Ruslan Atakişiyev: “Bankların müştərilərə təklif etdiyi ödəmə kartlarında fırıldaqlar mövcuddur”
“Bankların müştərilərə təklif etdiyi ödəmə kartlarında fırıldaqlar mövcuddur. Banklar xüsusi ilə savadsız müştərilərdən sui-istifadə edir". Bu fikirləri APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı ekspert Ruslan Atakişiyev bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda əksər əhali bu kartların mahiyyətini anlamadığına görə bankların fırıldaq imkanları genişlənir: "Bu kartlar inkişaf etmiş ölkələrdə olduğu kimi aşağı faizlərlə verilmir. Əksər ölkələrdə kredit kartların aylıq faizi 0,05 faizdir. Azərbaycanda isə bu iki-üç dəfə çoxdur. Bundan əlavə bəzi banklar müştərinin xəbəri olmadan ona faiz yükləyir. Hər halda belə hadisələrə rastlaşan adamlar var. Müştəri duyuq düşməyənə qədər əlavə olunmuş faizlər onun cibindən çıxır. Bütün bunlar kart sahiblərinin məlumatsızlığından irəli gəlir".
Ruslan Atakişiyev hesab edir ki, banklar bu kartlardan istifadə qaydaları haqda müştərilər doğru dürüst məlumatlandırmaqda maraqlı deyil: "Yalnız müsbət tərəflərini danışırlar. Faktiki olaraq əhalinin böyük bir qisminin məlumat və bilik səviyyəsi aşağıdır. Banklar özünə müştəri cəlb etmək üçün əlbəttə ki, bu xidməti tərifləyir. Bu kartların ay ərzində adamın əlindən necə tutduğunu, nə qədər faydalı olduğunu, hər zaman əl çatan olduğunu öyrədir. Amma izah etmirlər ki, bu puldan çox istifadə etdiyiniz təqdirdə nə baş verəcək. Təhlükəli tərəfləri öyrətmirlər. Qarşısındakı adamın məlumatsız olduğunu görüb, kiçik həriflərlə yazılmış müqavilə kağızlarına sadəcə imzalar atdırılar. Müştəri heç bilmir hara və niyə imza atır. Nəticədə bir balaca problem yaranan kimi "başı ağrıyan tərəf" müştəri olur. Bundan əlavə banklar müştərilərin ödəmə qabiliyyətini də çox zaman nəzərə almır".
"Sizcə Azərbaycanda əhali bu kartları hansı məqsədlə alır? Elektron xidmətlər üçün, yoxsa nağd pul çıxarmaq məqsədi ilə?" suallarına iqtisadçının cavabı belə olub: "Əslində bu kartların mahiyyəti elektron xidmətlərin ödənilməsidir. Amma təəssüflər olsun ki, bu gün əhalinin bir çoxu ödəmə kartlarını heç də bu məqsədlə əldə etmir. Pensiya, maaş kartlarından necə istifadə edirlərsə, bu kartlardan da elə yararlanırlar. İçində nə qədər pul varsa, onu çıxarırlar və ayın axırında götürdükləri pulu, onun faizini qaytara bilməyəndə bankla problemlər başlayır. Yəni əslində bu kartlardan müştərilər də düzgün istifadə etmirlər".
Mütəxəssis hesab edir ki, ödəmə kartları ilə bağlı vəziyyət getdikcə daha problematik xarakter alır və Türkiyədə baş verənlərin burada da təkrarlanması ehtimalı artır: "Azərbaycanda kredit kart sistemi son iki ildə tətbiq olunmağa başlayıbsa, bu təcrübə Türkiyədə on ildir. Onlarda artıq problemlər daha dərindir. Bu kartların mahiyyəti istehlakın artırılmasıdır. Amma Türkiyədəki kimi bizdə də əhali bu kartlardan kredit kimi istifadə edir. Ən yaxşı halda sadə vətəndaş alış-veriş zamanı kartla hər şeyi alacağını düşünür. Lakin həmin vəsaitə qənaətlə yanaşmaq lazımdır. Elə bu cür davranışlara görə Azərbaycanda problemli kart sahiblərinin sayı günü gündən artır".