Ekspert: “Azərbaycanda təkuşaqlı ailələrin sayının artması ciddi demoqrafik problem yarada bilər”
«Azərbaycanda yetkinlik yaşına çatmayanlar arasında abortların sayının artmasının əsas səbəbkarı valideynlərdir”. Bu fikirləri APA TV-də yayımlanan "Sosium" verilişində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
Onun sözlərinə görə, bu yaş qrupunda bəzən fiziki sağlamlıq imkan vermədiyindən hamiləliklər yarımçıq qalır ki, bu da abortların sayına təsirsiz ötüşmür: "Ümumiyyətlə son illər abortların sayı artıb. Bu, bütün dünyada belədir. Əgər 2011-ci ildə Azərbaycanda 27 790 abort qeydiyyata alınmışdısa, 2012-ci ildə bu rəqəm 31 038-ə çatıb. 15-17 yaş qrupunda isə abortların sayı isə azalıb. 2011-ci ildə 135 fakt idisə, 2012-ci ildə cəmi 63 belə fakt olub. 2013-cü ilin statistikası isə hələ açıqlanmayıb".
Komitənin baş məsləhətçisi abortların artmasının gələcəkdə demoqrafik problem yaradacağını da istisna etməyib: "Hələ də Azərbaycanda selektiv abort problemi var. Bu istiqamətdə dövlət səviyyəsində bir sıra işlər görülür. Bu yaxınlarda prezidentin sərəncamı ilə xüsusi dövlət proqramı təsdiq olunub. Ciddi siqnallar var. Bu gün Azərbaycanda bir uşaqlı ailələrin sayı artır. Əgər 1999-cu ildə bir uşaqlı ailələrin sayı 22.5 % idisə, 2009-cu ildə bu göstərici 30.1% olub. Çox uşaqlı ailələrin sayı isə ildən ilə azalır. Ciddi problemlərdən biri də azuşaqlı ailələrdə oğlan uşaqlarının üstünlük təşkil etməsidir. Hesab edirəm ki, selektiv abortların sayına təsir etmək üçün bir qədər də maarifləndirmənin gücləndirilməsinə ehtiyac var".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mətbuatda gedən bəzi yazı başlıqlarından da narahatdır. Aynur Veysəlova abortlar arasında yetkinlik yaşına çatmayanların olması faktının bəzi saytlarda çox əcaib başlıqlarla təqdim olunduğunu deyib: "Çox biabırçı şəkildə təqdim edirlər. Bir sayt yazıb ki "Məktəblilərin abort məcarası". Bu qəti şəkildə yolverilməzdir. Cəmiyyətdə kimsə bunu yanlış anlaya bilər. Qız övladını sıxışdıra bilər. Bu abortların məktəbə nə aidiyyəti var. Düzdür, maariflənmədə KİV-nin rolu böyükdür. Amma belə şeylərə yol verməməlidirlər".
Komitə rəsmisi bildirib ki, əsilində problem fərdi və individualdır: "Demək olmaz ki, abortlar konkret bir səbəblə bağlıdır. Kimisi planlaşdırılmamış uşaqdan qaçır, kimi yoxlama zamanı uşağın qız olduğunu bilib aborta gedir, kimisi də təsadüfü bir münasibətin qurbanı olur. İstənilən halda hər kəs bilməlidir ki, qadın bu yolu seçməklə həyatını riskə atır. Hər il dünyada 70 min qadın abort nəticəsində dünyasını dəyişir. Hesab edirəm ki, Azərbaycanda cinsi reproduktiv sağlamlıq mədəniyyətinə nail olmasaq, vəziyyət dəyişməyəcək".
Aynur Veysəlovanın fikrincə, bu gün Azərbaycan qadını aborta təhrik olunduğu barədə şikayət etməyə də hazır deyil: "Çox təəssüf ki, bu belədir. Çoxları üzə çıxmır. Çünki bıçaq altına girən qadınlar da susurlar. Sadəcə həkimlər bu məsələdə məsuliyyət daşıyır. Əslində cəzaların sərtləşdirilməsinə elə də ehtiyac yoxdur. Çünki hazırda belə cəza mexanizmi var, sadəcə bu mexanizm işləməlidir. Hazırkı qanunlar, cəzalar həyata keçirilsə, bu, hamıya nümunə olar. Yaxşı olardı ki, klinikalarda həm qadın, həm də onun həyat yoldaşı ilə maarifləndirici söhbətlər aparılsın. Ən əsası cinsi nisbət tarazlığını qorumaq lazımdır".