Günel Eyvazlı: “Azərbaycan Cənubi Koreyanın təhsil təcrübəsindən bəhrələnməlidir”
“Azərbaycanın təhsil sistemində zaman-zaman baş verən dəyişiklər siçan üzərində aparılan təcrübəyə bənzəyir”. Bu sözləri APA TV-də yayımlanan "Sosium" verilişində təhsil üzrə ekspert Günel Eyvazlı deyib.
Onun sözlərinə görə, müstəqillikdən bəri baş verən dəyişiklər əslində xeyrimizdən çox ziyanımıza işləyib: "Biz çoxsaylı dəyişikliklər baş verən dövrdə təhsil aldıq. Əlifba dəyişdi, dərs sistemi dəyişdi, sinifləri təmayülə böldülər, kurrikulum sisteminə keçdilər, Boloniya sistemi tətbiq etdilər, ömrü boyu məntiq keçməyəndən məntiq imtahanı götürdülər və daha nələr, nələr. Sanki biz laboratoriya siçanı kimi təcrübə masası üzərindəyik. Belə təcrübələr insanları geriliyə aparır. Avropa və rus təhsili inkişaf edir, amma bizdə bu müşahidə olunmur".
Təhsillə bağlı bir sıra yazıların müəllifi olan Günel Eyvazlı müəllimlərin and içmə məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, onsuz da formal xarakter daşıyacaq bu andiçmə heç bir halda tərbiyəedici olmayacaq: "Problemin haradan qaynaqlandığını hər kəs çox gözəl bilir. Sadəcə müəllimlərin maaşlarını qaldırmaqla “Müəllimlərin etik davranış qaydaları”nda öz əksini tapan tələblər avtomatik yerinə yetiriləcək. Andiçmənin bir anlamı yoxdur. Hər kəsin həm də daxili etikası var. Heç bir müəllimə xoş deyil ki, şagirdindən pul istəsin. Demək ki, onlar dolanışıq üçün buna məcburdurlar. Yaxşı əmək haqqı versələr, heç bir müəllim rüşvət almaz. Andiçmənin nəyəsə xidmət edəcəyinə inanmıram. Hippokrata da kifayət qədər and içən və işini yerinə yetirməyən həkimlərimiz var".
Ekspertin fikrincə, Azərbaycan təhsil üslubu ümumiyyətlə dəyişməli və Cənubi Koreya kimi ölkələrin təhsil təcrübələrindən istifadə edilməlidir: "60-cı illərə qədər kasıb ölkə kimi tanınan, iqtisadiyyatı iməkləyən Cənubi Koreya dövləti təhsil və elm sayəsində möhtəşəm bir sıçrayış etdi. Cənubi Koreyada 4 yaşdan kadr hazırlığına başlanılır. Bizdə isə 11-ci sinifdən sonra hamı ali məktəbə meyl etməyə başlayır. Bu, gecikmiş bir addımdır. Sonra da deyirlər kadr çatışmazlığı var və ya kadrlar iş tapmaqda əziyyət çəkirlər. Cənubi Koreyada dövlət kadrları hələ orta məktəbdən seçir".
Günel Eyvazlı hesab edir ki, test üsulu gəncləri dərindən sevmədiyi sahələrə meylləndirir: "Hər bir ali məktəb özü imtahan etməlidir. Belə daha yaxşıdır ki, adamlar hara can atdığını bilir. Yoxsa indiki kimi siyahı tuturlar ki, bəxtim hara gətirsə, orada oxuyaram. Nəticə göz qabağındadır. Görün nə qədər yerində olmayan insan var".
Ekspertin fikrincə, dərsliklərdə də ciddi problemlər var: "Məsələn, ibtidai sinif kitablarında vətənpərvərlik mövzuları zəifdir. Var, amma oxuyanda görürsən ki, tutarlı deyil, zəif yazı üslubundan ibarət materialdır. İfratçılıqla vətəni sevmək olmaz. Bu natamamlıq deyil? Bu gün ailədə uşağın bəxti gətirməyibsə, təhsil də onun həyatında heç nəyi dəyişməyəcək. Sovet təhsil sistemi Sabiri bizə necə öyrədirdisə, bu gün də elə öyrədirlər. Məsələn rus Sabirin dili ilə başa salırdı ki, baxın, siz belə savadsız, nadan olmusunuz, amma biz sizə təhsil gətirmişik. İndi də həmin siyasət qalıb. Bütün bunlar dəyişməlidir".