Elnur Əlizadə: “Təhsil Nazirliyi yay düşərgələrinin bərpa olunmasını istəyir”

“Təhsil Nazirliyi sovet dövründə mövcud olan yay düşərgələri yenidən bərpa olunmasını və vahid mərkəzdən idarə olunmasını istəyir”. Bu fikirləri APA TV-də efirə gedən "Sosium" verilişində Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi uşaqların yay istirahət düşərgələrinin salınması üçün bir neçə planı nəzərdən keçirir: "Bunun üçün bəzi ölkələrin təcrübəsini gözdən keçiririk. Onların sırasında sovet dövründə olan sistem də var. Amma bir şey var ki, o dövrdə mövcud olan pioner düşərgələri siyasiləşmiş təşkilatın bir qolu idi. Müasir uşaqlar düşərgələri azadlıqların məhdudlaşdırıldığı yer kimi təsəvvür etməməlidir. Ona görə də düşərgə məsələsi tam fərqli şəkildən yenidən qurulmalıdır. Təhsil Nazirliyi bu işi həyata keçirmək üçün hər bir imkana malikdir. Sadəcə problem ondadır ki, o dövrdəki istirahət guşələrinin heç biri hal-hazırda nazirliyin balansında deyil. Deməli, məsələ kökündən həll edilməlidir".

Bu gün Azərbaycanda 7 internat məktəbinin yay dövründə düşərgə rejimində işlədiyini deyən nazirlik rəsmisi bildirib ki, gələcəkdə digər məktəblərdə də bu təcrübədən istifadə olunacaq: "Amma planlarımız daha böyükdür. Həmin 7 internat məktəblərindəki yay düşərgələri daha çox məktəb ərazisi daxildədir. Dörd divar arasından kənara çıxmaq lazımdır. Biz istəyirik ki, uşaqlar bu dövrdən səmərəli istirahət etsin, həm əylənsin, həm gəzsin həm də nə isə öyrənsin. Hər bir şagirdin asudə vaxt hüququ var. Bu gün 400-ə yaxın məktəbdənkənar tədris müəssisəsi var. Hal-hazırda hər rayonda cəmi 1-2 müəssisə ola, ya olmaya...Onların sayını artırmaq imkanları var".

Əslində yay düşərgələrinin təşkili üçün yetərincə problemlər var. Elnur Əlizadə sözlərinə görə, problem təkcə düşərgələrin salınmasında deyil, həm də onu idarə edəcək mütəxəssislərin olmasındadır: "Nəzarət sistemi peşəkar pedaqoqlar tərəfindən həyata keçirilməlidir. Metodistlər, təlimçilər və təşkilatçılar olmalıdır. Etiraf edək ki, bizdə belə peşəkarlar yoxdur. Bunlar hazırlanmalıdır. Düşərgələrdə uşaqların təhlükəsizlik və sağlamlıq məsələsi çox önəmlidir. Biz Təhsil Nazirliyi olaraq buna hazırıq. Hesab edirəm ki, sovet dövründəki kimi maraq doğuran bir neçə düşərgə yarada bilsək, iş adamlarını da bu sahəyə cəlb etmək olar. Düzdür, hazırda kommersiya tipli düşərgələr var. Amma onların sayları çox azdır".
 

Müəllif | Apa.Tv