baxmayaraq, bir dənə xilasetmə qayığına rast gəlmək olmur. Belə istirahət məkanına gələnlər bilməlidirlər ki, dənizə girmək onlar üçün təhlükəlidir, əgər xüsusi sərhədlər və xilasedicilər yoxdursa, ərazi qayalıqdırsa, ümumiyyətlə suya girilməməlidir".

Xilasedicilər valideynlərdən də şikayətçidir. Mənsur Piriyevin sözlərinə görə, dənizdə boğulan uşaqlar arasında valideyn nəzarətindən kənarda qalanlar çoxluq təşkil edir: "Valideynlər uşaqları nəzarətsiz qoymamalıdır. Bəzən olur ki, valideynlərin başı özlərinə qarışır, uşaqların hara getdiyinə fikir vermirlər. Çimərlikdə xüsusi lövhələr var. Təhlükəli yerlər, üzmək yerləri və s. göstərilir. Bəzən elə olur ki, valideynlər və cavan adamlar nəinki buna əməl etmir, həm də nəzarətçilərin xəbərdarlığına fərqli reaksiya verirlər".

Qeyri-çimərlik sahələrində baş verən hadisələrin qarşısını almaq üçün xidmət bir sıra qurumlarla əməkdaşlığa başlayıb. Mənsur Piriyev bildirib ki, son illər yerli icra orqanları ilə aparılan işlər nəticəsində qeyri-çimərlik ərazilərində nəzarət gücləndirilib: "Dövlət Sularda Xilasetmə Xidmətinin şəxsi heyəti mayın 23-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu ildən başlayaraq qadağan olmuş çimərliklərdə nəzarət daha da gücləndiriləcək".

Mənsur Piriyevin sözlərinə görə, Dövlət Sularda Xilasetmə Xidmətinin bir neçə tələb və qadağası da var: "Qadağan olunmuş yerlərdə çimmək, çimərliklərdə spirtli içki içmək, sərxoş halda suya girmək, uşaqları nəzarətsiz buraxmaq, dənizdə xüsusi işarələnmiş həddi keçmək, texnikaya yaxınlaşmaq, balıq ovlamaq, qaranlıq vaxtı suya girmək olmaz. Ola bilsin ki, gələcəkdə bu qadağalara əməl etməyən adamlar cərimələnsin. Çimərliklərin istismar qaydalarının hazırlanması nəzərdə tutulur. Xilasedicilərə tabe olmayan, üzmə sərhədlərini keçənlər cərimələnə bilər”.

Mənsur Piriyev əlavə edib ki, bu mövsüm xidmət 400-dən artıq şəxsi heyəti və 200-ə yaxın xilasetmə texnika və avadanlıqları ilə baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.

Müəllif | Apa.Tv